Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-298/2024 19.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı X2 X4.LTD.ŞTİ-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pulun tutulması; xarici elementli mübahisə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı X2 X4.LTD.ŞTİ-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. 16.03.2021-xx.xx.2022-ci il tarixləri arası dövrdə göndərən (ixracatçı) X2 X4.LTD.ŞTİ tərəfindən malı qəbul edən (idxalatçı) Cavabdeh MMC-yə ünvanlanmış cəmi invoys dəyəri 298785 ABŞ dolları olan məhsullar (dərman xüsusiyyətli müxtəlif çeşidli məhlullar) (göndərən ölkə - Türkiyə) AR-in gömrük sərhədindən keçirilərək Cavabdeh MMC-nin adına rəsmiləşdirilmişdir.
2. 02.09.2021-ci il tarixli -xx.xx.2022-ci il tarixli ödəniş sənədlərinə əsasən Cavabdeh MMC tərəfindən 49.003 ABÇ dolları məbləğində pul vəsaiti X2 X4.LTD.ŞTİ-nin bank hesabına köçürülmüşdür.
3. xx.xx.2022-ci il tarixli nağd ödəniş qəbzindən (elden tahsilat) görünür ki, X2 X4.LTD.ŞTİ-nin səlahiyyətli baş direktoru Ezgi Zeki bildirir ki, firmaları ilə Cavabdeh MMC arasında 2021-ci ildən 2022-ci ilin sonuna qədər həyata keçirilən ticarət ilə əlaqədar 266732 ABŞ dolları ödəniş edilmişdir. Bu mədaxil şəxsən özü tərəfindən, Türkiyədə müxətlif tarixlərdə hissə-hissə olaraq, əldən alınıb mədaxil edilmişdir. Onun və təmsil etdiyi X2 X4.LTD.ŞTİ-nin, Cavabdeh MMC-dən bugün etibarı ilə heç bir alacaq borcu yoxdur. Nağd ödəniş qəbzi (elden tahsilat) Ezgi Zeki tərəfindən imzalanmaqla X2 X4.LTD.ŞTİ-nin möhürü ilə təsdiq edilmişdir.
4. X2 X4.LTD.ŞTİ tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubları ünvanlanaraq 3 gün ərzində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İİ.MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı X2 X4.LTD.ŞTİ-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən satılmış mallara görə yaranmış 266732 ABŞ dolları (453444 manat) (dolların ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) borcun, məhkəməyə ödənilmiş 344 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin tutulub iddiaçı X2 X4.LTD.ŞTİ şirkəti ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 X4.LTD.ŞTİ xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək müxtəlif vaxtlarda Cavabdeh MMC-yə (VÖEN **********, faktiki ünvan Bakı şəhəri, Yasamal rayonu, Tri Korona binası blok 6, yeddinici mərtəbə) ilə əməkdaşlıq edərək aralarında bağlanmış müqavilələrə əsasən toplam 315735 ABŞ dolları məbləğində dərman və kosmetik malları Türkiyə Respublikasından Azərbaycana ixrac etmişlər, bunlar gömrük bəyannamələri ilə təsdiqini tapır. Bütün gömrük bəyannamələrin surətini təqdim etməyə hazırdılar. Cavabdeh MMC məhsulları qəbul etməsinə baxmayaraq həmin mallara görə onların şirkətinə cəmi 49003 ABŞ dolları ödəniş etmiş, qalan 266.732 ABŞ dolları məbləğini (453.444 manat) ödəməmişdir. Bu vaxt ərzində şirkətin rəhbərliyi müxtəlif bəhanələrlə yayınmış telefon zənglərinə cavab verməmişdir. İki ildən sonra isə yenə onlar pulu tələb etmələrinə baxmayaraq cəmiyyət onların pullarını ödəməkdən imtina edir və bildirir ki, o onların pulu hansısa bir adama nağd vermiş və onların şirkətinə heç bir veriləcək vəsaitləri yoxdur. Onlar ona izah edirlər ki, o şirkətin hesabı ola-ola nəyə görə vəsaiti kiməsə nağd ödəməlidir. 266732 ABŞ dolları (453.444 manat) balaca məbləğ deyil ki, onu götürüb cibinə qoya biləsən. Onların şirkəti Türkiyədən çıxan mallara görə vergi və sair hesabatlar verməlidir. Şirkət olaraq onlar maraqlı deyillər ki, onların pulları kiməsə nağd şəkildə ödənilsin və şirkət tərəfindən onların pullarını almaq üçün hər hansı fiziki və ya hüquqi şəxsə etibarnamə verilməmişdir. Gətirilmiş mallara görə onların şirkətə cəmiyyətin hesabından xx.xx.2021-ci il tarixdə 3000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 3150 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 7000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 4930 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 6195 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 5621 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 3900 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 3860 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 2937 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 6410 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 2000 ABŞ dolları, cəmi 49003 ABŞ dolları ödəniş olunmuşdur. Qalan 266732 ABŞ dolları (453.444 manat) borc ödənilməmişdir. Onlar Bakı şəhər prokurorluğuna müraciə etdilər. Prokurorluq onlara xx.xx.2023-cü il tarixli 23-0000-xx-xx-004258 nömrəli məktubla, işin mülki mühakimə qaydasında baxılmasını və yalnız məhkəmə işə baxarkən, prosses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə o, bu barədə xüsusi qərardadla prokurora xəbər verilməsi barədə cavab yazmışdır. İddiaçı pretenziya məktubu göndərmiş və məsələnin mübahisəsiz həlli üçün mediasiya şurasına müraciət etmişdir. Cavabdeh mediasiya sesiyalarında iştirak etməmişdir. 6 saylı Mediasiya təkilatından arayış təqdim etmişdir.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 385.1, 399.1, 442, 448, 567, 570.1 və 597.1-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
8. İddiaya qarşı yazılı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
9. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir.
10. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək müxtəlif vaxtlarda iddiaçıdan aldığı mallara görə bütün ödənişlərin edildiyini və hazırda iddiaçıya hər hansı borcunun olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV.TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının və Türkiyə Respublikasının iştirakçısı olduğu BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Vyana Konvensiyasının 1-ci maddəsinə görə Bu Konvensiya fəaliyyət yerləri müxtəlif Dövlətlərdə yerləşən tərəflər arasında malların alğı-satqı müqavilələrinə aşağıdakı hallarda tətbiq olunur: (a) bu Dövlətlər Razılığa gələn Dövlətlər olduqda; və ya (b) beynəlxalq xüsusi hüququn normaları Razılığa gələn Dövlətin hüququnun tətbiqinə gətirib çıxardıqda. 3-cü maddəsinə görə malları sifariş edən tərəf malların hazırlanması və ya istehsal edilməsi üçün zəruri olan materialların əhəmiyyətli hissəsinin göndərilməsi öhdəliyini öz üzərinə götürmədiyi halda, hazırlanmalı və ya istehsal olunmalı malların göndərilməsinə dair müqavilələr alğı-satqı müqavilələri hesab olunur. Konvensiyanın 53-cü maddəsinə görə alıcı müqavilənin və bu Konvensiyanın tələblərinə uyğun olaraq malların qiymətini ödəməli və onların göndərilməsini qəbul etməlidir.
15. AR Mülki Məcəlləsinin: - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
16. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. - 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: - 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; - 443.1.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. - 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.
17. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. - 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. - 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. - 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
19. Hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan) məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.
20. Göstərilən məsələ ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, hazırkı iddia Azərbaycan hüquqi şəxsi Cavabdeh MMC ilə Türkiyə Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olan X2 X4.LTD.ŞTİ arasında bağlanılmış şifahi alqı-satqı (əməkdaşlıq) müqavilələrindən irəli gələn tələbdir. Tərəflər müqavilə ilə bağlı yaranacaq mübahisələrin hansı dövlətin məhkəmələrində baxılmalı olması barədə razılaşmamışdır. İş üzrə cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən qeydiyyatdan keçmiş və AR-də fəaliyyət göstərən hüquqi şəxs Cavabdeh MMC-dir. Bununla yanaşı gömrük bəyannamələrinə əsasən müqavilə üzrə təqdim edilmiş mallar iddiaçı tərəfindən CİP Baku şərti ilə AR-ə gətirilməklə cavabdehə çatdırıldığından, həmin müqavilə üzrə malların təqdim edilməsi öhdəliyi AR-da icra edilmişdir.
21. Beləliklə, hazırkı halda cavabdehin olduğu yer Azərbaycan Respublikası olan AR hüquqi şəxsi olduğundan, eləcə də tələbin əsaslandığı müqavilə qismən AR ərazisində icra edildiyindən, AR Məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidir.
22. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.
23. İş materiallarından görünür ki, tərəflər mübahisəli müqavilədən irəli gələn mübahisəyə hansı dövlətin hüququnun əsasında həll edilməli olması ilə bağlı razılaşmamışlar. Odur ki, mübahisəyə tətbiq edilməli hüquq beynəlxalq xüsusi hüquq normalarına əsasən müəyyən edilməlidir.
24. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisənin tərəflərinin fəaliyyət göstərdiyi dövlətlər – Azərbaycan Respublikası və Türkiyə Respublikası beynəlxalq alğı-satqı müqavilələri ilə bağlı unfikasiya edilmiş beynəlxalq xüsusi hüquq normalarını müəyyən edən “BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında” Vyana Konvensiyasının iştirakçısıdır. Odur ki, həmin konvensiyanın 1-ci maddəsində müəyyən edilmiş konvensiyanın tətbiq sahəsinə uyğun olaraq hazırkı mübahisəyə sözügedən konvensiya tətbiq edilir.
25. Digər tərəfdən məhkəmə qeyd edir ki, sözügedən konvensiya beynəlxalq alqı-satqı müqavilələrinin yalnız bəzi aspektləri ilə bağlı unifikasiya edilmiş normaları nəzərdə tutmaqla digər aspektləri əhatə etmir. Odur ki, mübahisəyə konvensiya tətbiq edilməklə yanaşı subsidiar şəkildə milli hüquq normaların tətbiqinə də zərurət mövcuddur. Hazırkı mübahisədə xarici hüquqi şəxs olan iddiaçı X2 X4.LTD.ŞTİ iddia ərizəsində tələblərinin qanuni əsası kimi AR qanunvericiliyinə istinad etməklə, cavabdeh isə mübahisəyə AR qanunvericiliyi əsasında baxılmsına etiraz etməməklə mübahisəyə AR qanunvericiliyinin tətbiqinə razılıqlarını ifadə etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə subsidiar qaydada Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir.
26. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, işin halları ondan ibarətdir ki, iddiaçı X2 X4.LTD.ŞTİ (alqı-satqı) müqaviləsi əsasında dərman və kosmetik malları Cavabdeh MMC-yə təqdim etdiyini (çatdırdığını), lakin cavabdehin həmin müqavilə üzrə 266.732 ABŞ dolları (453444 manat) məbləğində borcunun ödənilməmiş qaldığını əsas göstərərək həmin borcun Cavabdeh MMC-dən tutulmasını tələb edir.
27. Cavabdeh isə iddianı qəbul etmir və alqı-satqı (əməkdaşlıq) müqaviləsi üzrə təqdim edilmiş dərman və kosmetik malların dəyərini ödədiklərini və hazırda iddiaçıya hər hansı borcunun olmadığını əsas göstərərək iddianın rədd edilməsini tələb edir.
28. Göründüyü kimi tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin bağlanması, həmin müqavilə əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövrdə iddiaçı tərəfindən cavabdehə dərman və kosmetik malların təqdim edilməsi və təqdim edilmiş malların müqabilində cavabdeh tərəfindən 49.003 ABŞ dolları ödəniş edilməsi işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı isə mübahisəli dövrdə təqdim edilmiş mallara görə cavabdehin iddiaçıya 266.732 ABŞ dolları məbləğində borcun olub-olmaması ilə bağlıdır.
29. Cavabdeh sözügedən borcun tərəfindən ödənilməsi faktını sübuta yetirmək üçün məhkəməyə X2 X4.LTD.ŞTİ ilə Cavabdeh MMC arasında 2021-ci ildən 2022-ci ilin sonuna qədər həyata keçirilən ticarət ilə əlaqədar 266.732 ABŞ dolları məbləğində ödəniş edilməsi, həmin vəsaitinin Türkiyədə müxtəlif tarixlərdə hissə-hissə olaraq, əldən alınıb iddiaçının baş direktoru tərəfindən mədaxil edilməsi, X2 X4.LTD.ŞTİ-nin, Cavabdeh MMCdən xx.xx.2022-ci il tarixə heç bir alacaq borcunun olmaması barədə iddiaçının baş direktoru Ezgi Zeki tərəfindən imzalanmaqla möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli nağd ödəniş qəbzini (elden tahsilat) təqdim etmişdir. İddiaçının nümayəndəsi və vəkili isə təqdim edilmiş ödəniş qəbzi ilə bağlı verdiyi izahatda həmin sübutun mötəbərliyini, işə aidliyini və mümkünlüyünü mübahisələndirməmişdir.
30. Odur ki, məhkəmə sözügedən qəbzi mübahisəli borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməsini təsdiq edən sübut kimi qiymətləndirir və belə qənaətə gəlir ki, iş materiallarında olan sübutlara əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövrdə təqdim edilmiş mallara görə yaranmış 266.732 ABŞ dolları məbləğində borcun cavabdeh tərəfindən ödənilməsi öz təsdiqini tapdığından hazırkı iddia əsassız olmaqla rədd edilməlidir.
31. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 743,44 manat təşkil edir.
32. İddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri və iddia ərizəsinin verilməsinə görə 344 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
33. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı X2 X4.LTD.ŞTİ-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva