Məhkəmə qərarları › İş №e-2-2(113)-3007/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3007/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3007/2024 16.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 864 manat məbləğində borcun (cərimənin) **********00120 saylı abonent hesabından silinməsinə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qeyd olunan qeyri-yaşayış sahəsini təbii qazla təmin edən qaz xəttinin üzərində Elster G-6T DİAFRAQMA markalı, 28023420 saylı qaz sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixində Cavabdeh İB-nin əməkdaşları fəaliyyət göstərdiyim ünvana gələrək yoxlama aparmış, qaz xətlərinə və cihazlara baxış keçirib, ona hər hansı bir irad bildirmədən getmişlər. Lakin sonradan ona məlum olmuşdur ki, guya qeyri-yaşayış sahəsində olan qaz işlədicilərinin saatlıq qaz sərfiyyatının sayğacın saatlıq maksimal qaz buraxma gücündən artıq olması əsası ilə ona xx.xx.2023-cü il tarixli, ******* nömrəli“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 864 manat məbləğində cərimə yazılmışdır. İddiaçı bununla bağlı Cavabdeh İB-yə müraciət edən zaman cərimənin yazılmasına əsas olmuş sənədlər ona təqdim edilmişdir. Qeyd olunan sənədlərə nəzər yetirən zaman cərimənin tamamilə əsassız olduğu öz təsdiqini tapır. Belə ki, həm Cavabdeh İB-nin əməkdaşlarının xx.xx.2023-cü il tarixində fəaliyyət göstərdiyi ünvana gələrək yoxlama apardıqdan sonra həmin tarixdə birtərəfli qaydada onun iştirakı olmadan tərtib edilmiş “İnventar aktı”nda, həm də yoxlamadan bir neçə gün sonra, daha dəqiq olaraq xx.xx.2023-cü il tarixində yenə onun iştirakı olmadan birtərəfli qaydada tərtib edilmiş ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, guya fəaliyyət göstərdiyim qeyri-yaşayış sahəsində 2 ədəd təndir (4 m3), 1 ədəd QSQ 20 kv (2.1 m3), 1 ədəd PQ4 (1.2 m3), 1 ədəd taqanok 3 (0.8 m3), 1 ədəd QSQ 24L (2.4 m3) və 1 ədəd kombi (3 m3) vardır və həmin cihazların saatlıq cəmi qaz sərfiyyatı 13.2 m3 təşkil edir ki, bu da sayğacın saatlıq maksimal qaz buraxma gücündən 3.2 m3 (13.2 m3 – 10 m3 = 3.2 m3) artıqdır. Bundan sonra isə 12 saat və 90 gün müddətinə hesabat aparılmış və cəmi 864 manat cərimə hesablanmışdır. Bildirir ki, xx.xx.2023-cü il tarixli akt onun iştirakı və xəbəri olmadan birtərəfli qaydada tərtib edilmişdir və uzun müddət onun həmin aktdan heç bir məlumatı olmamışdır. Həmin akt ona 2024-cü ilin fevralayında, o Cavabdeh İB-yə müraciət edəndən sonra təqdim edilmişdir. İlk öncə nəzərinizə çatdırır ki, fəaliyyət göstərdiyi ünvanda taqanok 3 adlı qaz işlədicisi yoxdur, QSQ 24L qaz işlədicisi isə Birliyin əməkdaşları yoxlamaya gəlməmişdən cəmi 2 gün əvvəl quraşdırılmış, lakin heç istifadə edilməmişdir. Digər tərəfdən isə aktda qeyd olunan halla bağlı Cavabdeh İB-yə hansı formada zərər vurulması da məlum deyildir və bununla bağlı aktda hər hansı bir əsaslandırma da yoxdur. Hər bir halda istifadə olunun qaz sayğacdan keçir və sayğac da həmin sərfiyyatı qeydə alır. Belə olan halda isə Cavabdeh İB-yə hansı formada ziyan dəyə bilər ki?! Hətta hesab etsə ki, qanunvericilikdə bununla bağlı cərimə və ya dəymiş ziyan hesablanması nəzərdə tutulub (halbuki yuxarıda da qeyd etdiyi kimi qanunvericilikdə belə bir əsas nəzərdə tutulmayıb) o zaman da Cavabdeh İB tərəfindən hesab müddəti də düzgün aparılmamışdır. ÇünkiCavabdeh İB-nin əməkdaşları hər ayın sonunda qeyri-yaşayış sahəsinə gələrək həm sayğac göstəricisini götürür, həm də qaz təsərrüfatına baxış keçirirlər. Abonent saldosundan da məlum olduğu kimi 2023-cü ilin avqust ayının sonunda da Birliyin əməkdaşları ona məxsus ünvana gələrək sayğacın göstəcisini götürmüş və cihazlara baxış keçirərək heç bir nöqsan aşkar etməmişlər. Bundan 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixində isə ona məxsus ünvana Cavabdeh İBnin digər əməkdaşları gələrək yoxlama aparmışlar. Bu hal da təsdiq edir ki, avqust ayının sonunda sayğacın göstəricisi götürülən zaman hər hansı bir uyğunsuzluq olmamışdır. Belə olan halda isə əgər tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmiş olsa idi belə o zaman da hesabat 90 gün üçün yox 2 gün üçün aparılmalı idi. Qeyd etdiyi kimi ona məxsus ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində yoxlama aparılmışdır. Bu halı təsdiq edən sənəd elə yoxlama aparan əməkdaşlar tərəfindən birtərəfli qaydada tərtib edilmiş və sonradan ona təqdim olunan xx.xx.2023-cü il tarixli inventar aktıdır. Lakin Cavabdeh İB-nin ona təqdim etdiyi digər sənədlərdən məlum olur ki, ona məxsus obyektdə yoxlama aparılması xx.xx.2023-cü il tarixində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmiş, bundan sonra isə elə həmin tarixdə də birtərəfli qaydada “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktı tərtib etmişlər. Bunlar isə təsdiq edir ki, Birliyin əməkdaşları tərəfindən ona məxsus ünvanda aparılmış yoxlama vaxtında yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Daha sonra isə Cavabdeh İB öz qanunsuz yoxlamasının nəticəsini legitimləşdirmək üçün yoxlama başa çatandan bir neçə gün sonra, yəni xx.xx.2023-cü il tarixində yoxlamanı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirmiş, daha sonra da “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktı tərtib edərək mənə 864 manat məbləğində cərimə hesablamışlar. Halbuki, yuxarıda sadalanan normalara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində vaxtında qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Göstərilənlərdən məlum olur ki, Birliyin əməkdaşlarının aktlarda qeyd etdiyi uyğunsuzluqla bağlı qanunvericilikdə hər hansı bir cərimənin və ya zərərin hesablanması nəzərdə tutulmamışdır. Digər tərəfdən isə ona məxsus ünvanda quraşdırılmış cihazların saatlıq qaz sərfiyyatı sayğacın saatlıq qaz buraxma gücündən artıq olmamışdır. Həmçinin hesabat müddəti də düzgün olmamışdır. Bundan əlavə aparılmış yoxlama da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla həyata keçirilmişdir. Eyni zamanda abonent saldosuna nəzər saldıqda onun hər ay mütəmadi olaraq təbii qazdan istifadəyə görə kifayət qədər ödənişlər etdiyim aydın şəkildə görünür. İddia tələbinin maddi hüquqi əsası kimi “Qazdan istifadə Qaydaları”-nın 2.11-1-ci və 2.11-2-ci bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3.2, 31 və 31.2.3-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: xx.xx.2023-cü il tarixli Sənaye üzrə inventar aktından görünür ki, Hövsan südçülük sovxozu ünvanında yerləşən İddiaçı məxsus obyektdə olan G6 markalı zavod nömrəsi 28023420 olan mexaniki sayğaca baxış keçirilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY231966415 saylı çıxarışından görünür ki, Cavabdeh İB nümayəndəsi (X1) tərəfindən İddiaçı məxsus qeyri-yaşayış obyektində xx.xx.2023-cü il-xx.xx.2023-cü tarixlərində yoxlama keçirilmişdir. Socar Cavabdeh İB-nin 04 sentyabr 2023-cü il tarixli yoxlama aktından görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus obyektdə olan sayğaca xx.xx.2023-cü il tarixində baxış keçirilmiş, baxışın nəticələrinə əsasən müəssisədə quraşdırılmış qaz işlədən avadanlıqların saatlıq qaz sərfiyyatı mövcud sayğacın maksimal ölçmə həddindən çox olduğu qeyd edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 04 sentyabr 2023-cü il tarixli ******* saylı akta əsasən obyektə baxış keçirilən zaman obyektdəki qaz işlədicilərin saatlıq qaz sərfiyyatı sayğacın saatlıq sayğacım maksimal qaz buraxma gücündən artıq olması müəyyən edilmiş, sərfiyyata uyğun sayğacın quraşdırılması, dəymiş ziyanın hesablanıb ödənilməsi tələbi qoyulmuşdur. 05 sentyabr 2023-cü il tarixli dəymiz ziyanın bərpasına dair tələbnaməyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Hövsan südçülük sovxozu ünvanında yerləşən İddiaçı məxsus obyektdə olan sayğacın qaz sayğacının sərfiyyatının maksimal həddən artıq olması nöqsanı aşkar olunmuş və dəymiş ziyan 3456 kub metr qeyd olunmuşdur. abonentin saldosundan görünür ki, cavabdehin iddiaçıya 2023-cü ilin sentyabr ayı üzrə borcu (qalıq və aktlar üzrə) 864 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Məhkəmənin mövqeyi Göründüyü kimi Cavabdeh İB qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşı tərəfindən iddiaçıya məxsus obyektdəki sayğacın yoxlanılması zamanı qaz işlədən avadanlıqların saatlıq qaz sərfiyyatı mövcud sayğacın maksimal ölçmə həddindən çox olması ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilmiş yoxlama nəticəsində yazılmış, həmin tarixdə inventar akt tərtib edilmiş, lakin reyestrdə yoxlamanın xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə keçiriləcəyi qeyd edilmişdir. Cavabdehin əməkdaşlarının xx.xx.2023-cü il tarixdə inventar aktı tərtib etmələri, sonradan isə xx.xx.2023-cü il tarixdə yoxlama keçirmələri və pozuntu aşkar etmələri inandırıcı görünmür. Cavabdeh iddiaçının qeyd etdiklərinin əksini sübut edən sübutarı məhkəməyə təqdim etməmiş, iddiaya etiraz bildirməmişdir. Buna görə də məhkəmə iddiaçının bildirdiyi halları müəyyən olunmuş hesab edir. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 864 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 864 (səkkiz yüz altmış dörd) manat məbləğində borc silinsin İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) dövlət rüsumun əvəzi Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar