Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2990/2021 05.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Fərzalı oglunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 oglunun iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə 873C saylı, 07.08.2020-ci il tarixli “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi” haqqında müqavilə üzrə ödənilməmiş 1547.57 manat borcun, 1351.24 manat gecikmə ilə bağlı cərimə məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun, cəmi 2838.81 manat pulun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 873C saylı, 07.08.2020-ci il tarixli “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi” haqqında müqavilə üzrə ödənilməmiş 1547.57 manat borcun, 1351.24 manat gecikmə ilə bağlı cərimə məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun, cəmi 2838.81 manat pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 873C saylı, 07.08.2020-ci il tarixli “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi” haqqında müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsinə dair sifarişlərin verilməsi və həmin sifarişlər əsasında "xxxx" QSC tərəfindən avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi və Cavabdeh MMC tərəfindən bunlar üçün vaxtaşırı ödənişlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi tam və vaxtında "xxxx" QSC tərəfindən həyata keçirilmişdir. Xidmətlər barədə məlumat 873C saylı, 07.08.2020-ci il tarixli müqaviləyə əsasən 2020-ci ilin sentyabr, oktyabr, noyabr, yanvar, fevral, mart və aprel ayları üzrə hesab fakturalarında və elektron qaimələrdə öz əksini tapmışdır. Bugünə qədər cavabdeh - Cavabdeh MMC iddiaçıya müvafiq olaraq avqust ayı üzrə 70 AZN, sentyabr ayı üzrə 121.26 AZN, oktyabr ayı üzrə 70 AZN, dekabr ayı üzrə 171.72 AZN, yanvar ayı üzrə 459.19 AZN, fevral ayı üzrə 523.12 AZN və mart ayı üzrə 132.18 AZN, ümumilikdə isə 1547.57 AZN borcludur və göstərilən xidmətlərin xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Həmçinin, 07.08.2020-ci il tarixli müqavilənin 4.3-cü bəndinə görə Sifarişçi hesab fakturanı aldığı gündən 5 iş günü ərzində ödənişləri həyata keçirməlidir. Keçirilmədiyi təqdirdə hər günə görə 1% gecikmə ilə bağlı cərimə hesablanır. Buna əsasən, müvafiq aylar üzrə hesab-fakturası sifarişçiyə göndərilmiş, lakin 5 iş günü keçməsinə baxmayaraq bugünə kimi heç bir ödəniş olunmayıb. Bu səbəbdən 1 May 2021ci il tarixinə kimi gecikmə üçün ödəniləcək məbləğ sentyabr ayı hesab-fakturası üzrə 140 AZN, oktyabr ayı hesab-fakturası üzrə 219.5 AZN, noyabr ayı hesab-fakturası üzrə 109.2 AZN, yanvar ayı hesab-fakturası üzrə 173.41 AZN, fevral ayı hesab-fakturası üzrə 376.65 AZN, mart ayı hesab-fakturası üzrə 308.68 AZN, aprel ayı hesab-fakturası üzrə 23.8 AZN, ümumilikdə isə 1 351.24 AZN (min üç yüzəlli bir manat iyirmi dörd qəpik) təşkil edir. Yuxarıda qeyd olunmuş məbləğlər üzrə təqdim edilən X3 Fakturalar cavabdeh tərəfindən sistem üzərindən qəbul olunmuşdur və bu bir daha onu sübut edir ki, cavabdeh öhdəliyi qəbul edir, lakin faktiki olaraq icra etmir. Ödənilməmiş qalıq borcun ödənilməsinə dair iddiaçı tərəfindən cavabdehin ünvanına çoxsaylı müraciətlərin olunmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. 20.04.2021-ci il tarixində Cavabdeh MMC -nin ünvanına iddiaçı tərəfindən rəsmi pretenziya məktubu göndərilmişdir və həmin məktub 20.04.2021-ci il tarixində cavabdeh tərəfindən qəbul edilmişdir. Pretenziya məktubunda qeyd olunmuş müddət ərzində borcun ödənilməsinin həyata keçirilməsi tələb edilsə də, cavabdeh tərəfindən bugünə qədər heç bir ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi X2 oglu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında baglanmış 07 avqust 2020-ci il tarixli Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, sifarişçi Cavabdeh sifarişi əsasında "xxxx" qapalı səhmdar cəmiyyəti, sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, sifarişçi isə öz növbəsində bunun müqabilində icraçıya hazırki müqavilə ilə və hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə nömrə 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. 7 ədəd Elektron Qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi məbləgi 1547.57 manat məbləgdə elektron qaimə təqdim edilmiş, cavabdeh tərəfindən həmin qaimə təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 20 aprel 2021-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı cavabdehdən 1547.57 manat borcun ödənilməsini tələb etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 07 avqust 2020-ci il tarixli Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi haqqında müqavilə baglanmış və müqaviləyə əsasən icraçı sifarişçi Cavabdeh sifarişi əsasında "xxxx" qapalı səhmdar cəmiyyəti, sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil etməyi, sifarişçi isə öz növbəsində bunun müqabilində icraçıya hazırki müqavilə ilə və hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə nömrə 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə qeyd edir ki, Podrat müqaviləsi iki tərəfin Podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış Podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, İddiaçı tərəfindən tələb olunan görülmüş işlərlə baglı cavabdehə göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən təsdiq olunmuş bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrin cavabdeh tərəfindən təsdiq olunması qeyd olunan aylar üzrə iddiaçı tərəfindən işlərin icra edilməsi kimi qiymətləndirilməlidir. Buna görə də, Cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 1547.57 manat borc məbləği iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın 1351.24 manat gecikmə ilə bağlı cərimə məbləğinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 4.3-cü bəndinə əsasən hər gecikdirilən günə görə 1 faiz miqdarında cərimə hesablanır. Lakin məhkəmə hesab edir ki, tələb olunan 1351.24 manat dəbbə pulu məbləği yaranmış 1547.57 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 100 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 17,05 manat məbləği Cavabdehndən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, qalan 12,95 manat məbləği isə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 873C saylı, 07.08.2020-ci il tarixli “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi” haqqında müqavilə üzrə ödənilməmiş 1547.57 manat borc və 100 manat cərimə Cavabdehndən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 17,05 manat məbləği Cavabdehndən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 12,95 manat məbləği isə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2990/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2990/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver