Məhkəmə qərarları › İş №e-2-2(113)-299/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-299/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-299/2022 21.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı avadanlıqların geri götürülməsi və avadanlıqların dəyərinin borcdan çıxılması tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.01.2013-cü il tarixli 04-LA/13 nömrəli müqavilə üzrə 649.000 manat gecikdirilmiş əsas borc və hesablanmış 464.574 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 1.113.924 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 18.01.2013-cü il tarixli 04-LA/13 nömrəli müqaviləyə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə südün emalı, təkrar emalı avadanlığı və əlavə avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 06.07.2021-ci il tarixə 18.01.2013-cü il tarixli 04-LA/13 nömrəli müqavilə üzrə 649000 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. 27.12.2021-ci il tarixdə Cavabdeh nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18.01.2013-cü il tarixli 04-LA/13 saylı lizinq müqaviləsi əsasında verilmiş, lakin istifadə olunmamış avadanlıqların ilkin iddiaçıya geri qaytarılması və həmin avadanlıqların dəyərinin yaranmış borcdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 18 yanvar 2013-cü il tarixli 04-LA/13 saylı südün emalı və təkrar emalı texnoloji xəttin və əlavə süd emalı avadanlıqlarının lizinqə verilməsi barədə müqavilə imzalanmışdır. Lakin bir müddət sonra Cavabdeh MMC-nin südlə təminatı əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı olması səbəbi ilə südün texnologiyaya müvafiq emal edilməsində müəyyən problemlər yaratmışdır və bu səbəbdən də "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinq verilən və quraşdırılmayan bir sıra avadanlıqlar zavodun anbarında istifadəsiz vəziyyətdə qalmışdır və istismar olunmamışdır. Belə ki, Cavabdeh MMC tərəfindən qeyd olunan faktlar əsas gətirilərək verilmiş avadanlıqların geriyə götürülməsi ilə bağlı sərəncam verilməsi xahişi ilə "xxxx" ASC-nin idarə heyətinin sədri Əli Bayramova 12.12.2012-ci il, 12.07.2013-cü il və 29.10.2013-cü il tarixində müraciətlər edilmişdir. 14.04.2014-cü il tarixində istehsalatın həcminə müvafiq olaraq Cavabdeh MMC tərəfindən öz hesablarına yeni texnoloji avadanlıqların quraşdırılması səbəbi ilə avadanlıqların geri götürülməsinə və yeni ödəmə qrafikinin tərtib edilməsi zamanı geri götürülmüş avadanlıqların qiymətlərinin nəzərə alınmasına sərəncam verilməsi xahişi ilə yenidən "xxxx" ASC-nin idarə heyətinin sədri Əli Bayramova müraciət edilmişdir. Məsələ ilə əlaqədar 2015 və 2018-ci il tarixində Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və "xxxx" ASC-nin İdarə Heyətinin sədri Seymur Mövlayevə müraciətlər olunmuşdur. Beləliklə, Cavabdeh MMC tərəfindən dəfələrlə "xxxx" ASC-nin İdarə Heyətinin sədrinə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müraciətlər edilmişdir. Lakin müraciətləri nəticəsiz qalmış və bu günə qədər avadanlıqları geri qaytarmaq mümkün olmamışdır. Həmçinin avadanlıqların istismar və istifadə edilməməsi faktı "xxxx" ASC tərəfindən hər il keçirilmiş inventarizasiya və monitorinq zamanı tərtib edilmiş aktlarla bir daha təsdiq olunmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsini, eyni zamanda qarşılıqlı iddia tələbinin əsassız olduğunu, eləcə də qarşılıqlı iddia verilərkən prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyini əsas göstərərək qarşılıqlı iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh MMC arasında bağlanmış 18.01.2013-cü il tarixli 04-LA/13 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən dəyəri 892.500 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti və dəyəri 156.000 manat olan bu müqaviləyə 2 nömrəli əlavədə göstərilən süd emalı zavodunun istifadəyə verilməsi üçün əlavə avadanlıqların (bundan sonra – avadanlıq) dəyəri lizinq ödəniş qrafikinə (3 nömrəli Əlavə) uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığın dəyərini ödəniş qrafikində (3 nömrəli Əlavə) göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnoloji avadanlığa mülkiyyət hüququ lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Aavadanlıq Zərdab rayonunda quraşdırılmışdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -“Aqrolizinq ASC-yə məxsus məhsuldarlığı 20 ton/saat olan südün emalı, təkrar emalı avadanlığı və əlavə avadanlıqların lizinq alana təhvil-təslimi barədə 25.12.2012-ci akta əsasən müəyyən edilir ki, 29 adda südün emalı, təkrar emalı avadanlığı və əlavə avadanlıqlar sınaqdan keçirilərək tam hazır vəziyyətdə lizinq alan "xxxx" MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. - 18.01.2013-cü il tarixli 04-LA/13 saylı lizinq müqaviləsinə 1 saylı Əlavədən görünür ki, müxtəlif adda texnoloji avadanlıqların texniki təsnifatı müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 18.01.2013-cü il tarixli 04-LA/13 saylı lizinq müqaviləsinə 2 saylı Əlavədən görünür ki, müxtəlif adda süd emalı avadanlıqların texniki təsnifatı müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 18.01.2013-cü il tarixli 04-LA/13 saylı lizinq müqaviləsinə 3 saylı əlavə olan ödəniş qrafikinə əsasən müəyyən edilir ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 2013-cü ilin 2-ci rübündə 16000 manat, 2013-cü ilin 3-cü və 4-cü rüblərinin hər birində 22000 manat, 2014-cü ildən 2018-cü ilədək olan dövr ərzində hər rübə görə 30500 manat, 2019-cu ildə hər rüb 29800 manat, 2020-ci ildə hər rüb 29200 manat, 2021-ci ildə hər rüb 28700 manat, 2022-ci ilin 1-ci rübündə 27700 manat məbləğində lizinq ödənişləri edilməli idi. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 12 iyul 2013-cü il tarixli 07/12 nömrəli məktuba əsasən müəyyən edilir ki, Cavabdeh MMC "xxxx" ASC-yə müraciət edərək, MMC-nin südlə təminatının əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı olduğunu, südün texnologiyaya müvafiq olaraq emal edilməsində müəyyən problem yarandığını, müəssisədə olan pasterizasiya və soyutma qurğusunun, habelə plastik qablaşdıran və südlü qablara doldurma avtomatlarının və polistrol stəkanlara doldurma avtomatının istehsalatda istifadəsiz qaldığını bildirmiş və həmin aparatların geriyə götürülməsinə sərəncam verilməsini xahiş etmişdir. 14 aprel 2014-cü il tarixli 47/14 nömrəli məktuba əsasən müəyyən edilir ki, Cavabdeh MMC "xxxx" ASC-yə müraciət edərək, MMC-nin südlə təminatı əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı olduğunu, südün texnoloji prosesə və həcmə müvafiq olaraq emal edilməsində müəyyən problem yarandığını, müəssisədə olan pasterizasiya və soyutma qurğusunun, südlü qablara doldurma avtomatı və polistrol stəkanlara doldurma avtomatı istehsalatda istifadəsiz qaldığını, istehsalatın həcminə müvafiq olaraq tərəflərindən öz hesablarına, yeni texnoloji avadanlıqlar alınaraq quraşdırıldığını və bu yaxın günlərdə zavod işə salınacağını bildirmiş və həmin aparatların geriyə götürülməsinə və yenidən ödəmə qrafikinin tərtib edilməsi zamanı geriyə götürülən aparatların qiymətlərinin nəzərə alınmasına sərəncam verilməsi xahiş edilmişdir. -Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh MMC arasında bağlanmış 18.01.2013-cü il tarixli 04-LA/13 nömrəli lizinq müqaviləsinə dəyişiklik edilməsi barədə 12 may 2014-cü il tarixli D-04-LA/13 saylı razılaşmaya əsasən müəyyən edilir ki, tərəflər aşağıdakı şərtlərlə bağlayırlar:

1. Cavabdeh MMC-nin 22.10.2013-cü il tarixli 31/13 saylı, 12.02.2014-cü il tarixli 09/14 saylı, 26.02.2014-cü il tarixli 11/14 saylı və 14.04.2014-cü il tarixli 47/14 saylı müraciət məktublarını əsas götürərək tərəflər 18 yanvar 2013-cü il tarixli 04-LA/13 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə razılığa gəlirlər: 1.1 "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 18.01.2013-cü il tarixli 04- LA/13 nömrəli müqavilənin ödəniş qrafikinə dəyişiklik edilərək 2014-cü ilin İİ rübündən (iyun ayından) başlayaraq 10 (on) il müddətinə ödəniş aparılması şərtilə yeni ödəniş qrafiki tərtib olunur.

2. Lizinq alan yeni tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında yerinə yetirməyi öhdəsinə götürür.

3. Bu razılaşma 18.01.2013-cü il tarixli 04-LA/13 nömrəli müqavilənin tərkib hissəsi hesab olunmaqla imzalandığı gündən qüvvəyə minir. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -18.01.2013-cü il tarixli 04-LA/13 nömrəli lizinq müqaviləsinə dəyişiklik edilməsi barədə 12 may 2014-cü il tarixli D-04-LA/13 saylı razılaşmaya əsasən dəyişdirilmiş 3 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 2014cü ilin 2-ci rübündə 3000 manat, 3-cü rübündə 10000 manat, 4-cü rübündə 12000 manat, 2015-ci ilin 1-ci rübündə 12000 amant, 2-ci rübündə 13000 manat, 3-cü və 4-cü rüblərin, eləcə də 2016-cı ilin 1-ci və 2-ci rübün hər birində 15000 manat, 2016-cı ilin 3-cü, 4-cü, 2017-ci ilin 1-ci və 2-ci rübün hər birində 18000 manat, 2017-ci ilin 3-cü və 4-cü rübündə 21000 manat, 2018-cü ilin hər 4 rübün hər birində 24000 manat, 2019-cu ildən 2022-ci ilədək olan dövr ərzində hər rübə görə 43500 manat, 2019-cu ildə hər rüb 29800 manat, 2020-ci ildə hər rüb 29200 manat, 2023-cü ilin 1-ci rübündə 32500 manat məbləğində lizinq ödənişləri edilməlidir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -24 fevral 2015-ci il tarixli 47/15 nömrəli məktuba əsasən müəyyən edilir ki, Cavabdeh MMC Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək, Cavabdeh MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin texniki və maliyyə dəstəyi ilə gətirilmiş süd zavodu kompleksinin tərəflərindən Zərdab rayon mərkəzində inşa edilmiş binada quraşdırdıqlarını və hal-hazırda 8 çeşiddə sınaq üçün süd məhsulları istehsal etdiklərini, süd zavodunun tam işə salınması məqsədi ilə Cavabdeh MMC tərəfindən, əlavə avadanlıqların alınması üçün daxili imkanlar hesabına, bir milyon manatdan artıq vəsait xərcləndiyini, zavodun sınaq işə salınmasına baxmayaraq müəssisədə olan pasterizasiya və soyutma qurğusunun, habelə plastik qablaşdıran, südlü qablara və polistrol stəkanlara doldurma avtomatlarının istehsalatda istifadəsiz qaldığını və bunların gələcəkdə istifadəsi imkan xaricində olmaqla cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə öz mənfi təsirini göstərməkdə olduğunu bildirərək, əhalinin süd və süd məhsullarına olan ehtiyacının daxili istehsal hesabına ödənilməsində zavodun müəyyən müsbət rol oynamasını, onun maliyyə-təsərrüfat fəaliyyətinin daha da yaxşılaşdırılmasını nəzərə alaraq, həmin aparatların "xxxx" ASC tərəfindən geri götürülməsinə göstəriş verilməsini xahiş etmişdir. -28 oktyabr 2015-ci il tarixli akta əsasən müəyyən olunur ki, Zərdab rayonu ərazisində Cavabdeh MMC-yə lizinqə verilmiş bir dəst süd emalı avadanlıqlarına texniki baxış keçirilmiş, avadanlıqlar saz və işlək vəziyyətdədir, sex istismar olunmur. Bağlanmış lizinq müqaviləsinin 5.2, 5.3 və 5.6-cı bəndlərini əsas tutaraq borc öhdəliyi yarandığı səbəbindən istismarının dayandırılmasını təmin etmək məqsədilə 03 noyabr 2015-ci il tarixinədək içərisindəki məhsulların çıxarılması üçün 5 gün vaxt verilmiş, ödəniş olmadığı halda 5 gündən sonra avadanlığın istismarının dayandırılaraq geri götürmək üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-nin nümayəndəsi xəbərdar edilmişdir. Aktın doğruluğu lizinq verənin texnoloji avadanlıqların lizinqi şöbəsinin müdir əvəzi T.Budaqov, texnika və texnoloji avadanlıqlara texniki xidmət şöbəsinin baş mütəxəssisi F.Ələsgərov, ümumi şöbənin kuryeri F.Ələsgərov və lizinq alanın nümayəndəsi R.Səfərovun imzaları ilə təsdiq edilmişdir. -10.10.2019-cu il tarixli ASC/2-115 saylı məktuba əsasən müəyyən edilir ki, "xxxx" ASC "xxxx" MMC-nin 105/18 saylı müraciətinə cavab olaraq avadanlıqların sonuncunun sifarişinə əsasən alındığını, qarşılıqlı razılaşdırılmış və imzalanmış lizinq müqaviləsi əsasında uzunmüddət əvvəl təhvil verildiyini, bu baxımdan avadanlığın bir hissəsinin geri götürülməsinin imkanları xaricində olduğunu bildirmişdir. - 06.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 18.01.2013-cü il tarixli 04- LA/13 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh MMC-nin gecikdirilmiş borcu 649.000 manat, cərimə borcu 464.574 manat olmaqla, cəmi borc 1.113.574 manat təşkil edir. - "xxxx" MMC-nin 29 noyabr 2021-ci il tarixli, QXM-266 nömrəli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Cavabdeh MMC-yə aid 29 adda avadanlıqların bazar dəyəri 848.000 manat təşkil edir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, Cavabdeh MMC-yə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Hüquqi yardımın göstərilməsi haqqında 811 saylı müqavilədən görünür ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə göstərilən hüquqi yardım haqqının məbləği 340+10 (350) manat müəyyən edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.

Əsaslandırıcı hissə:

İlkin iddia tələbi ilə bağlı:

Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçı "xxxx" ASC (mübahisəli hüquq münasibətində hüquqi varisi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) ilə ilkin iddia üzrə Cavabdeh MMC arasında 18.01.2013-cü il tarixli 04-LA/13 saylı lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh MMC lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh MMC-nin lizinq müqaviləsi üzrə cəmi 649.000 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də ilkin iddia üzrə Cavabdeh MMC-nin mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə Cavabdeh MMC-nin lizinq müqaviləsi üzrə cəmi 649.000 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC yenidən təşkil edildiyini və texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun ilkin iddia üzrə cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq ilkin iddia üzrə cavabdehdən tutulacaq dəbbə pulu (cərimə) 18.01.2013-cü il tarixli 04-LA/13 saylı müqavilə üzrə 60.000 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh MMC-dən lizinq müqaviləsi üzrə cəmi 649.000 manat, 18.01.2013-cü il tarixli 04-LA/13 saylı müqavilə üzrə 60.000 manat məbləğində dəbbə pulu tutularaq ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

Qarşılıqlı iddia tələbi ilə bağlı:

Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı 18.01.2013-cü il tarixli 04-LA/13 saylı lizinq müqaviləsi əsasında lizinqə verilmiş, lakin istifadə olunmamış avadanlıqların qarşılıqlı iddia üzrə cavabdehə geri qaytarılması və həmin avadanlıqların dəyərinin yaranmış borcdan çıxılması tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələblərinin əsası kimi mübahisəli lizinq müqaviləsinə əsasən lizinqə verilən və quraşdırılmayan bir sıra avadanlıqların zavodun anbarında istifadəsiz vəziyyətdə qalmasına və istismar olunmamasına, istinad etsə də, göstərilən halları təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Əksinə iş materiallarında olan avadanlıqların təhvil-təslimi haqqında 25 dekabr 2021ci il tarixli aktdan görünür ki, lizinq obyekti olan avadanlıqlar sınaqdan keçirilərək tam hazır vəziyyətdə lizinq alana təhvil verilməsi faktı Cavabdeh MMC-nin direktorunun imzası ilə təsdiq edilmişdir. Həmçinin qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC lizinq obyekti olan avadanlıqlar təhvil verilərkən lizinq verən tərəfindən quraşdırılmamasını iddia etsə də, MMC-nin müqavilənin bağlanmasından keçən 9 il ərzində avadanlıqların quraşdırılması ilə bağlı "xxxx" ASC-yə müraciət etməsi iş materiallarına əsasən müəyyən edilmir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən "xxxx" ASC-yə avadanlıqların geri götürülməsi ilə bağlı ünvanlanmış çoxsaylı müraciətlərin heç birində avadanlıqların geri götürülməsi tələbinə əsas kimi lizinq verən tərəfindən avandanlıqların quraşdırılmamış vəziyyətdə lizinq alana təhvil verilməsinə istinad edilməmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar da lizinq obyekti olan avadanlıqların lizinq verən tərəfindən quraşdırılmamasına dair qarşılıqlı iddia üzrə iddiaçının istinad etdiyi dəlillərin əsassızlığına dəlalət edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin istinad etdiyi lizinq obyekti olan avadanlıqların bir qisminin tərəfindən istifadə edilməməsi barədə dəlilə gəldikdə məhkəmə qeyd edir ki, əvvəla həmin hal da iş materiallarına əsasən müəyyən edilmir. Belə ki, göstərilən halı təsdiq etmək üçün qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi 28 oktyabr 2015-ci il tarixli aktdan görünür ki, aktın birinci hissəsində sexin istismar edilməməsi qeyd edilsə də, ikinci hissəsində sexin süd məhsullarından boşaldılması üçün lizinq alana vaxt verildiyi göstərilmişdir. Halbuki aydındır ki, avadanlıqların istismar edilməməsi həmin avadanlıqlarda süd məhsullarının saxlanılmasını istisna edir. Göründüyü kimi sözügedən akt ziddiyyətli olmaqla mübahisəli avandanlıqların lizinq alan tərəfindən istifadə edilməməsi barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. İkincisi, məhkəmə qeyd edir ki, lizinq alanın lizinq obyekti olan avadanlıqların bir hissəsindən istifadə etməməsi müəyyən edilsə belə, göstərilən hal həmin avadanlıqların lizinq verənə geri qaytarılması üçün əsas hesab edilə bilməz. Belə ki, lizinq alanın ona təhvil verilmiş lizinq obyekti olan əmlakdan (həmin obyektdən istifadəyə dair marağının olmaması səbəbindən) istifadə etmədiyi halda həmin əmlakın lizinq verən tərəfindən qaytarılmasını və həmin avadanlıqlara görə lizinq ödənişlərinin tutulmamasını tələb etmək hüququna malik olması nə lizinq haqqında qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır. Hazırkı iddia tələbini mübahisəli lizinq müqaviləsinə dəyişdirilməsi tələbi kimi nəzərdən keçirsək isə qeyd edilməlidir ki, Mülki Məcəllənin: 6.1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırkı halda tərəflər arasında lizinq obyekti olan avadanlığın bir hissəsinin geri götürülməsi və ödəniş qrafikinə buna müvafiq olaraq dəyişikliklər edilməsi barədə müqavilə tərəfləri arasında hər hansı razılaşma (lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh MMC arasında bağlanmış 18.01.2013-cü il tarixli 04- LA/13 nömrəli lizinq müqaviləsinə dəyişiklik edilməsi barədə 12 may 2014-cü il tarixli D-04- LA/13 saylı razılaşma istisna olmaqla) olmamış, eləcə də lizinq verən tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas ola biləcək müqaviləni əhəmiyyətli dərəcədə pozulmasına yol verilməmişdir. Tam əksinə müqavilənin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən əhəmiyyətli dərəcədə pozulması nəticəsində qarşılıqlı iddia üzrə cavabdeh müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Lakin qarşılıqlı iddia üzrə iddiaçı hal-hazıradək müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı tələb irəli sürməmişdir. Bundan əlavə lizinq alanın lizinq obyektindən istifadə etməsinə dair marağının olmaması əsası ilə lizinq müqaviləsini birtərəfli qaydada dəyişdirmək hüququ qanunvericilikdə nəzərdə tutulmamış, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən irəli gəlmir. Qarşılıqlı iddia ilə məhkəməyə müraciət edilərkən mübahisənin pretenziya qaydasında həlli proseduruna, eləcə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması barədə prosessual tələbə riayət edilməməsi barədə qarşılıqlı iddia üzrə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə həmin dəlilləri əsassız hesab edir. Belə ki, qarşılıqlı iddia ərizəsinə avadanlıqların geri götürülməsi və bununla bağlı ödəniş qrafikinə dəyişikliklər edilməsi barədə "xxxx" ASC-yə (mübahisəli hüquq münasibətlərində qarşılıqlı iddia üzrə cavabdehin hüquqi sələfi) etdiyi çoxsaylı müraciətlər, həmin müraciətlərə sonuncunun cavab məktubu, eləcə də qarşılıqlı iddia ərizəsinin üzərinə qarşılıqlı iddia üzrə cavabdehin ştampı vurulmuş nüsxəsi əlavə edilmişdir. Bununla bağlı məhkəmə "xxxx" ASC-nin hüquqi varisi olmaması, AR Prezidentinin Fərmanına əsasən yalnız "xxxx" ASC-nin lizinq müqavilələri üzrə hüquq və vəzifələrinin onlara ötürülməsi barədə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə iddiaçının istinad etdiyi dəlillərə münasibətdə isə qeyd edir ki, MPM-in 58.1-ci maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Göründüyü kimi tələbin güzəşti nəticəsində maddi hüquq münasibətlərində şəxslərin dəyişdirilməsi halı həmin hüquq münasibətində hüquq varisliyinin yaranması üçün əsasdır. Odur ki, hazırkı halda qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi mübahisəli hüquq münasibətində "xxxx" ASC-nin hüquqi varisidir (sinqulyar hüquq varisliyi qaydasında). Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu də ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə ilkin iddia qismən təmin edildiyindən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq mediasiya xərcləri tərəflər arasında bölüşdürüldürülərək ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi büdcə təşkilatı olmaqla dövlət rüsumu ödəməkdən azad edildiyindən ilkin iddia verilərkən dövlət rüsumunu ödəməmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, ilkin iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumu 1347 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göründüyü kimi hazırkı halda qətnamə ilə ilkin iddianın qiymətinin 62%-inə yaxın hissəsi təmin edildiyindən ilkin iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun 62%-i, yəni 835 manat hissəsi cavabdehə aid edilməlidir. Eynilə tərəflər ödədikləri mediasiya xərci həddində dövlət rüsumundan azad edildiyindən hazırkı qətnamə ilə cavabdehdən tutulacaq 250 manat mediasiya xərcləri dövlət rüsumunun cavabdehə aid edilmiş hissəsindən çıxılmalı, qalan məbləğ – 585 manat məbləğində pul vəsaiti MPM-in 124-cü maddəsinə əsasən ilkin iddia üzrə Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddia isə rədd edildiyindən qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə ilkin iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə ilkin iddia üzrə cavabdehdən 250 (iki yüz əlli) manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 18 yanvar 2013-cü il tarixli 04-LA/13 saylı müqavilə üzrə 649.000 (altı yüz qırx doqquz min) manat məbləğində əsas borc, 60.000 (altmış min) məbləğində dəbbə pulu, cəmi 709.000 (yeddi yüz doqquz min) manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 250 (iki yüz əlli) və mediasiya xərclərinin əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı avadanlıqların geri götürülməsi və avadanlıqların dəyərinin borcdan çıxılması tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlkin iddianın verilməsinə görə ödənilməli olan 585 manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə cavabdeh tutularaq Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar