Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-299/2023 30.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 42310.57 (qırx iki min üç yüz on manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 216,93 (iki yüz on altı manat doxsan üç qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış 15 may 2020-ci il tarixli, 045/2020 saylı “alğısatqı” müqaviləsinin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 42310.57 (qırx iki min üç yüz on manat əlli yeddi qəpik) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 12 (on iki) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2020-ci il tarixli ərizədə borcunu etiraf etmiş və 9 ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 42310.57 (qırx iki min üç yüz on manat əlli yeddi qəpik) manat hissəsini bu günədək ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə izahatında qeyd etmişdir ki, iddiaçı ilə aralarında daha əvvəl malların alğı-satqısı münasibətləri olmuşdur. Bununla belə iddiaçı tərəfindən qeyd edilmiş məbləğ həddindən artıq yüksək məbləğdir. Belə ki, istifadəsində olan mağazanın sahəsi azdır. İddia tələbində isə 40.000 manatdan yuxarı məbləğ tələb olunur. Qeyd olunan hallar vergi orqanlarında mövcud olan vergi ödəmələrinin təhlili nəticəsində də üzə çıxacaqdır. Cavabdeh yalnız müqavilədəki imzanın ona aid olduğunu , digər imzaların ona aid olmadığını,daha sonra isə butun imzaların ona aid olduğunu, lakin texniki vasitələrlə həmin sənədlərə yerləşdirildiyini bildirmişdir. Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh “alıcı” İddiaçı MMC satıcı olmaqla imzalanmış xx.xx.2020 tarixli 045/2020 saylı müqaviləyə əsasən, Cavabdeh 42.310,57 manat məbləğində müxtəlif çeşidli malları nisyə olaraq qəbul edir, 42.310,57 manat məbləğində borcu 12 ay ərzində ödəməyi öhdəsinə götürür. Cavabdeh və İddiaçı MMC olmaqla tərtib edilmiş xx.xx.2020 tarixli 045/2020 saylı müqavilə üzrə xx.xx.2020 tarixli təhvil təslim aktına əsasən 42.310,57 manat məbləğində mallar Cavabdeh adlı şəxsə təhvil verilmişdir. İddiaçı MMC “kreditor”, Cavabdeh “borclu” olmaqla imzalanmış xx.xx.2020 tarixli mövcud borcun etirafı haqqında müqaviləyə əsasən borclu xx.xx.2021 tarixinədək 42.310,57 manat məbləğində borcunu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin prezidenti Ceyhun Abbasova ünvanlanmış ərizədə 42.310,57 manat məbləğində borcunun olduğu qeyd etmiş, xx.xx.2021 tarixinədək borcun ödəniləcəyi bildirilmiş, ərizəni yazan Cavabdeh olaraq qeyd edilərək imzalanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavildə ödənişin təhvil verilmiş mallar üzrə üç ay ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya təhvil verilmiş mallar üzrə borcu yaranmışdır. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında imzalanmış müqavilə eləcə də təhvil-təslim aktı iddia tələbinin əsaslı olduğunu sübuta yetirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əsasən malların dəyərini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 42.310,57 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutları mübahisələndirmiş, sübut qismində məhkəməyə təqdim edilmiş iş materiallarında olan sənədlərin onun tərəfindən imzalanmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh daha əvvəlki məhkəmə iclasında yalnız müqavilənin onun tərəfindən imzalandığını, digər sənədlərin isə onun tərəfindən imzalanmadığını bildirmiş, sonuncu məhkəmə iclasında isə iş materiallarında olan bütün sübutlarda olan imzaların ona məxsus olduğunu, lakin imzasının qeyd olunan sənədlərə müxtəlif texniki vasitələrlə yerləşdirildiyini bildirmişdir. Məhkəmə cavabdehin etirazı ilə razılaşmayaraq, qeyd edir ki, cavabdehin hər iki məhkəmə iclasında ziddiyyətli fikirlər bildirməsi, etirazın əsassız olmasını şərtləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 216,93 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 42.310,57 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 216,93 manat İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 42.310,57 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 216,93 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-299/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-299/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver