Məhkəmə qərarları › İş №e-2-2(113)-3005/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3005/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3005/2021 13.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı "Donat” MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "Donat” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Donat” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 100.000 (bir yüz min) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı MMC- nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 yanvar 2021-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında 16B/40 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı məbləği avans olaraq ödəyir və 14 gün ərzində məhsul çatdırılmalıdır, əgər çatdırılma göstərilmiş müddət ərzində olmazsa ödəniş geri qaytarılmalıdır. Bundan əlavə, 15313 saylı ödəniş tapşırığından da göründüyü kimi 19 yanvar 2021-ci il tarixində İddiaçı MMC tərəfindən alğı-satqı müqaviləsinə uyğun olaraq Cavabdeh MMC-nin hesabına 100.000 (bir yüz min) manat ödəniş həyata keçirilmişdir. Lakin Cavabdeh MMC müqavilə öhdəliklərini yerinə yetirməmiş, məhsulu iddiaçıya təqdim etməmişdir. Buna görə də, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə sonuncu tərəfindən ödənilmiş 100.000 (bir yüz min) manat məbləğində pulun geri qaytarılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "Donat” MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, iddianın rədd edilməsi barədə qərnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə araşdırrması zamanı iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, tərəflər arasında 19 yanvar 2021-ci il tarixində 16B/40 saylı “alğı-satqı” müqaviləsi bağlanmış, alqı-satqı müqaviləsinə əsasən satıcı (Cavabdeh MMC), alıcıya (Donat MMC) pərakəndə satış üzrə xidmət göstərməyi (laminat satışı) öhdəsinə götürür. İşə əlavə edilmiş 19 yanvar 2021-ci il tarixli 15313 saylı ödəniş tapşırığından görünür ki, müqavilənin bağlanmış olduğu gün "Donat” MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 100.000 manat məbləğində pul köçürülmüşdür. Hər iki tərəf müqavilənin tarixinin 19 yanvar 2020-ci il göstərilməsinin texniki səhv olmasını bildirmiş və 2021-ci il olduğunu bildirmişlər. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 100.000 manat məbləğində pulun müqabilində malların veriilmədiyini və ona görə də, ödənilmiş pulun qaytarılmasını tələb edir. Cavabdeh tərəf isə alqı-satqı müqaviləsinin formal olaraq bağlandığını, 100.000 manat məbləğində pulun nağdlaşdırılması məqsədi ilə köçürüldüyünü və köçürülmüş pulun Donat MMC-yə qaytarıldığını bildirir. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki işdə iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 599.3-cü və 1092.1-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki mübahisə üzrə tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətlərinin yaranması sübut olunmur. Belə ki, Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi alqı-satqı müqaviləsinin predmetini əşya (mal) təşkil edir, hazirki işdə isə adı çəkilən müqavilənin 2-ci “müqavilənin predmeti” bəndində müqaviənin predmetinin hansı əşyanın olmasını müəyyən etmək mümkün deyildir. Həmçinin həmin bənddə “alıcıya pərakəndə satış üçün xidmət göstərməyi öhdəsinə götürür” ifadəsindən istifadə edilmişdir, bu isə podrat müqaviləsinə xas olan xüsusiyyətdir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. İndiki halda isə iradənin məzmunu dəqiq müəyyənləşdirmək mümkün olmadığından, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmamış və 599.3-cü maddənin dispozisiya şərtləri mövcud deyildir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, 19 yanvar 2021-ci il tarixli 15313 saylı ödəniş tapşırığından görünür ki, müqavilənin “bağlanmış olduğu gün” "Donat” MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 100.000 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh tərəf isə qeyd olunan pul məbləğinin qaytarıldığını bildirsə də, pulun qaytarılması halını sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək, Cavabdeh MMC ilə əlaqəsinin olduğunu, onun rəfiqəsi olan Əliyeva Günayın isə "Donat” MMC-də işlərin idarə olunması ilə məşğul olduğunu bildirmiş və pulun Əliyeva Günay vasitəsilə qaytarıldığını qeyd etmişdir. Həmçinin tərəflərin alqı-satqı müqaviləsinin formal olaraq bağladığını, əsas pulun köçürülməsi yolu ilə nağdlaşdırılması işinin təşkili olmuşdur. Pul köçürüldükdən sonra isə Əliyeva Sevincə verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin hesabına 100.000 manat pulun köçürülməsi sübut olunduğundan və cavabdeh tərəinfən qeyd olunan pulun qaytarıldığını bildirsə də, buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən 100.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin 100.000 (yüz min) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq "Donat” MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq "Donat” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar