Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3024/2021 10.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Fərzalı oglunun katibliyi ilə, İddiaçı oglunun nümayəndəsi və vəkili Nümayəndə oglunun, Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətin nümayəndəsi X3 oglunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 57857,65 manat əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3,031.34 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 60888,99 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 57,866.65 manat əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3,031.34 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 60,897.99 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək "xxxx" açıq səhmdar cəmiyyətindən 57857,65 manat əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3,031.34 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 60888,99 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Salman oğlu ilə Sifarişçi "xxxx" ASC arasında 13 noyabr 2017-ci il tarixli ASFX 17/088 saylı xidmət müqaviləsi imzalanmışdır. Müqavilə şərtinə görə icraçı şifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması layihəsində maşın və mexanizmlərin yanacaqla təmin olunması və nəzarətinin həyata keçirilməsi xidmətini icra edir, Sifarişçi isə bu xidmətin qarşılığında icraçıya aylıq 3,217.00 (üç min iki yüz on yeddi manat) manat xidmət haqqı ödəyir. 07 yanvar 2020-ci il tarixdə tərəflərin qarşılıqlı razılığı ilə 13 noyabr 2017-ci il tarixli ASFX 17/088 saylı xidmət müqaviləsinə 1 saylı əlavə bağlanmış və bu əlavə ilə icraçının göstərdiyi xidmətə görə aylıq xidmət haqqı 4,369.00 manat olaraq müəyyən olunmuşdur. İddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra edərək, göstərdiyi xidməti tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı X2-Təslim Aktı ilə şifarişçiyə təhvil versə də, sifarişçi iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək dəfələrlə şifahi və yazılı xəbərdarlığına baxmayaraq 15 aylıq xidmət haqqını, yəni 57,866.65 manat borcunu ödəməmişdir. Halbuki, müqavilənin 2.3.-cü bəndində qeyd olunmuşdur ki, “ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhvil-təslim aktı imzalandıqdan sonra Sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə İcraçıya ödənilir”. X2-Təslim Aktından əlavə, 02 noybar 2020-ci il tarixdə tərəflər arasında Üzləşmə Aktı da imzalanmış, bu Aktla cavabdeh iddiaçıya olan borcunu bir daha etiraf etmişdir. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh icra etməli olduğu pul öhdəlyinin bir hissəsinin icrasını gecikdirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Deməli Cavabdeh borcun ümumi dəyərinin illik 5%-ni, yəni 3,031.34 manatı İddiaçıya ödəməlidir. İddiaçı müqavilələrdə göstərilən şərtlərə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi tam icra etmiş, lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq xidmət haqqını ödəməmiş, bununla da o, müqavilə şərtlərini, həmçinin qüvvədə olan mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh İddiaçıya ödəməli olduğu pulu vaxtında geri qaytarmamaqla həmin vəsaitdən yararlanmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə oglu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 oglu məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçının tələb etdiyi borcu etiraf edə bilmirlər, ona görə ki, borcun olmasını müəyyən edə bilmirlər. İddiaçının məhkəməyə təqdim etdiyi sənədləri xaricdə olan nümayəndələri imza etdiyi üçün həmin sənədlərlə bağlı sorğu vermişlər və müəyyən olunmuşdur ki, qeyd olunan sənədlər ofisdə yoxdur. Müqavilənin bağlanmasını qəbul edirlər, lakin digər sənədlər onlarda olmadığı üçün borcu dəqiqləşdirə bilmirlər. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında baglanmış 13 noyabr 2017-ci il tarixli Xidmət müqaviləsinin surətindən görünür ki, icraçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində maşın və mexanizmlərin yanacaq ilə təmin olunmasını və nəzarəti həyata keçirilməsi ilə əlaqədar işlərin icrasını öz üzərinə götürmüşdür. Xidmət haqqının dəyəri bir ay üçün 3217 manat müəyyən olunmuşdur. 07 yanvar 2020-ci il tarixli Xidmət müqaviləsinə əlavənin surətindən görünür ki, xidmət haqqının məbləgi dəyişdirilərək, bir ay üçün 4369 manat müəyyən olunmuşdur. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş üzləşməyə dair aktın surətindən görünür ki, cavabdehin iddiaçıya 02 noyabr 2020-ci il tarixinə olan borcu 55001 manat təşkil edir. X2-təslimi barədə 14 ədəd aktların surətindən görünür ki, iddiaçı müqavilədə göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi və ümumi dəyəri 55001 manat olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 13 noyabr 2017-ci il tarixli Xidmət müqaviləsi (Podrat müqaviləsi) bağlanmış və müqaviləyə əsasən icraçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində maşın və mexanizmlərin yanacaq ilə təmin olunması və nəzarətini həyata keçirilməsi ilə əlaqədar işlərin icrasını öz üzərinə götürmüşdür. Xidmət haqqının dəyəri əvvəlcə 3217 manat sonra isə 4369 manat müəyyən olunmuşdur. İddiaçı tərəfindən 55001 manat məbləgində işlər görülərək cavabdehə təhvil verilmiş bu barədə tərəflər arasında üzləşməyə dair akt tərtib olunmaqla təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, Podrat müqaviləsi iki tərəfin Podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış Podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, İddiaçı tərəfindən 55001 manat məbləgində işlər görülərək cavabdehə təhvil verilmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş X2-təslimi barədə 15 ədəd aktların 14 ədədi təsdiq edildiyi halda 20 noyabr 2020-ci il tarixli akt təsdiq edilməmiş, eyni zamanda İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş üzləşməyə dair aktda da 20 noyabr 2020-ci il tarixli akt barədə məlumat əksini tapmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, həmin akt mötəbər subut kimi qəbul edilməməli, iddia həmin aktda göstərilən 2856,65 manat məbləg hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia 2856,65 manat hissədə təmin edilmədiyindən iddiaçının 20 noyabr 2020-ci il tarixli akt üzrə 2856,65 manat məbləğə görə gecikdirilmiş vaxt üçün faiz tələb etməsi qanunsuzdur. Buna görə də məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün tələb olunan faiz məbləğindən 2856,65 manat məbləğə görə hesablanmış faiz məbləği çıxılmaqla, qalan 2967,95 manat (3,031.34 – 63,39) faiz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 55001 manat əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 2967,95 manat faiz borcu "xxxx" açıq səhmdar cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 28,56 manat məbləği "xxxx" açıq səhmdar cəmiyyətindən tutularaq İddiaçı ödənilsin, qalan 1,44 manat məbləği isə İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3024/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3024/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver