Məhkəmə qərarları › İş №e-2-2(113)-3018/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3018/2024

29.04.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3018/2024 29.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, maraqlı şəxs X2 iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə olan borcu yoxdur.

2. “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə olan borcu 59.868,64 manat təşkil edir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə və “X12” MMC-yə ünvanlanmış müvafiq bildirişlərin surətlərindən görünür ki, "Tac Holding” MMC-dən və “X12” MMC-dən borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər “X12” MMC və X5 qarşı iddiası təmin edilmiş, “X12” MMC-nin təsisçilərinin adından tərtib edilmiş 28.08.209-cu il tarixli qərar və “X12” MMC-nin 3-cü redaksiyada nizamnaməsi və nəticələri etibarsız hesab edilmişdir. Həmin qətnamədən görünür ki, qətnamə ilə etibarsız hesab edilmiş X12” MMC-nin təsisçilərinin 28.08.209-cu il tarixli qərarına əsasən X12” MMC-nin direktoru X6 tutduğu vəzifədən azad edilmiş, X12” MMCnin təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Maraqlı şəxs təyin edilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) Ərizəçinin tələbi və tələbinin dəlilləri

5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri X9 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 5344,87 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxx 1962-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, İSMAYİLLİ; YENİYOL K, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024- cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən,) ,"X12" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5344,87 manat məbləğində (o cümlədən, vergilər üzrə 1000 manat, faizlər üzrə 432,8 manat) olmaqla, ümumilikdə 5344,87 manat borcu vardır. Yaranmış borc məbləǧinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli **********252800, xx.xx.2023-cü il tarixli **********819400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləǧini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanın rəhbəri olan Maraqlı şəxs BAKİ ŞƏHƏRİ, YASAMAL RAYONU, PARLAMENT PROSPEKTİ, EV 1, MƏNZİL 29 ünvanında yaşayır.

7. Ərizəçi tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1, 77.3 və 78.1-ci maddələrinə istinad etmişdir.. b) Ərizəyə qarşı etirazın dəlilləri

8. Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 ərizəyə yazılı etiraz vermiş və etirazında göstərmişdir ki, "X12" MMC-nin qanuni təmsilçiliyi və direktor olmağı həm tərəfindən, həm də Şirkətin təsisçilərindən biri olan X4 tərəfindən mübahisələndirilmişdir. Belə ki, 2023-cü ildə adı çəkilən şirkətin təsisçisi Maksim Zeynalov Bakı Kommersiya Məhkəməsində cavabdehlər "X12" MMC-yə və X5 qarşı iddia ərizəsi ilə müraciət edərək qərar və nizamnamənin etibarsız hesab olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəticədə, iddia təmin olunaraq, "X12" MMC-nin təsisçilərinin adından qəbul olunmuş xx.xx.2019-cu il tarixli Qərar və 3-cü redaksiyafa Nizamnaməsi və nəticələri etibarsız hesab olunması haqqında xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1043/2023 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə də qanuni qüvvəyə minmiş və bu haqda xx.xx.2023-cü il tarixli İcra vərəqəsi verilmişdir. Beləliklə, onun direktor təyin olunması məhkəmə qətnaməsi ilə etibarsız hesab olunmuşdur (qətnamə və icra vərəqəsi əlavə olunur). Lakin buna baxmayaraq ərizəçi "X12" MMC-nin ödənilməmiş vergi borcuna görə əsassız olaraq ona qarşı Məhkəməyə müraciət etmişdir. "xxxx" MMC-nin vergi borcuna gəldikdə isə, qeyd etmək istəyir ki, bir neçə il öncə vergi borcu ilə bağlı ərizəçinin tələbi olmuş, lakin sonradan həmin məsələ həll olunduğuna görə bütün tələblər geri çəkilmişdir. Məhz bu yaxınlarda "xxxx" MMC-nin adına olan vergi öhdəliklərini tam həcmdə ödəmişdir (bank qəbzi əlavə olunur). xx.xx.2024-cü ildə 2262,74 manat "xxxx" MMC-nin adından vergi borcu ödənilmişdir. Bu haqda da vergi orqanı tərəfindən sms bildiriş də gəlmişdir. Belə olduğu halda "X12" MMC-nin borcuna görə ölkədən getmək hüququmunun məhdudlaşdırılması qanunsuzdur. Amma "xxxx" MMC-nin borcu isə qeyri-müəyyən və əsaslı deyil.

a) İşdə iştirak edən şəxslər və onların izahatları

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

11. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (MPM-in 305.1.12-ci maddəsi).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.

14. AR MPM-in: - 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

15. Məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu mövcud olmamışdır. Odur ki, sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri qismində Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas yoxdur.

17. İş materiallarından həmçinin müəyyən edildi ki, “X12” MMC-nin vergiləri ödəmək öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.

18. Lakin məhkəmə araşdırması zamanı o da müəyyən edildi ki, Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvədə olan e-2-2(113)-1043/2023 saylı qətnaməsi ilə Maraqlı şəxs “X12” MMC-nin direktoru təyin edilməsi barədə təsisçilərin qərarı etibarsız hesab edilmişdir.

19. Beləliklə, Maraqlı şəxs qətnamənin qəbul edildiyi tarixə maraqlı şəxs “X12” MMCnin direktoru olmaması (onun həmin vəzifəyə təyin edilməsi barədə qərarın etibarsız olması) qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Odur ki, həmin MMC-nin borclarının ödənilməsinin təmin edilməsi məqsədilə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

20. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi rədd edilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar