Məhkəmə qərarları › İş №e-2-2(113)-3006/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3006/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3006/2022 19.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı xxx Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı xxx Açıq Səhmdar Cəmiyyəti (bundan sonra xxx ASC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə 2189252,25 manat (iki milyon yüz səksən doqquz min iki yüz əlli iki manat iyirmi beş qəpik) məbləğində əsas borc, 931526 (doqquz yüz otuz bir min beş yüz iyirmi altı) manat cərimə, mediasiya prosesi üçün ödənilmiş 400 manat, dövlət rüsumu kimi ödənilmiş 1951 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Bakinşaat Group" MMC ilə iddiaçı xxx ASC arasında bağlanmış O000675972 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmış, cavabdeh həmin malların yüknəqliyyat qaimələrini imzalayaraq və möhürləyərək təhvil almışdır. Cavabdehə malların satılması barədə elektron qaimə-fakturalar göndərilmiş və cavabdeh tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 89 №li qərarı ilə təsdiq edilmiş elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarının 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin qaydaların 3.1-ci maddəsinə əsasən vergi ödəyicisi elektron qaimə-fakturanı elektron formada göndərir. Həmin qaydaların 3.2-ci elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Həmin qaydaların 3.3-cü maddəsinə əsasən cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbul edən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaiməfaktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Həmin qaydaların 3.4-cü maddəsinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Həmin qaydaların 3.9-cu maddəsinə əsasən elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır. Cavabdehlə bağlanmış müqavilənin əlavələrinə əsasən malın dəyəri əldə edildiyi tarixdən 30 gün müddətində ödənilməli idi. xx.xx.2022-ci il tarixli üzləşmə aktında cavabdeh iddiaçıya 2189252,25 manat (iki milyon yüz səksən doqquz min iki yüzəlli iki manat iyirmi beş qəpik) borcunun olduğunu təsdiq etmişdir. Üzləşmə aktı hər iki tərəfdən imzalanmış və möhürlənmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh təhvil aldığı malların dəyərini, yəni 2189252,25 (iki milyon yüz səksən doqquz min iki yüz əlli iki manat iyirmi beş qəpik) manat borcunu ödəməmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilərək, borc məbləğinin xx.xx.2022-ci il tarixədək ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyi bildirilmişdir. Pretenziya məktubu xx.xx.2022-ci il tarixində cavabdehə çatdırılmış və cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir. Lakin hal-hazırkı tarixədək borc məbləğindən cavabdeh tərəfindən hər-hansı ödəniş edilməmişdir. Cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif və ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri göstərilməklə mediasiyaya dəvət məktubu göndərilməsinə baxmayaraq, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bakı 4 saylı Mediasiya Təşkilatı MŞB/4-00909 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim etmişdir. Cavabdehlə bağlanmış müqavilənin 7.2-ci maddəsinə əsasən satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0,1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqı-satqı müqaviləsi üzrə ödənişi gecikdirməsinə görə hazırkı tarixədək hesablanmış cərimə məbləği 931526 (doqquz yüz otuz bir min beş yüz iyirmi altı) manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində xxx ASC ilə alıcı qismində Cavabdeh Məhdud Məhdud Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixli, O000675972 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. - 06 yanvar 2022-ci il tarixli xxx ASC və Cavabdeh MMC arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixə xxx ASC-yə 2189252,25 manat (iki milyon yüz səksən doqquz min iki yüz əlli iki manat iyirmi beş qəpik) borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İş materiallarına iddiaçı tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, O000675972 nömrəli alqı-satqı müqaviləsinə edilmiş əlavələr, iddiaçı tərəfindən cavabdehə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği göstərilərək göndərilmiş elektron qaimələr və yük-nəqliyyat qaimələri təqdim edilmişdir. - xxx ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borc məbləğinin xx.xx.2022-ci il tarixinədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xxx ASC ilə Cavabdeh Məhdud MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması iş materialları və tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini cavabdehdən 2189252,25 (iki milyon yüz səksən doqquz min iki yüz əlli iki manat iyirmi beş qəpik) manat məbləğində əsas borcun tutulması təşkil edir. Tərəflər arasında bağlanmışxx.xx.2019-cu il tarixli, O000675972 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. 2.1-ci bəndinə əsasən alıcının fəaliyyət növü sement istehsalıdır. 2.2-ci bəndinə əsasən malın qəbul məntəqəsi müqaviləyə edilən əlavələrdə və yüknəqliyyat qaimələrində göstərilir. Malın qəbul məntəqəsi yeni ünvanla əvəz edilirsə və ya yeni ünvan əlavə edilərsə, alıcı satıcıya müraciət etməlidir, həmin yeni ünvan bu müqaviləyə əlavə edilməli və yük nəqliyyat qaimələrində öz əksini tapmalıdır. 3.1-ci bəndinə əsasən mal və qiymətlər (çatdırılma daxil, ƏDV xaric), müqaviləyə edilən əlavələrdə göstərilir. 3.1.1-ci bəndinə əsasən alıcı hər ay aldığı malın miqdarından asılı olaraq satıcının həmin müddətə təqdim etdiyi aylıq güzəşt cədvəlindən yararlana bilər. Bu halda hazırkı müqaviləyə müvafiq əlavə olunmalıdır. 3.3.1-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. 3.3.2-ci bəndinə əsasən alıcı satıcının razılığı ilə alınacaq malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən satıcının bank hesabına ödəyib depozit olaraq saxlaya bilər. 3.3.3-cü bəndinə əsasən satıcı müqavilə dövrü ərzində tətbiq etdiyi kredit siyasətinə əsaslanaraq alıcıya sonradan ödəmə şərti ilə mal buraxılışı həyata keçirə bilər. Bu halda alıcı qəbul etdiyi malın dəyərini qaimə-fakturanı və ya elektron qaimə-fakturanı qəbul etdiyi tarixdən 30 gün ərzində ödəməlidir. Tərəflər fərqli ödəniş müddətini bu müqaviləyə edilən əlavələrdə tənzimləyirlər. Sonradan ödəmə şərti ilə mal buraxılışından yararlanmaq üçün satıcı alıcıdan X1 və ya digər zəmanət sənədi tələb edə bilər. Müqavilə dövründə alıcının götürəcəyi malın növü və ya növbəti qiymət dəyişiklikləri olarsa, hazırkı müqaviləyə aid olan əlavələrdə göstərilməlidir. 3.4-cü bəndinə əsasən satıcı müqavilə dövründə alıcıya ödənişsiz və/və ya ödənişli xüsusi texniki və/və ya konsultasiya xidməti göstərə bilər. Ödənişli xüsusi xidmətin şərtləri və dəyəri müqaviləyə aid olan əlavələrdə göstərilməlidir. 3.5-ci bəndinə əsasən satıcı hər hansı qiymət dəyişikliyi edərsə, alıcını 3 (üç) iş günündən əvvəl yazılı şəkildə xəbərdar etməlidir. Yeni qiymətlər bu müqaviləyə aid olan əlavələrdə öz əksini tapmalıdır. 7.2-ci bəndinə əsasən satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0,1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən borca görə 2189252,25 manat (iki milyon yüz səksən doqquz min iki yüz əlli iki manat iyirmi beş qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini cavabdehdən 931526 (doqquz yüz otuz bir min beş yüz iyirmi altı) manat cərimə borcunun tutulması təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, O000675972 nömrəli alqı-satqı müqaviləsinin 7.2-ci maddəsinə əsasən satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0,1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, müqavilə şərtləri nəzərə alınaraq iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 100000 (yüz min) manat məbləğində müəyyən edilməli, cərimə borcunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı 400 (dörd yüz) manat mediasiya xərci və 1951 (min doqquz yüz əlli bir) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan maddi hüquq normalarının tələblərini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1431,20 manat (min dörd yüz otuz bir manat iyirmi qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 2189252,25 manat (iki milyon yüz səksən doqquz min iki yüz əlli iki manat iyirmi beş qəpik) məbləğində əsas borc, 100000 (yüz min) manat cərimə, 400 (dörd yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1431,20 manat (min dörd yüz otuz bir manat iyirmi qəpik) olmaqla, cəmi 2291083,45 manat (iki milyon iki yüz doxsan bir min səksən üç manat qırx beş qəpik) məbləğində pul vəsaiti tutularaq xxx Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar