Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3030/2023 06.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qanunçuluq, legitim məqsəd, mütənasiblik) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan 2,39 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “XXXX" MMC) Dövlət Sosial Müdafiə Fonduna olan 8796,1 manat, İşsizlikdən Sığorta Fonduna 829,32 manat, İcbari Tibbi Sığorta Fonduna 3348,15 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi – AAXXXX) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “XXXX" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 8796,1 manat, İşsizlikdən Sığorta Fonduna 829,32 manat, İcbari Tibbi Sığorta Fonduna 3348,15 manat, Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2,39 manat olmaqla, ümumilikdə 12975,96 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********357000, xx.xx.2023cü il tarixli **********134400, xx.xx.2023-cü il tarixli **********799300-cü il tarixli nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:
3. Maraqlı şəxs məhkəməyə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Mədəniyyət Nazirliyi arasında bağlanmış 28 iyun tarixli 6 nömrəli Müqaviləyə əsasən "xxxx" MMC-nin əmək haqqı büdcəsi (bütün vergi və digər tutumlar da daxil olmaqla) müqavilənin smetasında öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bir sıra səbəblərdən irəli gələrək (Azərbaycan Respublikası Kino Agentliyinin yaranması, hüquq və öhdəliklərin tabe quruma keçirilməsi və s.) müqavilə üzrə öhdəliklərini tam icra edə bilməmişdir. Nəzərə alınsa ki, şirkətin əsas fəaliyyət istiqaməti üzrə şirkət rəhbərliyi və əməkdaşları daim xarici səfərlərdə olmalıdır, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması şirkətin fəaliyyətini dayandırma təhlükəsi yaradır. Bununla bağlı ərizəçiyə xx.xx.2023-cü il tarixli məktubla müraciət edilmiş və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ərizəsi ilə məhkəməyə müraciət etməməklərini və iyun aymadək möhlət vermələrini xahiş etmişlər. Lakin ərizəçi onlara hansı əsaslarla möhlət hüququnun yaranmasını bildirərək onların cavabını gözləmədən məhkəməyə müraciət etmişdir. İddiaçının cavabından görünür ki, dövlət sifarişlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş dövlət sifarişi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş sifarişçinin borclu olduğunu təsdiq edən arayış təqdim edildikdə möhlət hüququ yaranır. Müraciəti aldıqdan sonra, onlar tərəfindən Mədəniyyət Nazirliyinə müraciət edilmiş və müvafiq arayış verilməsi xahiş edilmişdir. Mədəniyyət Nazirliyindən cavab gələnədək, artıq ərizəçi məhkəməyə müraciət etmiş və xahişlərini nəzərə almamışdır. Bu ərizəçinin qərəzli münasibətinin göstəricisidir. Həmin müqavilənin smetasında da göstərilir ki, şirkətin əmək haqqı fondu Mədəniyyət Nazirliyi ilə bağlanmış müqavilənin bir hissəsidir və Nazirlik tədbir çərçivəsində əmək haqqının ödənilməsini öz öhdəliyinə götürmüşdür. Lakin yaranmış vəziyyətlə əlaqədar Nazirlik öz öhdəliklərini tam icra edə bilmədiyindən şirkətin vergi borcu yaranmışdır. Ona görə də ərizənin baxılmamış saxlanılmasını, onlar möhlət verilməsini xahiş edirlər.
4. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən maraqlı şəxs etirazın məzmununa uyğun izahat verərək ərizənin rədd olunmasını xahiş etmişdir. Bundan başqa, maraqlı şəxs bildirmişdir ki, Mədəniyyət Nazirliyi ilə bağlanmış 28 iyun tarixli müqavilə üzrə 200 000 manat ödəniş edilmiş, təxminən 140 000 manat ödənilməmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, 2020-ci ildən hüquqi şəxsin direktorudur. Hüquqi şəxsin bank hesablarının üzərinə sərəncam qoyulub. Hüquqi şəxs əsasən Mədəniyyət Nazirliyinin sifarişi əsasında işlər görsə də, mənfəət əldə etmək məqsədi ilə başqa müqavilələr əsasında işlər də görür.
5. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
6. Maraqlı şəxsə məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
III. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiyasının: – 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. – 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; – 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
9. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.
10. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: – 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. – 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
11. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsi): – 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. – 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. – 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. – 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. – 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi ilə bağlı
13. Məhkəmə ilk növbədə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır.
14. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir.
15. Fiziki şəxs haqqında məlumatlardan görünür ki, Maraqlı şəxs xx.xx.2010-cu il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir və onun sahibkarlıq fəaliyyətinin əsas istiqaməti muzdlu işçilərlə şəxsi ev təsərrüfatlarının fəaliyyətidir.
16. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, “XXXX" MMC-nin (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxsdur.
17. Maraqlı şəxs xx.xx.2023-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun Dövlət Sosial Müdafiə Fonduna olan borcu 2,39 manat təşkil edir.
18. “XXXX" MMC-nin xx.xx.2023-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun Dövlət Sosial Müdafiə Fonduna olan borcu 36528,59 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 2098,93 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 8138,34 manat təşkil edir. xx.xx.2023-cü il tarixə çap olunan şəxsi hesab vərəqəsi ilə də qeyd olunan məbləğlər təsdiq olunur.
19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən “XXXX" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişlərin və xx.xx.2023-cü il tarixli xəbərdarlıq haqqında məlumatın surətindən görünür ki, “XXXX" MMC-dən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
20. Vergi orqanı ilə vergi ödəyicisi Maraqlı şəxs arasında elektron sənəd mübadiləsi haqqında müqavilənin 2.2-ci bəndindən görünür ki, tərəflər müəyyən edilmiş formatda tərtib edilən və göndərilən elektron sənədi kağız və ya yazılı şəkildə digər məlumat daşıyıcısı üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqa malik olduğunu qəbul edir.
21. Vergi orqanı ilə hüquqi şəxs (VÖEN: **********) arasında vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında 11 aprel 2012-ci il tarixli müqavilənin 2.2-ci bəndindən görünür ki, tərəflər müəyyən edilmiş formatda tərtib edilən və göndərilən elektron sənədi kağız və ya yazılı şəkildə digər məlumat daşıyıcısı üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqa malik olduğunu qəbul edir.
22. Ərizəçinin təqdim etdiyi vegi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, xx.xx.2023-cü il tarixli bildirişlər, xəbərdarlıq haqqında məlumat müvafiq olaraq “XXXX" MMC-nin və maraqlı şəxsin elektron kabinetinə yerləşdirilmişdir.
23. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan Maraqlı şəxs məcburi dövlət sosial sığorta haqqı üzrə və “XXXX" MMC məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların müvafiq olaraq Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində onlar tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.
24. Odur ki, borclu fərdi sahibkarın və hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbəri və fərdi sahbkar olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
25. Etirazın dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun və Vergi Məcəlləsinin tələblərinə əsasən, vergiləri və digər icbari ödənişləri ödəmək vergi ödəyicilərinin vəzifələrindən biri kimi müəyyənləşdirilmiş, onların ödənilməsi vəzifəsinin icra olunması vergi ödəyicisinin özünün üzrlü hallar kimi şamil etdiyi hadisə və ya hərəkətlə əlaqələndirilməmişdir. Vergilər və digər icbari ödənişlər ilə bağlı münasibətlər publik hüquq münasibətləri toplusunun tərkib hissələrindəndir və onun tənzimlənməsi Konstitusiyanın 94-cü maddəsinin təsir dairəsinə aid olunub. Bu baxımdan, vergi ödəyicisinin qanunla müəyyən edilmiş vergiləri, hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəməkdən azad edilməsi, güzəştlərinin verilməsi, möhlət verilməsi, onların azaldılması qanunla nizamlanmanı ehtiva edir (Vergi Məcəlləsinin 2.4-1-ci maddəsi). Hazırkı işdən isə belə əsasların mövcudluğu müəyyənləşdirilmir.
26. Belə ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinin tələbləri baxımından qeyd olunmalıdır ki, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar (hazırkı halda müvafiq fondlara olan borclarla bağlı) yalnız Vergi Məcəlləsi ilə müəyyənləşdirilir. Vergi Məcəlləsindən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. Vergi azadolmaları və güzəştləri isə müvafiq olaraq Vergi Məcəlləsinin 106, 199, 218-1-ci və s. maddələrində nəzərdə tutulmuşdur.
27. Həmçinin, qeyd olunmalıdır ki, vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri Vergi Məcəlləsinin 85.6-cı maddəsində göstərilən hallardan biri olduqda həmin Məcəllə ilə müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər. Bu hallar isə, təbii fəlakət, təhlükə potensiallı obyektlərdə baş verən qəzalar və ya digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəyməsi istisna olmaqla məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə tətbiq edilmir. Hazırkı işdə isə ərizənin əsasını məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklər təşkil edir və möhlət verilməsinin həmin öhdəliklərə aid yuxarıda qeyd olunan əsasının mövcudluğu hazırkı işdə müəyyənləşdirilmir.
28. Həmçinin, Vergi Məcəlləsinin 55-ci maddəsi ilə vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar nəzərdə tutulmuşdur. Bu hallara vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törədilməsi, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun vergi ödəyicisi - fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət (özünə hesabat verməyi) və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi və s. aid edilmiş, lakin cavabdehin istinad etdiyi, Maliyyə Nazirliyi tərəfindən müvafiq ödənişin edilməli olması, müəyyənləşdirilmiş vəsaitin ödənilməməsi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsirini istisna edən, yaxud hər hansı vergidən azadolmanın və yaxud möhlət verilməsinin halları kimi müəyyən olunmamışdır.
29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, etirazda qeyd olunanlar ərizənin rədd olunması üçün əsas ola bilməz.
30. Məhkəmə xüsusilə vurğulayır ki, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda hüquqi dövlətin əsas prinsiplərindən olan mütənasiblik prinsipi üzrə də yoxlama aparılmalıdır.
31. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.
32. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).
33. Bundan başqa, mütənasiblik meyarı ilə bağlı AİHM-in mövqeyinə görə, hərəkət azadlığının məhdudlaşdırılması ilə bağlı hüquqi prosedur aydın və proqnozlaşdırıla bilən olmalıdır. İşin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət yolverilməzdir (Sarkizov və digərləri Bolqarıstana qarşı iş üzrə 17 aprel 2012-ci il tarixli, § 67-68, Nalbantski Bolqarıstana qarşı iş üzrə 10 fevral 2011-ci il tarixli, § 66 Qərarlar) .
34. Məhkəmə qeyd edir ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir.
35. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisinin müvafiq hesablarına sərəncamlar qoyulmuş, sərəncam əsasında ödənişlər (silinmələr) həyata keçirilmiş, lakin qeyd olunan tədbir nəticə verməmişdir. Belə ki, müvafiq fondlara borclar artmaqda davam etmiş, hesaba vəsait daxil olmadığından sərəncam əsasında ödənişlər (silinmələr) mümkün olmamışdır.
36. Qeyd olunan hallar, eləcə də müvafiq borcun ödənilməsi ilə bağlı ərizəçi tərəfindən bildiriş (xəbərdarlıq) göndərildikdən sonra da borcun ödənilməməsi nəzərə alındıqda məhkəmə qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna uyğun olmaqla legitim məqsəd güdür və demokratik cəmiyyətdə zəruri – mütənasibdir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, fərdi sahibkar olan Maraqlı şəxs və “XXXX" MMC-nin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri və fərdi sahibkar olan Maraqlı şəxs ölkədən getmək hüququ məhdudiyyətin qoyulmasına səbəb olmuş əsaslar aradan qalxanadək (şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas olmuş borc məbləğinin mövcudluğu aradan qalxanadək, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış hüquqi şəxsin icra orqanının rəhbəri dəyişənədək) müvəqqəti məhdudlaşdırılmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
40. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
41. Həmin Qanunun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.
42. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. Maraqlı şəxs xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan 2,39 manat, “XXXX" MMC-nin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan 8796,1 manat, İşsizlikdən Sığorta Fonduna 829,32 manat, İcbari Tibbi Sığorta Fonduna 3348,15 manat məbləğində borclarının ödənilməsini təmin etmək üçün xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi – AAXXXX) ölkədən getmək hüququ məhdudiyyətin qoyulmasına səbəb olmuş əsaslar aradan qalxanadək müvəqqəti məhdudlaşdırılsın. Dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova