Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-303/2023 23.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli № 669/2019 saylı “alğı-satqı” müqaviləsi əsasında yaranmış 35.790,45 AZN (otuz beş min yeddi yüz doxsan manat qırx beş qəpik) (ƏDV daxil) borc və adı çəkilən müqavilənin pozulması əsasında hesablanmış 1000 AZN (min manat) dəbbə pulu olmaqla, ümumilikdə 36 790,45 AZN (otuz altı min yeddi yüz doxsan manat qırx beş qəpik) pul vəsaitinin "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 19 iyun 2019-cu il tarixində İddiaçı MMC ilə "xxxx" MMC arasında № 669/2019 saylı “alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi sayılan qiymət razılaşma protokolunda göstərilən malları "xxxx" MMC-yə, yəni alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin “ödəniş şərtləri” başlıqlı 6-cı maddəsinə əsasən alıcı bu müqavilə üzrə satılan mallara görə satıcıya müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşma protokoluna uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Həmin maddənin 2-ci bəndində göstərilir ki, qiymətlərin razılaşma protokolunda müəyyənləşdirilmiş məbləğ “alıcı” tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq birdəfəlik olaraq qabaqcadan nağdsız bank köçürməsi şəkildə “satıcı”ya ödəməlidir. Bu bənddə göstərilmiş qaydada malların tam dəyəri ödənilmədikdə “satıcı” onun ödənilməsini “alıcı”-dan tələb etməyə haqlıdır. Lakin, xx.xx.2019-cu il tarixli № 669/2019 saylı müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən elektron-qaimə əsasında alıcıya, elektron-qaimədə əks olunmuş mallar, satıcı trəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı, yəni "xxxx" MMC elektron-qaiməyə əsasən ƏDV daxil 35 790,45 AZN (otuz beş min yeddi yüz doxsan manat qırx beş qəpik) məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları,eləcə də,alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 7-ci maddəsinin “tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər” tələbləbinə əsasən dəfələrlə müqavilənin ödənişlə bağlı hissəsinin icra edilməməsinə görə şifahi şəkildə telefon vasitəsilə və üzbəüz görüşərək müraciət olunmasına, eyni zamanda onlayn kargüzarlıq sistemi vasitəsilə ünvanına pretenziya məktubu göndərilməsinə baxmayaraq, yuxarıda qeyd edilən elektron-qaimə əsasında yaranmış, ümumilikdə ƏDV daxil 35 790,45 manat (otuz beş min yeddi yüz doxsan manat qırx beş qəpik) borcun ödənilməsi barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəni məhkəməyə təqdim edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC "xxxx" MMC arasında imzalanmış 19 iyun 2019 tarixli 669/2019 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı bu müqaviləyə əlavə edilmiş və qiymət razılaşma protokolunda göstərilən malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələrin göndərilməsinə dair çıxarışdan məlum olur ki, ayrı-ayrı tarixlərdə İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 669/2019 saylı müqavilə üzrə elektron qaimələr göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Məhkəmə iş materiallarını və sadalanan maddi hüquq normalarını əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və 35.790,45 AZN (otuz beş min yeddi yüz doxsan manat qırx beş qəpik) (ƏDV daxil) borc "xxxx" MMC-dən tutulmalıdır. Belə ki, iddia tələbinin əsaslı olması məhkəmə araşdırması zamanı sübut qismində təqdim edilmiş elektron qaimələrlə öz təsdiqini tapır. İddiaçı müqavilənin pozulması ilə bağlı olaraq 1.000 manat məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda 1.000 manat məbləğində cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 200 (iki yüz) manat mediasiaya xərci, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulımalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli № 669/2019 saylı “alğı-satqı” müqaviləsi əsasında yaranmış 35.790,45 manat (otuz beş min yeddi yüz doxsan manat qırx beş qəpik) (ƏDV daxil) borc və adı çəkilən müqavilənin pozulması əsasında hesablanmış 1000 manat (bir min manat) dəbbə pulu, "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalı, iş üzrə ödənilmiş 200 (iki yüz) manat mediasiaya xərci, 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMCyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli № 669/2019 saylı “alğı-satqı” müqaviləsi əsasında yaranmış 35.790,45 manat (otuz beş min yeddi yüz doxsan manat qırx beş qəpik) (ƏDV daxil) borc və 1.000 (bir min manat) manat dəbbə pulu, "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 200 (iki yüz) manat mediasiaya xərci, 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-yə aid edilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-303/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-303/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver