Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2994/2021 09.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı “Makro 2020 X1 Taahüt İç və Dış Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “Makro 2020 X1 Taahüt İç və Dış Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 7742 manat pul və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında beton, memarlıq işlərinin görülməsi barədə 02.03.2020-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh müqavilədə və ona əlavə edilən razılaşmalarda göstərilmiş beton, memarlıq işlərinin görülməsi və iddiaçının mülkiyyətinə təhvil verilməsini, iddiaçı isə həmin malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən iddiaçı tərəfindən avans olaraq 10000 manat avans ödənilmiş, qalıq hissə mallar təhvil verildikdən sonra ödənilməli idi. Malın sifarişə əsasən keyfiyyəti və kəmiyyəti aşağı olduqda həmin mallara görə cavabdehin ödəniş tələb etmək hüququ yoxdur. İşlərin görülməsi məqsədilə tərəfimizdən müqavilənin 2.1-ci bəndində göstərildiyi kimi 12000 manat avans pul ödənilmişdir. Lakin cavabdeh tərəfindən görülmüş olan işlərin keyfiyyəti aşağı olduğundan müqavilə üzrə işlərin görülməsi iddiaçı tərəfindən dayandırılmışdır. Bunun nəticəsində iddiaçı yenidən həmin işləri başqa müəssisəyə gördürmək məcburiyyətində qalmışdır ki, bu da ona ziyan vurmuşdur. Bununla əlaqədar olaraq cavabdeh müəssisəyə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş və 08.07.2020-ci il tarixli pretenziya məktubu təqdim edilmişdir. Bundan sonra iddiaçı ilə cavabdeh arasında 26.10.2020-ci il tarixli üzləşmə aktı imzalanmış və həmin akta əsasən cavabdeh iddiaçıya 7742 manat borcunun olduğunu etiraf etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində göstərilənlərlə razıdır, iddia ərizəsində göstərilən borc məbləğini də qəbul edir. Lakin tərəflər arasında sonradan əldə edilmiş razılaşmaya əsasən göstərilən borc 2021-ci ilin oktyabr ayına qədər ödənilə bilər. Bu səbəbdən iddia tələbi əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 02 mart 2020-ci il tarixli 0203/001 saylı xidmət müqaviləsinin 1-ci bəndinə əsasən icraçı (cavabdeh) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən əlavə razılaşmalarda beton, memarlıq işlərinin görülməsi, sifarişçinin (iddiaçı) mülkiyyətinə verməyi, sifarişçi isə həmin malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçiyə faktiki təhvil verilən mala uyğun elektron qaimə tərtib edilir. Ödəniş şərti olaraq öncədən 10.000,0 manat avans olaraq ödənilir. Malın sifarişə əsaüsən keyfiyyəti və ya kəmiyyəti aşağı olduqda, həmin mallara görə icraçının ödəniş tələb etmək hüququ yoxdur. Ödəniş edilməsi üçün icraçı sifarişçiyə elektron qaimə, hesab faktura təqdim edir (ödəniş yerində görülən işə uyğun olunacaq). Müqavilənin 3-cü bəndinə əsasən malın keyfiyyəti Azərbaycan Respublikasının müvafiq normaları ilə müəyyənləşdirilən standartlara cavab verməlidir. İcraçı Sifarişçinin sifariş etdiyi malın növü və keyfiyyətindən az keyfiyyətli və ya keyfiyyətsiz mala və həmin maldan istifadə edilməsi nəticəsində sifarişçiyə və 3-cü şəxslərə dəymiş ziyana görə tam maddi məsuliyyət daşıyır və bu barədə Sifarişçiyə heç bir tələb irəli sürə bilməz. Müqavilənin 5.2.3-cü bəndinə əsasən icraçı sifarişçinin tələbi ilə keyfiyyətsiz malın keyfiyyətlisi ilə əvəz edilməsi üçün bütün xərcləri öz hesabına ödəmək vəzifəsini daşıyır. Müqavilə tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunmuşdur. 02.03.2020-ci il tarixli 0203/001 saylı müqaviləyə əsasən X2 tərtib olunmuş və həmin protokolda icraçı tərəfindən sifarişçiyə göstəriləcək xidmətlərin qiymətləri əks olunmuşdur. X2 tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunmuşdur. 02.03.2020-ci il tarixli 0203/001 saylı müqaviləyə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Ərzaq X3 X5 görüləcək işlərin X2nda cavabdeh tərəfindən ümumilikdə 57895.60 manat məbləğində işin görülməsi barədə tərəflər razılığa gəlmişlər. X2 tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunmuşdur. 02.03.2020-ci il tarixli 0203/001 saylı müqaviləyə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Ərzaq X3 X4 görüləcək işlərin X2nda cavabdeh tərəfindən ümumilikdə 22253.24 manat məbləğində işin görülməsi barədə tərəflər razılığa gəlmişlər. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 08 iyul 2020-ci il tarixli pretenziya məktubuna əsasən iddiaçı cavabdehdən müqavilə üzə götürdüyü öhdəliklərə əməl etmədiyi üçün ödənilmiş 5342 manat pulun və dəymiş ziyan olaraq 5000 manat, cəmi 10342 manat pulun 3 gün ərzində ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış 26.10.2020-ci il tarixli üzləşmə aktına əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 02.03.2020-ci il tarixli müqaviləyə əsasən tərəflər yaranmış borcun cavabdeh tərəfindən hissələrlə ödəniləcəyi barədə razılığa gəlmişlər. Üzləşmə aktı tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunmuşdur. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 02.03.2020-ci il tarixli, 0203/001 saylı xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 7742 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7742 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7742 (yeddi min yeddi yüz qırx iki) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Makro 2020 X1 Taahüt İç və Dış Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2994/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2994/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver