Məhkəmə qərarları › İş №e-2-2(113)-2991/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2991/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2991/2024 23.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, elektron qaimələrin işgüzar praktikada rolu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 12402,99 manat əsas borcun və ödənilmiş 128 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 303/21 N saylı 25 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsində göstərilən mallar cavabdeh tərəfindən alınmışdır. Göstərilən müqavilə üzrə cavabdehin iddiaçıya 12402,99 manat borcu yaranmışdır. Bununla bağlı cavabdehə pretenziya göndərilmiş, lakin borc məbləğinin ödənlməsinə dair heç bir tədbir görülməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 389-cu və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmmənin suallarına cavab olaraq bildirdi ki, tərəflər arasında işgüzar praktika bu istiqamətdə formalaşmışdır ki, malların təhvil-təslimi elektron qaimələrin təqdim olunması ilə rəsmiləşdirilmiş, buna əsasən də cavabdeh tərəfindən ödənişlər edilmişdir.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına çatdırılmaqla, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla, telefonoqramlar ötürülməklə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC (Satıcı qismində) ilə Cavabdeh MMC (Alıcı qismində) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 303/21N nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, müqaviləyə əsasən Satıcı Alıcıya tələb olunan malı satır. Alıcı isə həmin malı qəbul edir və hazırkı müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəyir (2.1). Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri tərəflərin razılaşması ilə bu müqaviləyə tərtib olunmuş Əlavələrlə müəyyən olunur (2.2). Müqavilənin icrası müddətində tərəflər (onların təmsilçiləri, səlahiyyətli nümayəndələri, səlahiyyət verilmiş iş icraçıları) arasında olan bütün məktublaşma və elektron poçt vasitəsi ilə aparılan yazışmalar tərəflərin iradə ifadəsini hesab olunur və bu müqavilənin tərkib hissəsi hesab olunur (2.3). Mallar Alıcının sifarişi əsasında 2 (iki) iş günü ərzində Satıcı tərəfindən öz hesabına çatdırılır (4.1). Mallar Alıcıya tərəflərin razılığı əsasında öncədən təyin etdiyi yerdə təhvil verilir (4.2). Satıcı Alıcıya malları müvafiq qaimə-faktura (təhvil-təslim aktı) ilə təhvil verir. Malın Alıcının anbarına qəbul edilmə tarixi, malın göndərilməsi tarixi sayılır (4.4). Malların qiyməti Satıcı tərəfindən müəyyən edilir və tərəflər arasında razılaşdırılmış şəkildə hazırkı müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilir (5.1). Bu müqavilə üzrə Alıcıya verilən malların ümumi məbləği qaimə-fakturada göstərilir (5.3). Ödəniş Satıcının hazırkı müqavilənin rekvizitlərində göstərilmiş hesablaşma hesabına malın əsas məbləği, ƏDV-si isə ƏDV depozit hesabına köçürmə yolu ilə həyata keçirilir (5.4). Alıcı ödənişi malı təhvil aldığı tarixdən 15 (on beş) iş günü müddətində həyata keçirməyi öz üzərinə götürür (5.5).

11. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 62 elektron qaimə ƏDV daxil olmaqla ümumilikdə 86800,16 manat dəyərində malın cavabdehə verilməsi üçün tərtib edilmişdir və həmin qaimələr “təsdiqlənmiş” və “sistem tərəfindən təsdiqlənmiş” statusundadırlar.

12. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı”ndan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək depozit hesabına cavabdeh tərəfindən ümumilikdə 9180,71 manat məbləğində ƏDV məbləği köçürülmüşdür.

13. İş materiallarına əlavə edilən iddiaçıya məxsus AZ88BRES******************** nömrəli bank hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən ümumilikdə 48455,5 manat məbləğində pul iddiaçının hesabına köçürülmüşdür.

14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 303/21N nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavədə göstərilən məhsulları satmağı, cavabdeh isə satın aldığı malların dəyərini müqaviləyə və əlavələrinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 62 elektron qaimə üzrə ƏDV daxil olmaqla ümumilikdə 86800,16 manat dəyərində mal verilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən ümumilikdə ƏDV daxil olmaqla 57636,21 manat məbləğində pul ödənilmişdir.

15. İddiaçı xx.xx.2021-ci il tarixli 303/21N nömrəli alqı-satqı müqaviləsi üzrə verilmiş malların qalıq dəyərinin – 12402,99 manat məbləğində pulun tutulmasını tələb edir.

16. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

17. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

19. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

20. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

21. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

22. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

25. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

26. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 5.5-ci bəndinə əsasən, alıcı ödənişi malı təhvil aldığı tarixdən 15 iş günü müddətində həyata keçirməyi öz üzərinə götürür), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

27. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir. Belə ki, tərəflər arasında malların qəbulu elektron qaimə-fakturalar əsasında aparılmışdır. İddiaçı həmin qaimələri elektron sistem vasitəsilə cavabdehə göndərmiş, cavabdeh isə təsdiqləmişdir (bəzi hallarda sistem tərəfindən təsdiqlənmişdir). Məhz hesabdan çıxarışdan da cavabdeh tərəfindən bütün ödənişlərin ayrı-ayrı elektron qaimələrə istinad etməklə edildiyi görünür. Başqa sözlə, tərəflər arasında formalaşmış işgüzar praktikada elektron qaimə malların təhvil-qəbul aktı kimi çıxış etmişdir və iddia tələbinin əsaslandığı mallar üçün də həmin işgüzar münasibətlərə uyğun olaraq elektron qaimələr göndərilmişdir. Eyni zamanda cavabdeh iddiaçı tərəfindən göndərilən bəzi elektron qaimələri təsdiq etmiş, bəzi elektron qaimələr isə sistem tərəfindən təsdiqlənmişdir. Həmçinin cavabdeh xx.xx.2023-cü il tarixli EBDQ 174626 seriya və nömrəli elektron qaiməni ləğvə qaytarmışdır. Bu isə cavabdeh tərəfindən elektron sistemə sayıq nəzarətin aparıldığını, elektron qaimələrin təsadüfi olaraq təsdiqlənmədiyini (sistem tərəfindən təsdiqlənmədiyini) göstərir.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

33. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

34. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2021-ci il tarixli 303/21N nömrəli alqı-satqı müqaviləsi üzrə 12402,99 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

35. İddiaçı ödənilmiş 128 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

36. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 128 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

38. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 25 noyabr 2021-ci il tarixdə bağlanmış 303/21N nömrəli malların alqı-satqısı haqqında müqavilə üzrə 12402 (on iki min dörd yüz iki) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar