Məhkəmə qərarları › İş №e-2-2(113)-3023/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3023/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3023/2022 31.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2020-ci tarixli, KTA-KTT-20/0010 saylı müqaviləyə əsasən pulun tutulması, müqaviləyə xitam verilməsi və avadanlığın saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 may 2020-ci il tarixli KTAKTT-20/0010 nömrəli “X3 Müqaviləsi”nə əsasən 3.172,16 manat gecikdirilmiş əsas, 294,55 manat faiz, 170,87 manat gecikdirilmiş günlərə görə cərimə borcu, ümumilikdə 3.637,58 manat məbləğində pul vəsaiti, 60 manat həcmində mediasiya və 10 manat poçt xərcinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 18 may 2020-ci il tarixli KTA-KTT-20/0010 nömrəli “X3 Müqaviləsi”nə xitam verilməsi və lizinq predmetini təşkil edən “”Shining 3D Tech Co., LTD Auto Scan-DS-EX” markalı stomatoloji skanner avadanlığının saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 18 may 2020-ci il tarixli KTA-KTT20/0010 nömrəli “X3 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən Shining 3D Tech Co., LTD Auto ScanDS-EX markalı stomatoloji skanner avadanlığı cavabdehə 18 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 10.200 manat təşkil etmişdir. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 3570 manat məbləğində ilkin ödəniş və 306 manat müqavilənin rəsmiləşdirmə komissiyası, 100 manat sığorta haqqı cəmiyyətlərinə ödənilmişdir. Eyni zamanda, cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə xx.xx.2022-ci il tarixinə cavabdehin lizinq müqaviləsi üzrə 3.172,16 manat gecikdirilmiş əsas borcu, 294,55 manat faiz borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-ci bəndinə görə, lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixinə qədər 170,87 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəflərindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2022-ci il tarixli, PLX-22/0031 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa qeyd edirlər ki, xx.xx.2022-ci il tarixdə, saat 11:00-a təyin edilmiş mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Tərəflərindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat həcmində mediasiya və 10 manat poçt xərci ödənmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında 18 may 2020-ci il tarixli KTA-KTT-20/0010 nömrəli “X3 Müqaviləsi”nə əsasən 3.172,16 manat gecikdirilmiş əsas borcu, 294,55 manat faiz borcu, 170,87 manat gecikdirilmiş günlərə görə cərimə borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh arasında 18 may 2020-ci il tarixdə KTA-KTT- 20/0010 nömrəli X3 Müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən bu müqavilənin 1 nömrəli əlavəsində qeyd olunan malları öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qimsində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya və s.) müvafiq əlavələrdə göstərilən cədvəl üzrə həyata keçirilir. 11.1-ci bəndinə görə lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə, lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. 11.2-ci bəndinə görə hər lizinq ödənişi əsas borcun qalığının ödənilməsi üçün nəzərdə tutulan hissədən, lizinq verənin mükafatından, həmçinin lizinq müqaviləsində göstərilən digər ödənişlərdən ibarətdir. Mükafat məbləği hesablanarkən bir ay – 30 gün , bir il-360 gün kimi nəzərə alınır. 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1% -i miqdarında cərimə hesablamaq hüququna malikdir. 13.1-ci bəndinə əsasən bəndinə görə lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 13.1.3. Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə. 13.4.1-ci bəndinə görə lizinq müqaviləsinin müddətinin keçməsi ilə əlaqədar lizinq müqaviləsinə xitam verilə bilər. Müqavilə lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir. 18 may 2020-ci il tarixdə KTA-KTT-20/0010 nömrəli X3 Müqaviləsi”nə 1 saylı əlavəyə əsasən lizinq obyektini 2020-ci il buraxılışlı ÇXR istehsalı olan Shining 3D Tech Co.,LTD markalı, Auto Scan-DS-EX modelli Stomatoloji skanner təşkil edir. 1 saylı Əlavənin: 1.9-cu bəndinə görə lizinq müddəti 18 ay müəyyən edilmişdir. Əlavə lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən Auto Scan-DS-EX modelli Stomatoloji skanner İddiaçı ASC-dən Cavabdeh təhvil verilmişdir. Akt İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmışdır. 18 may 2020-ci il tarixdə KTA-KTT-20/0010 nömrəli X3 müqaviləsinə 2 saylı əlavə olan ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 18 ay müddətində hər ay cəmi 429 manat (sonuncu ay 436 manat) məbləğində lizinq ödənişləri edilməli idi. Ödəniş cədvəli tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən arayışın verildiyi tarixə Cavabdeh 18 may 2020-ci il tarixli KTA-KTT-20/0010 nömrəli lizinq müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu 3.172,16 manat, faiz borcu 294,55 manat, cərimə borcu 170,87 manat, cəmi borcu 3.637,58 manat təşkil edir. İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə müraciət edilərək, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulduğu bildirilmiş, xəbərdarlıq alınandan 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilmədiyi halda lizinq obyektinin lizinq verənin anbarına təhvil verilməsi və borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin şərtlərinin təmin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlərin dərhal icra ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 18 may 2020-ci il tarixli, KTA-KTT-20/0010 nömrəli X3 müqaviləsi”ndən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən İddiaçı ASC müqavilə üzrə öhdəlikləri icra edərək lizinq obyekti olan Stomatoloji skanneri lizinq alan Cavabdeh təhvil vermiş, lakin lizinq alan ödəniş cədvəlinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmiş, nəticədə lizinq alanın lizinq verənə 3.172,16 manat məbləğində əsas borcu və 294,55 manat məbləğində faiz borcu, eləcə də müqavilənin 11.3-cü bəndinə əsasən hesablanmış 170,87 manat məbləğində dəbbə pulu borcu yaranmışdır. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi lizinq alan Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən lizinqə verən İddiaçı ASC Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş lizinq ödənişlərinin həyata keçirilməsini, həmin ödənişlərin gecikdirilməsinə görə müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun ödənilməsini, lizinq obyektinin işlək vəziyyətdə geri alınmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallarından görünür ki, 18 may 2020-ci il tarixdə bağlanmış mübahisəli lizinq müqaviləsində lizinq müddətinin 18 ay olması göstərilmiş, yəni müqavilənin qüvvədə olma müddəti 18 noyabr 2021-ci il tarixdə bitmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, əvvəla, qüvvədə olma müddəti bitmiş müqavilənin ləğv edilməsi imkanı qanunvericilikdə nəzərdə tutulmamışdır, digər tərəfdən müddəti bitmiş müqavilə tərəflər üçün yeni hüquq və öhdəliklər yaratmadığından həmin müqavilənin ləğv edilməsi zərurəti də mövcud deyildir. Odur ki, iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 70 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 56,38 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia (qiymətləndirilən hissədə) borc məbləğlərinin tutulması hissəsində tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 70 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci tarixli, KTA-KTT-20/0010 saylı X3 müqaviləsi üzrə 3.172,16 manat (üç min yüz yetmiş iki manat on altı qəpik) məbləğində gecikdirilmiş əsas borc, 294,55 manat (iki yüz doxsan dörd manat əlli beş qəpik) məbləğində faiz, 170,87 manat (yüz yetmiş manat səksən yeddi qəpik) məbləğində dəbbə pulu, cəmi 3637,58 manat (üç min altı yüz otuz yeddi manat, əlli səkkiz qəpik) məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul tutularaq İddiaçı ASC -yə ödənilsin. Lizinq obyekti olan “Shinning 3D Tech Co., LTD Auto Scan-DS-EX” markalı stomatoloji skanner cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar