Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3003/2024 27.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 4500 manat əsas borc, 20700 manat cərimə məbləğinin və ödənilmiş 166,56 manat dövlət rüsumu, 320 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. 01 dekabr 2022-ci il tarixində iddiaçı ilə cavabdeh arasında malların və xidmətlərin alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, malların iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixinədək təhvil verilməsi, cavabdeh tərəfindən isə ödənişin müqavilədə nəzərdə tutulmuş qaydada icra olunması razılaşdırılmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək, sifarişlər əsasında 07, 09, 12 və 17 noyabr 2022-ci il tarixlərində ümumi dəyəri 12898,40 manat olan malları cavabdehə təhvil vermişdir. Adıçəkilən müqavilənin 4-cü bəndinə əsasən, malların ödənişi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tam şəkildə həyata keçirilməli idi. Həmçinin xx.xx.2023-cü il tarixinədək cavabdeh tərəfindən sözügedən ödəniş tam şəkildə edilmədiyi halda, müqavilədə sonuncunun xx.xx.2023-cü il tarixindən etibarən hər gecikən günə münasibətdə qalıq borc məbləğinin 5 faizi nisbətində cərimə olunacağı müqavilə üzrə müəyyən edilmişdir. 2.2. Müqavilənin tələblərinə uyğun olaraq müvafiq mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilsə də, cari tarixədək cavabdeh tərəfindən malların ümumi dəyərinin sadəcə 8398 manatlıq hissəsi üzrə ödəniş edilmişdir. Bu səbəbdən müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə öhdəliklərin son icra tarixindən (xx.xx.2023-cü il tarixindən) başlamaqla və növbəti 92 gün üçün hesablanmaqla 20700 manat məbləğində cərimə hesablanmışdır. 2.3. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu (əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə pretenziya məktubu göndərilmişdir) və mediasiya təklifi göndərilsə də, heç bir ödəniş edilməmişdir. Pretenziya məktubu ilə borcun ödənilməsi xahiş olunsa da, cavabdeh pretenziya məktubunun ona çatdığı gündən cari tarixədək bu müraciətlərə cavab verməmiş və borcun ödənilməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Yəni qalıq borc məbləği bu günədək ödənilməmiş qalmaqdadır. Bu da cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi deməkdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 462, 567, 597, 598-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını xahiş etdi.
6. Məhkəmənin birinci hazırlıq iclasında iştirak edən cavabdeh 01 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 8398 manat ödəniş etdiyini, 4500 manat borcu qaldığını, lakin iddiaçının da ona zərər vurduğunu, bu səbəbdən də borcu ödəmədiyini bildirdi.
7. Cavabdeh “hüquqşünas”ının iştirak etməsi üçün məhkəmənin birinci hazırlıq iclasının təxirə salınmasını xahiş etsə də, növbəti məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların və xidmətlərin alqı-satqısına dair müqavilənin şərtlərindən görünür ki, bu müqavilə ümumi dəyəri 12898,40 manat olaraq müəyyən edilmiş mallar əlavə 1-də öz əksini tapmışdır ki, Satıcı tərəfindən təmin edilməsini və Alıcı tərəfindən malların təhvil alınmasını nəzərdə tutur və bütün keçmiş təklifləri, danışıqları, yazışmaları əvəz edir. Bu Müqavilə üzrə malların Satıcı tərəfindən xx.xx.2022-ci il tarixinədək təhvil verilməsi və Alıcı tərəfindən ödəniş bu Müqavilənin 4-cü maddəsinə əsasən icra olunur (1-ci hissə). Mallar üzrə qiymət təhvil aktlarında əks olunmuşdur (4.1). Malların ödənişi Alıcı tərəfindən Satıcının Müqavilənin 2-ci maddəsinə əsasən öhdəliyini tam olaraq yerinə yetirdikdən sonra, yəni xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tam məbləğ nağd formada ödəniş edilməlidir (4.2). Satıcının Malların qiymətini dəyişmək hüququ vardır və Satıcı, yeni qiymətlərin tətbiq olunmasından 20 (iyirmi) təqvim günü qabaqcadan Alıcını xəbərdar etməlidir (4.3).
12. Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, ümumilikdə 12898,4 manat dəyərində ayrı-ayrı malların qiyməti razılaşdırılmışdır.
13. Məhkəməyə təqdim edilən təhvil-təslim aktlarından görünür ki, 07 dekabr 2022ci il tarixdə 1094 nömrəli aktla 3280 manat, 09 dekabr 2022-ci il tarixdə 1129 nömrəli aktla 2580 manat, 12 dekabr 2022-ci il tarixdə 1148 nömrəli aktla 5406 manat və 1149 nömrəli aktla 1035 manat, 17 dekabr 2022-ci il tarixdə 1245 nömrəli aktla 882 manat olmaqla ümumilikdə 13183 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehə (“Zəngəzur” restoranı) təhvil verilmişdir.
14. İş materiallarına əlavə edilən kassa mədaxil orderlərindən görünür ki, 28 dekabr 2022-ci il tarixdə 500 manat, 19 yanvar 2023-cü il tarixdə 2700 manat, 28 fevral 2023-cü il tarixdə 2695 manat, 08 avqust 2023-cü il tarixdə 2503 manat olmaqla ümumilikdə 8398 manat ödəniş edilmişdir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqaviləyə 1 saylı əlavədə göstərilən malları satmağı, cavabdeh isə həmin malları qəbul edib bunun müqabilində razılaşdırılmış qiymətlərlə malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 07 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək ümumilikdə 13183 manat dəyərində mal cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən 28 dekabr 2022-ci il tarixdə 500 manat, 19 yanvar 2023-cü il tarixdə 2700 manat, 28 fevral 2023-cü il tarixdə 2695 manat, 08 avqust 2023-cü il tarixdə 2503 manat olmaqla ümumilikdə 8398 manat ödəniş edilmişdir.
16. İddiaçı 07 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında təhvil verilən malların qalıq dəyəri olan 4500 manat məbləğində pulun ödənilməsini tələb edir.
17. Cavabdeh əsas borcu qəbul edir, lakin iddiaçının da ona ziyan vurduğunu, bu səbəbdən də ödənişi həyata keçirmədiyini bildirir.
18. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
19. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
22. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqaviləsi olub (müqavilələrin 4.2-ci bəndi ilə alıcının ödəməni xx.xx.2023-cü il tarixinədək həyata keçirməli olduğunun şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
24. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
30. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
31. Məhkəmə cavabdehin iddiaçı tərəfindən ona ziyan vurulması və bu səbəbdən də ödənişi icra etməməsi ilə bağlı mövqeyinə münasibətdə qeyd edir ki, hazırda cavabdeh zərərin əvəzinin ödənilməsi tələbi ilə çıxış etmədiyindən həmin hissədə qiymətləndirilmə aparılması mümkün deyildir. Lakin sonuncu əsaslar olarsa tələb hüququnu özündə saxlayır.
32. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 07 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 4500 manat əsas borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
33. İddia ərizəsində iddiaçı həmçinin 20700 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
34. xx.xx.2022-ci il tarixli malların və xidmətlərin alqı-satqısına dair müqavilənin 4.2ci bəndinə əsasən, bu müqavilə üzrə dəyər 12898,40 manat xx.xx.2023-cü il tarixinədək Alıcı Fərdi X1 tərəfindən tam məbləğ ödənişi və ödənişi təsdiq edilən İddiaçı MMC tərəfindən imza möhürlü sənəd təqdim edilmədiyi təqdirdə xx.xx.2023-cü il tarixindən etibarən qalıq borc məbləğini və eyni zamanda qalıq borc məbləğinin 5% nisbətində hər gecikən günə nisbətində faiz borcunu öz məsuliyyətinə və öhdəliyinə qəbul edir.
35. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
36. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
37. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
38. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da xx.xx.2022-ci il tarixli malların və xidmətlərin alqı-satqısına dair müqavilə üzrə sonuncu ödəniş 08 avqust 2023-cü il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
39. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 300 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
40. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 300 manat məbləğində cərimə Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
41. İddiaçı həmçinin ödənilmiş 166,56 manat dövlət rüsumunun və 320 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
42. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzinə əsasən 166,56 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
43. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, EBEB 469224 və EBEB 469313 seriya və nömrəli elektron qaimələr əsasən iddiaçı tərəfindən “Ekol” vəkil bürosuna 640 manat məbləğində pul köçürülmüşdür.
44. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
46. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
48. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
49. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. V. Nəticə:
50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 01 dekabr 2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 4500 (dörd min beş yüz) manat əsas borc, 300 (üç yüz) manat cərimə olmaqla ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 (altmış yeddi) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova