Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3007/2022 08.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə əsasında göstərilmiş xidmətlərə görə ödənilməmiş xidmət haqqının ödənilməsi tələbinə iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 87839,66 manat (səksən yeddi min səkkiz yüz otuz doqquz manat altmış altı qəpik) əsas borc, 8700 (səkkiz min yeddi yüz) manat xx.xx.2019 – xx.xx.2020-ci illər dövrü üzrə hesablanmış gecikmə cəriməsi, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 410 (dörd yüz on) manat rüsum, vəkil xidmətləri üçün ödənilmiş 500 (beş yüz) manat, 382,35 manat (üç yüz səksən iki manat otuz beş qəpik) dövlət rüsumu olmaqla, cəmi 97449,66 manat (doxsan yeddi min dörd yüz qırx doqquz manat altmış altı qəpik) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və sifarişçinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi olduğu yükün daşınması ilə bağlı işləri və xidmətləri yerinə yetirir (nəqliyyatekspeditor xidmətlərinin göstərilməsi), habelə yükün çatdırılması üçün lazım olan digər xidmətləri göstərir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq yüklərin dəmir yolu vasitəsi ilə daşınması məqsədi ilə ekspeditorla 30 noyabr 2018-ci il tarixli, ALM-016 saylı Nəqliyyat ekspedisiya müqaviləsi bağlamışdır. Bununla da, müqavilənin şərtlərinə uyğun olaraq yerləşdirilmiş sorğuya əsasən ekspeditora işlərin ilkin dəyərinin 100% əvvəlcədən ödənişini etməklə görülmüş işlərin və xidmətlərin vaxtında təhvil alınması və ödənilməsi üzrə öhdəliyi öz üzərinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə Nəqliyyat ekspedisiya xidmətlərin görülməsinə dair ALM-016 saylı müqavilə imzalanmış, müqavilənin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Həmin müqavilənin şərtlərinə əsasən ekspeditor sifarişçinin təqdim etdiyi sifarişlər üzrə əməliyyatların icrasını və ya icrasının təşkilini, sifarişçi isə sifariş edilən xidmətlərin dəyərini ekspeditor tərəfindən hesab-faktura təqdim edilən andan dərhal, hər bir halda xidmətlərin göstərilməsinin başlamasına 3 (üç) təqvim günü qalmış, ekspeditorun bank hesabına 100% öncədən ödəməyi öz öhdəsinə gotürür. Həmin Müqavilənin 4.1.7-ci maddəsinə əsasən tərəflər hər növbəti ayın 5 (beş) iş günü ərzində əvvəlki ay ərzində göstərilmiş xidmətlərlə bağlı üzləşmə aparmalı və müvafiq üzləşmə aktı imzalamalıdırlar. Həmin müqavilənin 4.1.5-ci maddəsinə əsasən daşınma üçün təqdim edilmiş hesab-fakturalar üzrə hər gecikdirilmiş gün üçün hesab-faktura məbləğinin 0,5% miqdarında gecikmə cəriməsi nəzərdə tutulmuşdur. Cavabdeh "xxxx" MMC imzalanmış müqaviləyə istinad edilməklə son olaraq 21 noyabr 2019-cu il tarixli yük daşımaları üzrə üzləşmə aktını imzalamışdır. Həmin aktla tərəflər ekspeditor tərəfindən ümumi olaraq 336420,71 manat (197894,54 ABŞ dolları) məbləğində cavabdehə dəmir yolu ilə beynəlxalq yük daşıma xidmətlərinin göstərilməsini, bunun müqabilində cavabdeh tərəfindən cəmi 248581,05 manat (146224,15 ABŞ dolları) məbləğin ekspeditora ödənilməsini və 87839,66 manat (51670,39 ABŞ dolları) məbləğində ödənilməmiş hissənin (balans) olduğunu təsdiqləmişlər. Tərəflər arasında imzalanmış müqaviləyə istinad edilməklə cavabdeh "xxxx" MMC-yə müxtəlif tarixlərdə borcun ödənilməsinə dair xəbərdarlıqlar və tələblər, məsələnin məhkəmədən kənar həll edilməsinə dair məktublar, son olaraq 21 dekabr 2020-ci il tarixdə B 03070113 saylı pretenziya məktubu göndərilmişdir Lakin cavabdeh müxtəlif bəhanələri əsas tutaraq borcun ödənilməsindən yayınmaqdadır. Bakı 1 saylı mediasiya təşkilatı vasitəsi ilə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmək üçün MMC-yə təklif göndərilmişdir. İlkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişin təqdim edilməsinə baxmayaraq, "xxxx" MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Nəticədə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı mediasiya təşkilatı tərəfindən arayış təqdim edilmiş və bununla da mediasiya prosesinə xitam verilmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, qeyd olunan borc mövcuddur, həmin borc əvvəlki direktorun vaxtında yaranıb. İddia tələbinin təmin edilməsinə etiraz etmir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (ekspeditor) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2018-ci il tarixli, ALM-016 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1ci bəndinə əsasən ekspeditor sifarişçinin təqdim etdiyi sifarişlərə əsasən aşağıdakı əməliyyatların icrasını və ya icrasının təşkilini, sifarişçi isə həmin xidmətlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Hər göstərilən xidmət üzrə şərtlər və qiymətlər müqaviləyə əlavələrdə öz əksini tapır. 1) Nəqliyyat və nəqliyyat ekspedisiya xidmətləri; 2) Hər növ stansiya xidmətləri (o cümlədən, yükləmə və yüklərin göndərilməsi üçün naryad alınma, vaqonların/nəqliyyat vasitələrinin verilib-götürülməsi, nəqliyyat sənədlərinin rəsmiləşdirilməsi, stansiya xidmətlərindən irəli gələn xərclərin ödənilməsi (yüklərin/vaqonların/nəqliyyat vasitələrinin saxlanılması üçün, yüklərin/vaqonların/ nəqliyyat vasitələrinin boşdayanması üçün cərimələrin)), mühafizə, yükləmə/boşaltma xidmətləri; 3) Gömrük rəsmiləşdirməsi və/ya digər rəsmiləşdirmələr; 4) Keyfiyyət və kəmiyət ölçüləri; 5) Yüklərin/Malların saxlanılması/anbarlaşdırılması; 6) Yüklərin/Malların aşırılması; 7) Tərəflərin razılaşdırdığı digər əməliyyatlar. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin siyahısı və müddəti, daşınacaq yüklərin/malların adı, növü, miqdarı və marşrutu bu müqaviləyə əlavələr ilə müəyyən olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi göstərilən xidmətlərə görə ekspeditorun təqdim etdiyi hesabfakturalara əsasən ödəməyi öz üzərinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi sifariş edilən xidmətlərin dəyərini ekspeditor tərəfindən hesab-faktura təqdim edilən andan dərhal, hər bir halda xidmətlərin göstərilməsinin başlamasına 3 (üç) təqvim günü qalmış, ekspeditorun bank hesabına 100% öncədən ödəməyi öz öhdəsinə götürür. Tərəflər razılığa gəlirlər ki, ödəniş alındıqdan sonra sifarişçinin sifarişləri icraya qəbul olunmuş sayılır. Müqavilənin 2.3-cü bəndinə əsasən göstərilən xidmətlərin dəyəri bu müqavilənin əlavələri ilə tənzimlənir. Müqavilənin 2.4-cü bəndinə əsasən bu müqavilə üzrə göstərilən xidmətlərin dəyəri ABŞ dolları ilə müəyyən edilir. Müqavilə üzrə ödəniş valyutası ABŞ dolları, yaxud tərəflərin razılaşdırdığı və bu müqaviləyə əlavələrdə müəyyən etdiyi digər valyutadır. Müqavilənin 2.5-ci bəndinə əsasən bu müqavilə üzrə ekspeditorun bank hesabına daxil olmuş məbləğ ödənilmiş məbləğ hesab edilir. Müqavilənin 2.6-cı bəndinə əsasən sifarişçinin bankında çəkilən bütün xərclər sifarişçi tərəfindən öz hesabına ödənilir. Müqavilənin 2.7-ci bəndinə əsasən sifarişçi tərəfindən ödəmə yerinə yetirilmədiyi və ya ödəmədə gecikdirilmə olduğu təqdirdə, ekspeditor xidmətlərin göstərilməsindən imtina etmək, dayandırmaq və /və ya yüklərin/malların vaqonların hərəkətdə olduqları istiqamətlərdə saxlamaq hüququna malikdir. Bununla bağlı yaranmış əlavə ödəniş və xərclər, bütun cərimələr sifarişçi tərəfindən ödənilir. - xx.xx.2019-cu il tarixdə tərəflər arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, Cavabdeh MMC İddiaçı MMC-yə hazırkı vaxta iddiaçıya ödənilməmiş 87839,66 manat (51670,39 ABŞ dolları) məbləğin olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 307781 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 275879,91 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAA seriyalı, 042033 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 134580,53 manat təşkil edir. - İddiaçı MMC xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli pretenziya məktubları ilə Cavabdeh MMC-yə müraciət edərək, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borcun 7 (yeddi) iş günü ərzində İddiaçı MMC-yə ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında yük daşınması müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Ekspeditor olan iddiaçı tərəfindən sifarişçi olan cavabdehə yük daşıma xidmətləri göstərilmiş, göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəlik isə tam yerinə yetirilməmiş və cavabdehin iddiaçıya borcu yaranmışdır. İddia tələbini bir hissəsini cavabdehdən Cavabdeh MMC-dən 87839,66 manat (səksən yeddi min səkkiz yüz otuz doqquz manat altmış altı qəpik) məbləğində əsas borcun tutulması təşkil edir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2-ci maddəsinə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.4-ci maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən göstərilmiş xidmətin dəyərini - ümumilikdə 87839,66 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdehndən 87839,66 manat (səksən yeddi min səkkiz yüz otuz doqquz manat altmış altı qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini də borcun ödənilməsinin gecikdirilməsinə görə Cavabdeh MMC-dən 8700 (səkkiz min yeddi yüz) manat məbləğində dəbbə pulunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 4000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğin və 410 (dörd yüz on) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən 500 (beş yüz) manat hüquqi yardım, 410 (dörd yüz on) manat mediasiya xərcləri tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndan 87839,66 manat (səksən yeddi min səkkiz yüz otuz doqquz manat altmış altı qəpik) əsas borc, 4000 (dörd min) manat cərimə, 410 (dörd yüz on) manat mediasiya xərci və 500 (beş yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 92749,66 manat (doxsan iki min yeddi yüz qırx doqquz manat altmış altı qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3007/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3007/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver