Məhkəmə qərarları › İş №e-2-2(113)-2996/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2996/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2996/2024 20.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh X6 arasında bağlanılmış 19 iyul 2023-cü il tarixdə SQ/ASC-23 nömrəli malların alqı-satqısı haqqında müqaviləsinin ləğv olunması, həmin müqaviləyə əsasən yaranmış 70 000 manat pulun və məhkəmə üçün ödənilmiş 300 manat rüsum xərcinin, cəmi 70300 manat pulun Cavabdeh QSC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 2019-cu ildən fəaliyyətə başlamış, Respublika ərazisinə mineral gübrələrin idxalı və satışı ilə məşğul olan, vergi orqanında qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı Aqrar İnnovasiya və Təchizat Şirkəti” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh QSC arasında 19 iyul 2023-cü il tarixdə SQ/ASC-23 nömrəli malların alqı-satqısı haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixdə sözügedən müqavilə üzrə X2 imzalanmışdır. Sözü gedən müqavilə və X1 əsasən qiyməti 105 000 manat olan 150 000 kq həcmində Qarabağ 22 R1 sortlu Arpa Toxumunun və qiyməti 35000 manat olan 50 000 kq həcmində Dəyanətli R 1 sortlu Arpa Toxumunun dəyərinin 50%-i avans şəklində qalan 50%-i isə mallar təhvil alındıqdan 3 gün ərzində iddiaçı tərəfindən cavabdehə ödənilməli idi. İddiaçı tərəfindən ümumilikdə 70 000 manat pul avans şəklində cavabdehə ödənilsə də, cavabdehin təqdim etdiyi mallar isə Müqavilənin və Razılaşma protokolunun şərtlərinə cavab verməmişdir. Belə ki, iddiaçı tərəfindən Qarabağ 22 R1 arpa toxumu və Dəyanətli R 1 arpa toxumu sifariş verilsə də cavabdeh tərəfindən qeyd olunan mallardan aşağı sortda olan Qarabağ 33 R1 və Dəyanətli R2 sortlu arpa toxumları təqdim edilmişdir. Nəticə etibarı ilə şirkət satış planlaşdırdığı müştərilərə satış edə bilməmiş, müştərilər və satış nöqtələri ilə problemlər yaranmış, şirkət imicinə zərər dəymişdir. 19 iyul 2023-cü il tarixli X5 toxumunun sortu Qarabağ 22 R1 olunsa da,cavabdehin təqdim etdiyi 23-089- 012-00304 nömrəli toxum etiketindən görünür ki, toxumun sortun Qarabağ – 33 göstərilmişdir, həmin Protokolda digər arpa toxumunun sortu Dəyanətli R 1 qeyd edilsə də, 28 fevral 2024-cü il tarixli uyğunluq sertifikatından isə müəyyən olunur ki həmin toxumun reproduksüiyası R-2-dir. 70 000 manat məbləğin geri qaytarılması ilə bağlı cavabdehə pretenziya məktubları göndərilərək pulun geri qaytarılması üçün müəyyən vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş edilməmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh X6 arasında bağlanılmış 19 iyul 2023-cü il tarixdə SQ/ASC-23 nömrəli malların alqı-satqısı haqqında müqavilə ləğv olunması, həmin müqaviləyə əsasən yaranmış 70000 manat pulun, AR MM-nin 445.7-ci maddəsinə əsasən 70 000 manat əsas borca illik 5% dərəcəsi ilə hesablanmış 2895,89 manat faiz borcunun, məhkəmə üçün ödənilmiş 300 manat rüsum xərcinin, cəmi 73195,89 manat pulun Cavabdeh QSC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Hüseynov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçı tərəfindən ödənişin həyata keçirildiyi gündən iddia ərizəsi verilən tarixə qədər əlavə olaraq illik 5 faizlə hesablanmış faiz borcu ödəməlidir. İddiaçı ödədiyi vəsaitin geri qaytarılmasını ilk dəfə xx.xx.2024-cü il tarixdə cavabdehdən tələb etmiş, daha əvvəl isə malların təhvil verilməsini istəmişdir. Hazırda iddiaçının həmin mallara marağı olmadığı üçün müqavilənin ləğv edilməsini və avansın geri qaytarılmasını tələb edirlər.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır.

6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı və cavabdeh arasında bağlanmış 19 iyul 2023-cü il tarixdə SQ/ASC-23 saylı alqı-satqı müqaviləsinə əsasən Satıcı Alıcının sifarişinə uyğun olaraq tədarük olunan malların siyahısı, qiyməti, növləri, miqdarı, çatdırılma müddəti və digər parametrləri ayrıayrı sifariş(lər) formasında tərtib olunaraq Tərəflər arasında rəsmiləşdirilən, Əlavə(lər)də, hesab fakturalarda göstərilən malları razılaşdırılmış şərtlərlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 3.2-ci bəndinə əsasən Malların təhvil verilməsi Satıcının müəyyən etdiyi yerdə-ünvanda həyata keçiriləcək. Alıcının həmin Mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar Alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına qənaətbəxş səviyyədə bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tam Təhvil-Təslim Aktına əsasən təhvil verilmiş olsun.

10. Müqavilənin 12.1-ci bəndinə əsasən Tərəflərdən hər hansı biri bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, digər tərəfin hüququ olacaqdır ki, yazılı şəkildə bildiriş təqdim etməklə bu müqaviləyə vaxtından əvvəl xitam versin.

11. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli X3 əsasən satılacaq malların yekun məbləği 140.000,00 manat müəyyənləşdirilmişdir. Həmin protokola əsasən müqavilə imzalandıqdan və 50% avans olunduqdan sonra 10 gün ərzində satıcı məhsulu alıcıya təhvil verməli və yaxud alıcının müraciətinə əsasən hissə-hissə göndərdiyi yük maşınlarına həmin gün yükləməklə təmin etməlidir.

12. 19 yanvar 2024-cü il tarixli pretenziya məktubu ilə iddiaçı 19 iyul 2023-cü il tarixli, SQ/ASC-23 nömrəli “malların alqı-satqısı haqqında” müqaviləyə və 19 iyul 2023-cü il tarixli qiymət razılaşma protokolu üzrə Cavabdeh QSC-yə ödənilmiş 70000 (yetmiş min) manat pulun 10 gün ərzində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmasını tələb etmişdir.

13. 07.08.2023-cü il tarixli, OD6 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə 70000 (yetmiş min) manat avans ödənilmişdir.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi icra edərək, malların dəyərini ödəmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. İddiaçı hazırda təhvil verilməmiş mallara görə ödəmiş olduğu vəsaitin geri qaytarılmasını tələb edir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

17. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

18. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

19. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 70000 manat vəsaitin qarşılığında hər hansı mal təhvil verilməmişdir.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (maddə 491.2). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (maddə 491.3).

22. Məhkəmə qeyd etmək istəyir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.

23. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə beh deyil, avans ödənildiyi, ödənilmiş avansın müqabilində cavabdeh tərəfindən iddiaçıya mal təqdim edilmədiyi müəyyən edildiyindən iddia tələbi 70000 manat pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

24. İddia ərizəsindən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbini də irəli sürmüşdür.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

26. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini uzun müddətdir yerinə yetirmədiyindən iddiaçı tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır.

28. İddia ərizəsindən görünür ki, iddiaçı borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 2895,89 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür.

29. İddiaçı iddia ərizəsində avansın ödənildiyi tarixdən ərizə verilən günə qədər hesablanmış ümumilikdə 2895,89 manat pulun tutulmasını xahiş etsə də, materiallardan görünür ki, iddiaçı ödədiyi 70000 manat avans məbləğin qaytarılmasını xx.xx.2024-cü il tarixdə cavabdehə təqdim etdiyi xəbərdarlıq məktubunda (xəbərdarlığın alınmasından sonra 10 gün müddətində) tələb etmiş, lakin cavabdeh həmin vəsaiti qaytarmamışdır.

30. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (iddia tələbinin həcminin artırılması barədə ərizə verilən gün) MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır, iddia tələbi bu hissədə qismən təmin edilərək cavabdehdən 1245,40 manat faiz borcu (70000 * 5 /365 * 130 gün) tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

32. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

33. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

34. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

35. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

36. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

37. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

39. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

40. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

41. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

42. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

43. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 70000 manat əsas borc, 1245,40 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 300 manat dövlət rüsumu cavabdehə, 9,59 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 70000 manat məbləğində pul, 1245,40 manat faiz borcu, ödənilmiş 300 manat dövlət rüsumu, ümumilikdə 71545,40 (yetmiş bir min beş yüz qırx beş manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 9,59 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar