Məhkəmə qərarları › İş №e-2-2(113)-2988/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2988/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2988/2021 17.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC -yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən maddi ziyana görə 750 (yeddi yüz əlli) manat, mənəvi zərərə görə isə 5000 (beş min manat məbləğində pul vəsaitinin mənim xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, 2012-ci ildən bu vaxta kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləyir. Vergi ödəcıyisi kimi Azərbaycan Respublikası Dövlət Vergi Xidmətində müvafiq vöen nömrəsi ilə qeydiyyata alınmışdır. İşlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında hər il 1 (bir) il müddətinə olmaqla sürücü xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılır. Həmin müqavilədə onun adı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeyd edilir və öz vöen-i də göstərilir. Onunla şirkət arasında sürücü xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanandan sonra demək olar ki, hər il onun adına olan vergi və sosial sığorta ödənişləri şirkətin mühasibi tərəfindən hesablanmış və dövlət büdcəsinə ödənilmişdir. Belə ki, aramızda bağlanmış müqavilərdə vergilərin və digər məcburi ödənişlərin sifarişçisi tərəfindən, yəni şirkət tərəfindən həyata keçirilməsi göstərilmişdir. Bu günə kimi o heç vaxt özü bu ödənişləri icra etməmişdir. O taksi fəaliyyəti ilə məşğul olur, əlavə gəlir yeri yoxdur, bu səbəbdən də pandemiya dövründə maliyyə çətinlikləri ilə üzləşmiş və borca düşmüşdür. Gəlir yeri yalnız taksi fəaliyyətindən asılı olduğu və yaşlı olduğu üçün ailəni dolandırılmasında ciddi problemlər yaranmışdır. Belə ki, vergitutumu və digər məcburi ödənişlərin sifarişçisi tərəfindən, yəni şirkət tərəfindən həyata keçirilməməsi səbəbindən, sərtləşdirilmiş karantin dövründə iqtisadı paket çərçivəsində bütün fərdi sahibkarlara 250 manat yardım göstərilməsinə baxmayarq o bu yardımlardan istifadə edə bilməmişdir. Beləki karona virus pandemiyası ilə əlaqədar dövlət tərəfindən vergi ödəyicilərinə ödənilən kompensasiyanın alınması ilə əlaqədar Azərbaycaycan Respublikası Dövlət Vergi Xidmətinin saytına müraciət etdikdə onun müraciəti qəbul olunmamış və 2019-cu ildə onun tərəfindən dövlət büdcəsinə heç bir vergi ödənişinin edilməməsi göstərilmişdir. Həmçinin onun dövlət büdcəsinə 43 manat məbləğində borcumun olduğu göstərilmişdir. Bunu bildikdən sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə müraciət etmiş və bu məsələnin araşdırılmasını xahiş etmişdir. Həmin müəsissənin rəhbərliyi Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinə müraciət etməyi və əgər Azərbaycan Respublikası Dövlət Vergi Xidmət tərəfindən müraciəti öz həllini tapmazsa, onda komək edə biləcəklərini bildirmişlər. Lakin cavabdeh tərəfindən bu məsələnin çözülməsi üçün ona heç bir köməklik göstərilməmişdir. Buna görə də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona 750 (yeddi yüz əlli) manat maddi və 3000 (üç min) manat məbləğində mənəvi zərər vurulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan İddiaçı "xxxx" MMC arasında bağlanmış 04.12.2018-ci il tarixli, 453-18/02 saylı Sürücü Xidmətlərinin Göstərilməsi haqqında müqavilədən görünür ki, sifarişçi ("xxxx" MMC) icraçıya (İddiaçı) sürücü xidmətlərinin göstərilməsi üçün müvafiq şəraiti yaradır, onu tam təchiz olunmuş “TX-4 London Taxsi” markalı taksi avtomobili, müvafiq fərqlənmə nişanı və zəruri geyim forması ilə təmin etməyi, icraçı isə bunun müqabilində gündəlik taksi hasilatını sifarişçiyə ödəməyi ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı "xxxx" MMC arasında bağlanmış 14.01.2020-ci il tarixli, 453 saylı Sürücü Xidmətlərinin Göstərilməsi haqqında müqavilədən görünür ki, sifarişçi ("xxxx" MMC) icraçıya (İddiaçı) sürücü xidmətlərinin göstərilməsi üçün müvafiq şəraiti yaradır, onu tam təchiz olunmuş “TX-4 London Taxsi” markalı taksi avtomobili, müvafiq fərqlənmə nişanı və zəruri geyim forması ilə təmin etməyi, icraçı isə bunun müqabilində gündəlik taksi hasilatını sifarişçiyə ödəməyi ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və onun adına aktiv ********** saylı VÖEN mövcuddur. İddiaçı ilə "xxxx" MMC arasında taksi xidmətlərinin göstərilməsinə dair müqavilələr mövcuddur və iddiaçı hal-hazırda da taksi fəaliyyəti ilə məşğul olur. İddiaçı Dövlət Vergi Xidmətinə pandemiya ilə bağlı fərdi sahibkarlara dəstək proqramı üzrə yardımın verilməsi ilə bağlı müraciət etsə də, sonuncu tərəfindən ona maddi yardımın verilməsindən 2019-cu ildə büdcəyə vergi ödənişlərinin olmaması səbəbindən imtina edilmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək, vergi və digər məcburi ödənişlərin həmişə MMC tərəfindən edildiyini bildirmişd və ona görə də, MMC-nin təqsirindən onun adından 2019-cu ildə büdcəyə ödəniş edilmədiyindən ona zərər dəydiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək iddiaçının özünün müstəqil olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyekt olduğunu və ona görə də, onun özü tərəfindən qeyd olunan ödənişlərin edilməli olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Məhkəmə qeyd edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçısıdırlar və müstəqil olaraq vergi ödəyicisi hesab olunurlar. Belə olan halda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericlilikə müəyyən edilmiş vergitutma obyektlərindən müəyyən edilmiş vergini ödəməlidirlər. Yuxarıda sadalanmış işin hallarından da, göründüyü kimi, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Belə olan halda vergi və digər məcburi dövlət ödənişlərini ödəmək onun vəzifəsidir və onun MMC tərəfindən qeyd edilən ödənişlərin edilməli olması barədə dəlili əsassızdır. Göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir formada zərər dəyməmiş və maddi ziyanın ödənilməsi tələbi əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, iddianın digər mənəvi ziyanın ödənilməsi ilə bağlı olan hissəsi maddi ziyanın ödənilməsi tələbi ilə bağlı olduğundan, həmçinin iddiaçıya cavabdeh tərəfindən mənəzi ziyanın vurulması halı da mövcud olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddiası rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar