Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2990/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən “Satıcı" "Alıcı”ya tələb olunan malı (bundan sonra “Mal”) satır. “Alıcı" isə həmin malı qəbul edir və hazırki Müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini "Satıcı”ya ödəyir. - 5.1-ci bəndinə əsasən malların qiyməti “Satıcı" tərəfindən müəyyən edilir və Tərəflər arasında razılaşdırılmış şəkildə hazırkı Müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilir. - 12.1-ci bəndinə əsasən müqavilə xx.xx.2022-ci il tarixində bağlanmışdır. Bu müqavilənin müddətinin bitməsinə 2 (iki) həftə qalmış tərəflərdən hər hansı biri ona xitam vermə barədə digər tərəfə bildiriş göndərməzsə müqavilə hər növbəli il müddətinə avtomatik uzadılmış hesab edilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. E-qaime portalından çıxarışdan görünür ki, İddiaçı MMC tərəfindən malların verilməsinə görə cəmi 3.809,16 manat (581,06 manat ƏDV xaric 3.228,10 manat) dəyərində o cümlədən 229,95 manat (35,08 manat ƏDV xaric 194,87 manat) EBCE seriyalı 646457 nömrəli, 76,65 manat (11,69 manat ƏDV xaric 64,96 manat) EBCE seriyalı 424035 nöməli və 82,5 manat (12,58 manat ƏDV xaric 69,92 manat) EBCE seriyalı 060260 nömrəli elektron qaimələr tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir.
3. Hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh MMC tərəfindən ümumilikdə 329,75 manat (EBCE seriyalı 060260 nömrəli, EBCE seriyalı 424035 nöməli və EBCE seriyalı 646457 nömrəli e-qaimələr üzrə) pul vəsaitini İddiaçı MMC-nin hesabına köçürmüşdür.
4. Sub-uçot hesabından digər sub-uçot hesaba xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli köçürülmə əməliyyatları ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından cəmi 59,36 manat məbləğində (EBCE seriyalı 060260 nömrəli, EBCE seriyalı 424035 nöməli və EBCE seriyalı 646457 nömrəli e-qaimələr üzrə (ƏDV)) pul vəsaiti İddiaçı MMC-nin hesabına ödənilmişdir.
5. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə son qalıq borcu 3.036,99 manat təşkil edir (ümumi dövriyyə 3.426,1 manat, cəmi ödənilən məbləğ 389,11 manat).
6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixində pretenziya məktubu ünvanlanmışdır.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3.036,99 manat məbləğində borcun və 51 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 088/22 B saylı 15 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. 088/22 B saylı 15 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin əlavəsində göstərilən mallar Cavabdeh MMC tərəfindən alınmışdır. Göstərilən müqavilə üzrə Cavabdeh MMCnin İddiaçı MMC-yə 3.036, 99 manat borcu yaranmışdır. Cavabdehə pretenziya göndərilməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21,1, 21.2, 385.1 və 389.1-cu maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə və vəkil məhkəmə tərəfindən verilən suallara cavab olaraq tələb etdiyi borc məbləğinin ƏDV daxil məbləğ olduğunu bildirmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV.TƏTBİQ EDİLƏN HÜQUQ
16. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 15 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş ƏDV daxil cəmi 3.809,16 manat məbləğində malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh həmin mallara görə ƏDV daxil 389,11 manat məbləğində ödəniş etməklə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
20. İddiaçı mübahisəli müqavilə üzrə malların təqdim etməsi faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaimələrin portaldan siyahısnı və müqavilə üzrə ödənişləri əks etdirən hesabdan çıxarışı (o cümlədən sub-hesab üzrə ƏDV ödənişlərini) məhkəməyə təqdim etmişdir.
21. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq və iddia tələbinə iddia tələbi həddində baxaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMCdən ƏDV daxil 3.036,99 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
22. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, 51 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
23. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 50,36 manat təşkil edir.
24. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 15 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 3.036,99 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva