Məhkəmə qərarları › İş №e-2-2(113)-302/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-302/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-302/2024 05.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli akt əsasında qaz sərfiyyatına görə əsassız hesablanmış 2.160 manat məbləğində borcun silinməsi barədə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Cavabdeh Salyan RQİİ tərəfindən iddiaçı “MKT İstehsalat Kommersiya“ MMC-nin Neftçala rayonunda yerləşən filialı barəsində ********** saylı qaz sayğacının uçotunun pozulması ilə bağlı qazın həcminin bərpa edilməsi üçün əsassız olaraq 2.160 manat (8640 m3) məbləğində akt tərtib edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci bəndinə uyğun olaraq, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Fərmanın 1.5-ci bəndinə uyğun olaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. - 4.3-cü bəndinə əsasən qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. - 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.

9. İşin müəyyən olunmuş halı odur ki, Cavabdeh ilə İddiaçı arasında 30 dekabr 2020ci il tarixdə, AMX-4937/20 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi və müqaviləyə əlavə (protokol) imzalanmışdır.

10. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

11. Müqavilə və müqaviləyə əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

12. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən borc xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 2.160 manat məbləğində borcdur.

13. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə əsasən qaz sayğacı növbəti dövlət yoxlamasından keçirilərkən uçotu pozulmuş qaz sərfiyyatı 8640 m3 müəyyən edilmişdir.

14. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2023-cü ilin yanvar ayı üçün akt əsasında 2.160 manat borc hesablanmışdır.

15. Məhkəmə bu xüsusda qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları hazırkı hala şamil edilə bilməz. Belə ki, qeyd edilən qanunun müvafiq müddəaları ancaq sayğaca müdaxilə və qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma halına şamil edilir. Hazırkı halda isə, akt əsasında 2160 manat borc itirilmiş qaz sərfiyyatına görə hesablanmışdır.

16. Ona görə də, 2.160 manat borcun hesablanma əsası araşdırılmalıdır.

17. 20.11.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh İB-nin nümayəndəsindən borcun nəyin əsasında hesablanması soruşulmuş, cavabdeh tərəf də, arxiv yaddaşının göstəricilərinə əsasən borcun hesablandığını bildirmişdir. Bundan başqa həmin hazırlıq iclasında cavabdeh tərəf sayğacın mexaniki hissəsi ilə elektron hissəsi arasında daim fərqin olduğunu, hazırkı borcun hesablanması zamanı da, arxiv yaddaşın yoxlama aktının olduğunu bildirmişdir.

18. Qeyd edilmiş məhkəmə hazırlıq iclası sayğacın arxiv yaddaşının yoxlama aktının təqdim edilməsi məqsədi ilə təxirə salınmışdır.

19. Həmçinin də, arxiv yaddaşının yoxlama aktı məktubla Cavabdeh İB-dən tələb edilsə də, qeyd edilmiş akt məhkəməyə təqdim edilməmiş və məhkəmənin sonrakı iclaslarında cavabdeh tərəf ümumiyyətlə iştirak etməmişdir.

20. Məhkəmə hesab edir ki, borc əsassız olaraq hesablanmışdır.

21. Belə ki, işə əlavə edilmiş abonentin saldosundan görünür ki, sayğacın elektron və mexaniki hissəsinin göstəriciləri arasında daimi olaraq fərq olmuş və ödənişlər daimi olaraq elektron hissənin göstəricisinə əsasən hesablanmışdır.

22. Həmçinin abonentin saldosundan görünür ki, akt üzrə 2.160 manat hesablanmış 2023-cü ilin yanvar ayında aktdan əlavə, 6.953 manat sərfiyyat hesablanmışdır. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, əgər həqiqətən də, sayğacın elektron hissəsi nasaz vəziyyətdə olmuş olsa idi, qeyd edilmiş sərfiyyatı da hesablamazdı.

23. Həmçinin məhkəmə iclasında qeyd edilmiş aktın tərtib edilməsindən sonra sayğacın dəyişdirilib-dəyişdirilməməsi və yaxud təmir edilib-edilməməsi soruşulmuş və hər iki tərəf sayğacın dəyişdirilmədiyini və təmir edilmədiyini bildirmişlər.

24. Həmçinin abonentin saldosuna nəzər yetirildikdə aydın olur ki, 2023-cü ilin yanvar ayını, əvvəlki illərin yanvar ayının göstəriciləri ilə müqayisə edərkən aydın olur ki, əksinə 2023-cü ilin yanvar ayında sərfiyyat daha artıq (6.953 manat) hesablanmışdır.

25. Bundan başqa da, cavabdeh tərəf sayğacın arxiv yaddaşının yoxlama aktının olduğunu bildirsə də, belə bir aktı da, məhkəməyə təqdim etməmişdir.

26. Göründüyü kimi, cavabdeh tərəf 31 yanvar 2023-cü il tarixli akt əsasında hesablamış olduğu 2.160 manat borcun əsasını sübut edə bilməmişdir.

27. Ona görə də, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 2.160 manat məbləğində borc silinməlidir.

28. Belə olan halda, məhkəmə hesab edir ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçınə məxsus **********00100 saylı abonent kodu üzrə xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 2.160 (iki min yüz altmış) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar