Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3000/2025 10.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Cavabdeh”nə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xarici şəxs, məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq edilən hüquq, alqısatqı müqaviləsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh “Cavabdeh” Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 219 nömrəli alqı-satqı müqaviləsi üzrə 52650 ABŞ dolları məbləğində avans ödənişinin və ödənilmiş 359 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə X3 “Cavabdeh” Şirkəti arasında xx.xx.2022-ci il tarixli 219 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə uyğun olaraq xx.xx.2022-ci il tarixli sifariş sənədi üzrə (5 saylı Əlavə) (sifariş nömrəsi: KAB 02-2023, KAB 03-2023) cavabdehə hər birinin dəyəri 52650 ABŞ dolları olmaqla ümumi dəyəri 157 950 ABŞ dolları olan 3 sifariş verilmişdir. Razılaşmaya əsasən, məhsulların dəyərinin 50 %-i yükləmə tarixindən 15 gün öncədən, qalan 50 %-i isə məhsul təhvil alınıb test edildikdən sonra ödəniləcəkdir. Razılaşmaya uyğun olaraq iddiaçı tərəfindən cavabdehə ümumi sifariş dəyərinin 50 %-i, yəni 78975 ABŞ dolları öncədən bank köçürməsi vasitəsilə köçürülmüşdür. Belə ki, təqdim edilmiş xx.xx.2023-cü il tarixli SWİFT sənədi ilə 52650 ABŞ dolları və xx.xx.2023-cü il tarixli SWİFT sənədi ilə 26325 ABŞ dolları olmaqla ümumilikdə 78975 ABŞ dolları cavabdehə ödənilmişdir. 2-ci sifariş çatdırıldıqdan sonra isə xx.xx.2024-cü tarixli SWİFT sənədinə əsasən həmin sifarişin qalan 50 % dəyəri də (26325 ABŞ dolları) cavabdehə ödənilmişdir. Lakin 1-ci və 3-cü sifarişlər üzrə malların 50 % dəyəri ödənilsə də, həmin mallar bu günə kimi iddiaçıya təqdim edilməmişdir. Müqaviləyə 5 saylı əlavədə qeyd olunur ki, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən, 10 noyabr tarixində 2 konteyner, 7 dekabr tarixində 1 konteyner mal iddiaçıya təhvil verilməlidir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi tam şəkildə icra etməməklə yanaşı, sifarişlərin çatdırılması üçün edilmiş avans ödənişlərini də geri qaytarmamışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 568.1, 575.1, 578.1, 569.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi X4 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Cavabdehə iddia ərizəsi və məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişinin təqdim edilməsi üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2-2(113)-3000/2025 nömrəli qərardadı ilə X3 aidiyyəti məhkəməsinə məhkəmə tapşırığı göndərilmiş, Azərbaycan Respublikasının Birləşmiş X1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsilə məhkəməyə daxil olmuş məlumata əsasən X3 səlahiyyətli qurumları tərəfiindən zəruri tədbirlər görülmədən Dubay Məhkəmələrinin bəyannaməsində göstərilən bildirişə uyğun olaraq X3 Xarici İşlər Nazirliyinin notası ilə geri qaytarılmışdır. Dubay Məhkəmələrinin 816 nömrəli arayışında (xarici məhkəmə bildirişi) göstərilmişdir ki, şirkətin ünvanında qarşılayan əməkdaş şirkətin göndərilmiş ünvanla heç bir əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı
8. Məhkəmə əvvəla hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.
9. Mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur.
10. Belə ki, Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
11. Ümumi norma kimi çıxış edən Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsi ilə qanunverici kommersiya mübahisələri üzrə məhkəmənin beynəlxalq səlahiyyətini ərazi prinsipi əsasında müəyyən etmiş, yalnız xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olduğu halda məhkəməni işə baxmağa səlahiyyətli etmişdir.
12. Xüsusi norma kimi isə Mülki Prosessual Məcəllənin 443-450-ci maddələri çıxış edir. Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Proqasiya sazişi adlanan bu razılıq ayrıca saziş şəklində və ya ümumi müqavilənin bir bəndi kimi tərtib edilə bilər.
13. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4 - 2.5-ci və 2.8-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... . Nəzərə alınmalıdır ki, MPM-in 450-ci maddəsində müəyyən edilmiş qaydada xarici elementli kommersiya mübahisələri üzrə Azərbaycan Respublikasının məhkəməsi beynəlxalq səlahiyyətə malik olmasa belə, tərəflər Azərbaycan Respublikası məhkəməsinin belə səlahiyyətə malik olmasını müəyyən edə (proroqasiya sazişi) və ya konkret mübahisə üzrə xarici dövlətin məhkəməsinin (deroqasiya sazişi) beynəlxalq səlahiyyətli olması barədə razılığa gələ bilərlər (müqavilə aidiyyəti).
14. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 219 nömrəli müqavilənin 8.1-ci bəndindən görünür ki, bu Müqavilə ilə bağlı yaranan və sülh yolu ilə həll edilə bilməyən bütün mübahisələr və fikir ayrılıqları Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrinə təqdim ediləcək və bu məhkəmənin qərarları hər iki tərəf üçün qəti və məcburidir.
15. Göründüyü kimi, tərəflər müqavilədən irəli gələn mübahisənin həllində iddiaçı alıcı olduğu təqdirdə, Azərbaycan məhkəmələrinin beynəlxalq səlahiyyətini – yurisdiksiyasını tanımışlar.
16. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 219 nömrəli müqavilədən irəli gələn hazırkı mübahisəyə baxmaqda prosessual baxımdan səlahiyyətlidir.
17. Məhkəmə hazırkı mübahisənin həllində tətbiq ediləcək hüquq normalarının seçilməsi ilə bağlı qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir (1.2.). Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir (1.3).
18. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.9-cu bəndinə əsasən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.
19. Göründüyü kimi, xarici şəxslərin iştirakı ilə olan mübahisələrin düzgün həlli üçün hansı ölkənin hüquq normalarının tətbiqi məsələsi tərəflərin aydın ifadə edilən və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından irəli gələn razılığı əsasında müəyyənləşdirilməlidir.
20. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 219 nömrəli müqavilənin 8.2-ci bəndindən görünür ki, bu Müqavilədə nəzərdə tutulmayan bütün məsələlərdə Azərbaycan Respublikasının qanun və qaydaları tətbiq edilir.
21. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin adıçəkilən bəndini və iddia ərizəsində Azərbaycan Respublikasının müvafiq qanunvericilik normalarına istinad olunduğunu nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
b) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
22. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
23. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
24. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı (alıcı qismində) ilə cavabdeh (satıcı qismində) arasında xx.xx.2022-ci il tarixli 219 nömrəli alqısatqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, məhsulların miqdarı, çeşidi, qiyməti, çatdırılma və xidmət şərtləri və ödəniş şərtlərinin cavabdeh tərəfindən iddiaçıya göndərilən proforma fakturada qeyd olunması razılaşdırılmış, cavabdeh razılaşdırılmış miqdarda, çeşiddə, qiymətdə kokos yonqarı tozunu tərəflər arasında razılaşdırılmış yerdə, çatdırılma şərtlərinə uyğun olaraq (“İncoterms-2020”-yə müvafiq qaydada) təmin etməyi və satmağı, iddiaçı isə yuxarıda qeyd olunanları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 01 nömrəli əlavəyə əsasən malın adı, ölçüsü, qiyməti, kəmiyyəti və spesifikasiyası razılaşdırılmış, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə dəyəri 105300 ABŞ dolları məbləğində məhsul üçün proforma faktura təqdim edilərək həmin məbləğin 52650 ABŞ dolları hissəsinin, 52650 ABŞ dolları məbləğində məhsul üçün proforma faktura təqdim edilərək həmin məbləğin 26325 ABŞ dolları hissəsinin ilkin ödənilməsi tələbi qoyulmuş, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 52650 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 26325 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 26325 ABŞ dolları olmaqla ümumilikdə 105300 ABŞ dolları məbləğində pul cavabdehin bank hesabına köçürülmüşdür.
25. İddiaçı bildirir ki, xx.xx.2022-ci il tarixli 219 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehə hər birinin dəyəri 52650 ABŞ dolları olmaqla ümumi dəyəri 157 950 ABŞ dolları olan 3 sifariş verilmiş, razılaşmaya uyğun olaraq iddiaçı tərəfindən cavabdehə ümumi sifariş dəyərinin 50 %-i, yəni 78975 ABŞ dolları öncədən bank köçürməsi vasitəsilə köçürülmüş, 2-ci sifariş çatdırıldıqdan sonra isə xx.xx.2024-cü tarixdə həmin sifarişin qalan 50 % dəyəri də 26325 ABŞ dolları cavabdehə ödənilmiş, lakin 1-ci və 3-cü sifarişlər üzrə malların 50 % dəyəri ödənilsə də, həmin mallar bu günə kimi iddiaçıya təqdim edilməmişdir. Ona görə də 52650 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
26. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir.
27. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
28. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
30. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
31. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
32. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olub, iddiaçının qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir.
33. Belə ki, Mülki Məcəllənin 599.3-cü maddəsinə görə, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
34. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn, əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququnu realizə edir. Bu mənada göstərilməlidir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli 219 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etdiyini – 52650 ABŞ dolları dəyərində razılaşdırılan malları verdiyini sübut edə bilməmişdir.
35. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
36. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
39. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə dəyəri ödənilmiş əşyanın verilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (satıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
40. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia təmin olunmalı, xx.xx.2022-ci il tarixli 219 nömrəli alqı-satqı müqaviləsi üzrə 52650 ABŞ dolları borc cavabdeh “Cavabdeh” Şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
41. İddiaçı 359 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmişdir.
42. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli qəbzlə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 359 manat dövlət rüsumu ödənilmişdir.
43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Yuxarıda göstərilənlərə əsasən və iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 359 manat pul cavabdeh “Cavabdeh” Şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə “Cavabdeh” Şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 52650 ABŞ dolları məbləğində pul cavabdeh "xxxx" Şirkətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 359 manat məbləğində pul cavabdeh “Cavabdeh” Şirkətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova