Məhkəmə qərarları › İş №e-2-2(113)-302/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-302/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-302/2023 30.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən görülmüş işin dəyəri olaraq 36.084 manat və dəbbə olaraq 4.690,92 manat, o cümlədən mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş 212,32 manat olmaqla, cəmi 40.987,24 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən İddiaçı (icraçı)” Görülmüş işin təhvil-təslimi barədə” xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli aktlarla 2020-ci ilin yanvar ayından 2020-ci ilin dekabr ayı daxil olmaqla 12 aylıq işi sifarişçi "xxxx" ASC-yə təhvil vermişdir. Hər akt üzrə 3007 manat olmaqla, cəmi 36.084 manat dəyərində iş icra olunmuşdur. Həmin aktlar üzrə cavabdeh (sifarişçi) iddiaçıya (icraçıya) işin dəyərini ödəməli olduğu halda, öhdəliyini lazımi qaydada icra etməmişdir. Bu səbəbdən cavabdeh "xxxx" ASC-dən 36.084 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirildiyi üçün Mərkəzi Bankın uçot dərəcəsi üzrə 6.5 % olmaqla ((36084*6.5%)x2 il) 4.690,92 manat, mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş 212,32 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış 12 mart 2019-cu il tarixdə ASFX18/334 saylı bağlanmış xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi “dövlət əhəmiyyətli A-27 Aktobe-Atıray-Rusiya Federasiyası sərhədi, 236-275-ci km” yolunun yenidən qurulması layihəsində süni qurğuların tikintisi üzrə işlərin həyata keçirilməsini öz üzərinə götürmüşdür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 ay üçün 3.050 manat xidmət haqqı ödəyir. 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhviltəslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir. 2.6-cı bəndinə əsasən icraçı bu müqavilə üzrə işlərin icrasına 12 mart 2019-cu il tarixdən başlayacaqdır. 13.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 3 ay müddətinədək qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə 1 həftə qalmış tərəflərdən biri, digərinə müqaviləyə xitam verilməsi barədə yazılı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılmış hesab edilir. Müqavilə tərəflərin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il-xx.xx.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktlara əsasən xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 3007 manat dəyərində olmaqla, cəmi 36.084 manat dəyərində xidmətlər sifarişçi tərəfindən təhvil alınmışdır. Aktlar sifarişçinin imzası və möhürü və icraçının imzası ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən ümumilikdə 36.084 manat məbləğində olan xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 613883 saylı, EBCL seriyalı, 613827 saylı, EBCL seriyalı, 613579 saylı, EBCL seriyalı, 613520 saylı, EBCL seriyalı, 613476 saylı, EBCL seriyalı, 613237 saylı, EBCL seriyalı, 613218 saylı, EBCL seriyalı, 613180 saylı, EBCL seriyalı, 613152 saylı, EBCL seriyalı, 613122 saylı, EBCL seriyalı, 613051 saylı və EBCL seriyalı, 612932 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-yə pretenziya məktubu göndərilərək ASC-dən xidmət müqaviləsi üzrə yaranmış 36.084 manat məbləğində borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq instansiyalara müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 12 mart 2019-cu il tarixdə ASFX18/334 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək müqavilədə nəzərdə tutulmuş xidmətlər göstərmiş, xx.xx.2020-xx.xx.2020-ci il dövrləri ərzində İddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri cəmi 36.084 manat təşkil etmişdir. Göstərilən hal iş materiallarına əlavə edilmiş iki tərəfli təhvil-təslim aktları, eləcə də cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaimələrlə öz təsdiqini tapır. Cavabdeh "xxxx" ASC xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arası dövrdə göstərilmiş xidmətlərin haqqını İddiaçı ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 36.084 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 385.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini – 36.084 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 36.084 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Həmçinin İddiaçı xidmət müqaviləsi üzrə əsas borcla yanaşı 4.690,92 manat məbləğində dəbbə pulunun ödənilməsi tələbini də irəli sürmüşdür. Digər tərəfdən iddia ərizəsindən də göründüyü kimi tələb edilən 4.690,92 manat məbləği iddiaçı tərəfindən dəbbə pulu adlandırılsa da, həmin hissədə iddia tələbinin əsası kimi Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edilmiş, eləcə də həmin məbləğ ödənilməmiş əsas borc məbləğinə bank uçot dərəcəsi ilə faiz kimi hesablanmışdır. Göstərilən tələbə dəbbə pulunun tutulması tələbi kimi qiymət verdiyimiz halda qeyd edilməlidir ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırkı halda isə dəbbə pulunun tutulması üçün qanunda nəzərdə tutulmuş əsasın mövcudluğu müəyyən edilmir, eləcə də tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun tutulması nəzərdə tutulmamışdır. Tələb edilən məbləği pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanmış maliyyə sanksiyası kimi nəzərdən keçirsək isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin ödəməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Belə olan halda cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsaslar müəyyən edilmir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 13 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 212,33 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı çəkdiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 180 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 36.084 manat məbləğində pul vəsaiti, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 180 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar