Məhkəmə qərarları › İş №e-2-2(113)-3020/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3020/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3020/2024 19.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı və borc müqavilələri üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 09 iyun 2023-cü il tarixli və 03 may 2023-cü il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktları üzrə 566 300,28 manat borc, alış və satış müqavilələri üzrə hesablanmış 35 396,21 manat məbləğində cərimə, borc müqaviləsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixə uçot faiz dərəcəsinə (7,75%) əsasən hesablanmış 38 750 manat faiz məbləği və ödənilmiş 930,45 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsində göstərilmişdir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AŞ/AZ-22/01 və xx.xx.2022-ci il AŞ/AZ-22/32 nömrəli alqı-satqı müqavilələrinin “mübahisəli məsələlərin həlli” adlanan 11-ci hissəsinə əsasən, tərəflər müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 gün müddətində mümkün oimadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinə əsasən həll edilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli A-SA 448/22 nömrəli satınalma müqaviləsinin “mübahisəli məsələlərin həlli” adlanan 25-ci hissəsinə əsasən, tərəflər müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyrimüəyyənlikləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinə əsasən həll edilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 13 dekabr 2022-ci il tarixli borc müqaviləsinin 6.2-ci bəndinə əsasən, bu müqavilədən irəli gələn və ya onunla bağlı yaranan hər hansı mübahisə və ya fikir ayrılığı tərəflər arasında danışıqlar və pretenziya qaydasında həll edilir. Məhkəmə qeyd edir ki, tərəflər sözügedən müqavilələrdən irəli gələn mübahisələrin əvvəlcə məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə razılığa gəlmişdir. Lakin iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd kimi 27 noyabr 2023-cü il tarixli 13-5-2/2-0592/2023 nömrəli məktub və poçt qəbzi əlavə edilmişdir. Halbuki hazırkı iş üzrə cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçdiyindən həmin sənədlər iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin çatdırıldığı qaydada - “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddəsinə əsasən hakim müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.7-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 4.5-ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. 13 dekabr 2022-ci il tarixli borc müqaviləsinin 6.3 və 6.4-cü bəndinə əsasən, mübahisələrin həlli danışıqlar və pretenziya yolu ilə 15 (on beş) gün müddətində mümkün olmadıqda, tərəflər bu məsələləri “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş şəkildə mediasiya qaydasında həll edirlər. Tərəflər arasındakı mübahisə və anlaşılmazlıqlar mediasiya qaydasında həll edilə bilmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aidiyyəti məhkəmələrdə həll edilməlidir. Göründüyü kimi, tərəflər 13 dekabr 2022-ci il tarixli borc müqaviləsindən irəli gələn mübahisələr üzrə mediasiyaya dair qeyd-şərt barədə razılığa gəlmişdir. Lakin iddia ərizəsinə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl 13 dekabr 2022-ci il tarixli borc müqaviləsindən irəli gələn mübahisə üzrə mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini, tərəflərin 13 dekabr 2022-ci il tarixli borc müqaviləsindən irəli gələn mübahisə üzrə mediasiya prosesində iştirakını təsdiq edən sənədlər əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il tarixli AŞ/AZ-22/01 və xx.xx.2022-ci il AŞ/AZ-22/32 nömrəli alqı-satqı müqavilələri və 28 noyabr 2022-ci il tarixli A-SA 448/22 nömrəli satınalma müqaviləsi üzrə mübahisəli məsələlərin həlli üçün 30 gün müddət müəyyən etmişlər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edir ki, ********** nömrəli qəbzə əsasən 930,45 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından 930,45 manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Eləcə də növbəti müraciətdə nəzərə alınmalıdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı və borc müqavilələri üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 930 (doqquz yüz otuz) manat 45 (qırx beş) qəpik pul İddiaçınə qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar