Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2985/2025 17.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 22608,14 manat əsas, 18237,3 manat faiz və 11758,06 manat dəbbə pulu olmaqla, cəmi 52603,5 manat borc, avtomobilin istifadəsi zamanı dəymiş ziyanın əvəzi olaraq 25000 manat və ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış 27 fevral 2020-ci il tarixli 258/20 saylı “daxili lizinq” müqaviləsinə əsasən X1 ilə İddiaçı ASC-nin mülkiyyətində olan 2015-ci il buraxılışlı, “Mercedes Benz Gle63 Amg Minik” markalı, 4JGED7FB5GA007263 ban nömrəli, qara metallik rəngli, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə №1) əsasən X4 illik 22 % hesablanmaqla 36 aylıq müddətə hər hər ay sabit məbləğ olmaqla 6568,76 (altı min beş yüz altmış səkkiz) manat, ümumilikdə isə 236475,26 (iki yüz otuz altı min dörd yüz yetmiş beş) manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 236475,26 manat pulun 172000 (bir yüz yetmiş iki min) manatı əsas məbləğ təşkil edir. Qeyd edilən 2018-ci il buraxılışlı, 2015ci il buraxılışlı, “MERCEDES BENZGLE63 AMG MİNİK” markalı, 4JGED7FB5GA007263 ban nömrəli, qara metallik rəngli, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin ** PX *** dövlət qeydiyyat nişanı ** PP *** dövlət qeydiyyat nişanına dəyişdirilmişdir. 01 iyul 2022-ci il tarixli 258-2/22 saylı öhdəliklərin icrası ilə bağlı sazişə əsasən Cavabdeh2 5000 manat ilkin ödəniş etdikdən sonra 258-2/22 saylı daxili lizinq müqaviləsi üzrə icrasını öz üzərinə götürdüyü öhdəliklərə əsasən və lizinq obyektini, yəni 2015-ci il buraxılışlı, “Mercedes Benz Gle63 Amg Minik” markalı, 4JGED7FB5GA007263 ban nömrəli, qara metallik rəngli, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti sahiblik və istifadəsinə götürmüşdür. Cavabdeh2 lizinq ödənişləri cədvəlinə (əlavə №2) əsasən illik 15 % hesablanmaqla 48 aylıq müddətə hər hər ay sabit məbləğ olmaqla 4.912,13 (dörd min doqquz yüz on iki) manat, ümumilikdə isə 235782,05 (iki yüz otuz beş min yeddi yüz səksən iki) manat məbləğində pulu İddiaçı ASC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 235782,05 manat pulun 176500 (bir yüz yetmiş altı min beş yüz) manatı əsas məbləğ təşkil edir. Cavabdeh2 tərəfindən lizinq şirkətinə son ödəniş 01 iyul 2022-ci il tarixdə olmuşdur. Cavabdeh2 müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan 2015-ci il buraxılışlı, “Mercedes Benz Gle63 Amg Minik” markalı, 4JGED7FB5GA007263 ban nömrəli, qara metallik rəngli, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobil ASC-yə təhvil verilmişdir. Bundan əlavə, İddiaçı ASC ilə Cavabdeh1 arasında 01 iyul 2022-ci il tarixli 258-2/21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə öhdəliyinə əsasən Cavabdeh1 Cavabdeh2 İddiaçı ASC qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daçımaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı ASC-yə məxsus ** PP *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz Gle63 Amg Minik” markalı, 2015-ci il buraxılışlı avtomaşına teniki baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, avtomobilin Cavabdeh2 istifadəsində olduğu müddətdə xx.xx.2023-cü il tarixli 17 nömrəli qüsur aktına üzrə avtomobilə dəymiş maddi ziyanın həcmi 25000 azn təşkil edir. 26 sentyabr 2023-cü il tarixinə Cavabdeh2 əsas borcu 22608,14 manat, ümumi faiz borcu 18237,3 manat, dəbbə borcu 11758,06 manat olmaqla cəmi borc 52603,5 manat təşkil edir. “Daxili lizinq müqaviləsi” və “ödəniş cədvəli”nin şərtlərinə cavabdehlər tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı ASC Cavabdeh2 ilə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, ilkin mediasiya sessiyası xx.xx.2024-cü ildə keçirilmiş, BTB Leasing” ASC-nin nümayəndəsi sessiyada iştirak etsə də, qarşı tərəf iştirak etməmiş və mediasiya prosesini davam etdirməyə razılıq əldə edilməmişdir. Daxili lizinq müqaviləsinin 10.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (əlavə №1) müəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən, lizinq ödənişlərinə (lizinq obyektinin dəyəri, lizinq verənin mükafatı, tərəflər arasında razılaşdırılmış əlavə məsrəflər və s.) daxildir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 11.1-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.5 % hesanlanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin 21-ci maddəsinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 22-ci bəndinə əsasən, tərəflər Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq müqaviləsinin 22-ci bəndinə əsasən, lizinq alan lizinq obyektinin qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək yolu ilə qaytarmalı və ya tələbi aldıqdan sonra 3 (üç) təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır. Həmçinin, lizinq alan lizinq obyektinin qaytarılması zamanı təftiş etdirməyə haqlıdır, əgər təftiş nəticəsində hər hansı qüsur və ya ziyan, yaxud texniki, iqtisadi və kommersiya əlaqəli pisləşmə aşkar edilərsə (təbii köhnəlmə nəzərə alınmaqla) lizinq verən onun düzəldilməsini və ya belə ziyanın ödənilməsini lizinq alandan tələb edə bilər. Daxili lizinq müqaviləsinin 15-ci bəndinə əsasən, lizinq alan razılıq verir və öhdəsinə götürür ki, bu müqavilə imzalandıqdan sonra əmlakın hər cür zədələnməsinə və ya dağıdılmasına görə məsuliyyət onun üzərində olacaq, zədələnmə və dağılma ilə əlaqədar lizinq verənin ziyanlarını ödəyəcək və hətta əmlak sıradan çıxsa belə, lizinqə görə ödəmələr cədvəlinə uyğun ödənişlər edəcək.
3. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixə olan 22608,14 manat əsas borc, 18237,3 manat faiz borcu, 1130 manat dəbbə pulu, avtomobilin istifadəsi zamanı dəymiş zərərin əvəzi olaraq 18496 manat və 400 manat mediasiya xərcinin cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 izahatında göstərdi ki, materiallarda olan lizinq müqaviləsi və digər sənədləri özü imzalasa da, maşını faktiki olaraq digər şəxs Səfərov Fəqan lizinqə götürmüşdür. Səfərov Fəqanın həmin dövrdə VÖEN-i olmadığı üçün ondan müqaviləyə qol çəkməsini istəmiş, o da razılıq vermişdir. İddia tələbi ona qarşı yox, Səfərov Fəqana qarşı yönəlməlidir. Hansı maşının lizinqə götürülməsi barədə məlumatı belə olmamışdır. Avtomobil Fəqanda olduğu dövrdə maşında problem yaranmış, motoruna görə işləməmiş, bununla bağlı ustaya aparılmışdır. Usta maşının 10000 manat təmir xərcinin tələb edildiyini bildirmişdir. Avtomobildə çox qısa bir zaman sonra qüsur yaranmış və düzələcək vəziyyətdə deyildi. İddiaçı ASC-yə maşının ustada olması barədə məlumat verilmişdi. Maşının geri götürülməsi ilə bağlı İddiaçı ASC-yə özü şəxsən ərizə yazmış və onlar maşını Fəqandan geri götürmüşlər. Məhkəmədən maddi vəziyyətinin aşağı olmasının nəzərə alınması xahiş edilir.
6. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
7. Sonuncu məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı və X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 258/20 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinqverən 2015-ci il buraxılışlı, “Mercedes Benz Gle63 Amg Minik” markalı, 4JGED7FB5GA007263 ban nömrəli, qara metallik rəngli, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyət hüququ ilə əldə etməyi və Lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq Lizinqalanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən qiymətin 43000 (qırx üç min) AZN hissəsi avtomaşının sənədləri Alıcıya verildikdən sonra avans şəklində satıcıya ödənilir. Qalan məbləği 172000 (Bir yüz yetmiş iki min) manat hissəsi, tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir.
11. Müqavilənin 14.1-ci bəndinə əsasən lizinq alan razılıq verir və öhdəsinə götürür ki, əmlaka xidmət edilməsi, eləcə də cari və əsaslı təmir və buna oxşar digər xidmətlər onun hesabına olmalıdır. Lizinq verənlə razılaşdırılmış və belə işlərə buraxılışı olan xidmət strukturları və ya Lizinq verənin bəyəndiyi digər təşkilatlar tərəfindən, saf ehtiyat hissələrinin istifadə edilməsi ilə həyata keçiriləcəkdir. Lizinq alan lizinq verənin yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu, lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan, lizinq müqaviləsi bu yaxşılaşdırılmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir.
12. Müqavilənin 15.1-ci bəndinə əsasən lizinq alan razılıq verir və öhdəsinə götürür ki, bu müqavilə imzalandıqdan sonra əmlakın hər cür zədələnməsinə və ya dağılmasına görə məsuliyyət onun üzərinə olacaq, zədələnmə və dağılma ilə əlaqədar lizinq verənin ziyanlarını ödəyəcək və hətta əmlak sıradan çıxsa belə lizinqə görə ödəmələr cədvəlinə uyğun olaraq ödənişlər edəcək.
13. İddiaçı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli L/M-258-2/22 saylı öhdəliyin icrası ilə bağlı sazişə əsasən Cavabdeh2 5.000 manat ilkin ödəniş etdikdən sonra 258-2/22 saylı daxili lizinq müqaviləsi üzrə icrasını öz üzərinə götürdüyü öhdəliklərə əsasən və lizinq obyektini, müvəqqəti sahiblik və istifadəsinə götürmüşdür.
14. İddiaçı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Mercedes Benz Gle63 Amg Minik” markalı, 4JGED7FB5GA007263 ban nömrəli, qara metallik rəngli, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil sahiblik və istifadə edilməsi üçün “lizinq alan”a təhvil verilmiş, ”lizinq alan” isə onu saz və işlək vəziyyətdə təhvil almışdır.
15. İddiaçı ilə Cavabdeh2 (borclu) və Cavabdeh1 Vəybala oğlu (zamin) arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 258-2/21 saylı zaminlik müqaviləsinə əsasən zamin lizinq verən qarşısında lizinq alanın 01 iyul 2022-ci il tarixli 258-2/21 saylı illik 15% (on beş) faiz, 176500 ( Bir yüz yetmiş altı min beş yüz manat,) AZN məbləğdə, 48 ay müddətinə daxili maliyə lizinqi müqaviləsi (bundan sonra “lizinq müqaviləsi”) üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürür.
16. AD 763202 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 90PX094 dövlət qeydiyyat nişanlı Mercedes Benz GLE63 AMG minik markalı nəqliyyat vasitəsi İddiaçı ASC-nin mülkiyyətindədir.
17. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli,17 saylı qüsur aktından görünür ki, 10PP160 dövlət nömrə nişanlı Mercedes Benz GLE63 AMG markalı 2015-ci il istehsallı avtomaşına 25000 manat məbləğində ziyan dəymişdir.
18. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli,07-258/2023 saylı arayışdan görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 iddiaçıya olan əsas borcu 22608,14 manat, ümumi faiz borcu 18237,30 manat, dəbbə borcu 11758,06 manat, cəmi 52603,5 manat təşkil edir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli, 9/4335 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı 90PX094 dövlət qeydiyyat nişanlı Mercedes Benz GLE63 AMG minik markalı avtomobilin təmir-bərpa xərcləri təxminən 23400 manat, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18496 manat müəyyən olunur.
20. Belə ki, iddia ərizəsi üç hissədən ibarətdir: 1. Lizinq müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsi; 2. Dəbbə pulunun ödənilməsi; 3. Lizinq predmetinə dəymiş zərərin ödənilməsi.
21. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab edir.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə X4 arasında xx.xx.2020-ci il tarixli 258/20 nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanmış, sonradan iddiaçı ilə Cavabdeh2 Nəriman qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli L/M-258- 2/22 saylı öhdəliyin icrası ilə bağlı sazişə əsasən lizinq müqaviləsi üzrə lizinq alanın hüquq və öhdəlikləri sonuncuya ötürülmüş, Cavabdeh1 iddiaçı qarşısında lizinq alan öz öhdəliklərini tam yerinə yetirənədək zamin kimi borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
23. Cavabdehlərin iddiaçıya lizinq müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı öhdəliyi lizinq və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
27. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
28. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
30. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
31. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
32. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
33. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
34. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
35. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsas borc və faiz borcun tutulması hissəsində təmin edilməli, cavabdehlərdən birgə qaydada 22608,14 manat əsas borc, 18237,3 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
36. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edir.
37. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 11.1-ci bəndinə əsasən hesablanmış 1130 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
39. Məhkəmə hesab edir ki, borcun gecikdirilməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.
40. Məhkəmə iddia tələbini üçüncü hissədə də əsaslı hesab edir.
41. Belə ki, iddiaçı lizinq obyektinə vurulmuş zərərin əvəzi kimi 18496 manat pulun tutulmasını xahiş etmişdir.
42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
43. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
45. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
46. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
47. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
48. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
49. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
50. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
51. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
52. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
53. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
54. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
55. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 2015-ci il buraxılışlı 90PX094 dövlət qeydiyyat nişanlı Mercedes Benz Gle63 Amg minik markalı avtomobil xx.xx.2020-ci il tarixli 258/20 nömrəli daxili maliyyə lizinq müqaviləsinə və xx.xx.2022-ci il tarixli L/M-258-2/22 saylı öhdəliyin icrası ilə bağlı sazişə əsasən cavabdehin sahiblik və istifadəsinə tam işlək və saz vəziyyətdə verilmiş, nəqliyyat vasitəsinin cavabdehin sahiblik və istifadəsində olduğu müddət ərzində avtomobilə zərər vurulmuş, vurulmuş zərərin mövcudluğu və məbləği iş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası ilə də öz təsdiqini tapmış və zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən çəkilməli olan xərcin məbləğinin 18496 manat olması müəyyən edilmişdir.
56. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır, cavabdehlərdən lizinq predmetinə dəymiş zərərin əvəzi qismində 18496 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 22608,14 manat əsas borc, 18237,3 manat faiz borcu, 1130 manat dəbbə pulu, 18496 manat dəymiş zərər tutularaq iddiaçıya ödənilməlidir.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiyaya dair xərc cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
60. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
61. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən yaranmış ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 22608,14 manat əsas borc, 18237,30 manat faiz borcu, 1130 manat dəbbə pulu, lizinq predmetinə dəymiş zərərin əvəzi qismində 18496 manat, 400 manat mediasiyaya dair xərc, ümumilikdə 60871,44 (altmış min səkkiz yüz yetmiş bir manat qırx dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova