Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3032/2021 16.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.637,53 manat məbləğində əsas borc, MM-nin 445.7-ci maddəsnə əsasən hesablanmış 1.295,73 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 29.933,26 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icraçı İddiaçı (VÖEN: **********) ilə sifarişçi "xxxx" ASC arasında 13 oktyabr 2018-ci il tarixli ASFX 18/288 saylı xidmət müqaviləsi imzalanmışdır. Müqavilə şərtinə görə icraçı şifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması layihəsində mal materialların mühafizə edilməsi xidmətini icra edir, sifarişçi isə bu xidmətin qarşılığında icraçıya aylıq 2.156 manat xidmət haqqı ödəyir. 01 noyabr 2018-ci il tarixdə tərəflərin qarşılıqlı razılığı ilə 13 oktyabr 2018-ci il tarixli ASFX 18/288 saylı xidmət müqaviləsinə 1 saylı əlavə bağlanmış və bu əlavə ilə icraçının göstərdiyi xidmətə görə aylıq xidmət haqqı 2.688 manat olaraq müəyyən olunmuşdur. Müqavilə üzrə öhdəliklərini tam şəkildə icra edərək, göstərdiyi xidməti tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı görülmüş işlərin təhvil-Təslim aktı ilə şifarişçiyə təhvil versə də, sifarişçi iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək dəfələrlə şifahi və yazılı xəbərdarlığına baxmayaraq 11 aylıq xidmət haqqını, yəni 28,637.53 manat borcunu ödəməmişdir. Halbuki müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur ki, “ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhvil-təslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir”. Məhkəmənin nəzərinə çatdırır ki, görülmüş işlərin yəhvil-təslim aktından əlavə, 02 noybar 2020-ci il tarixdə tərəflər arasında üzləşmə aktı da imzalanmış, bu aktla cavabdeh iddiaçıya olan borcunu bir daha etiraf etmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh icra etməli olduğu pul öhdəlyinin bir hissəsinin icrasını gecikdirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Deməli, cavabdeh borcun ümumi dəyərinin illik 5%-i, yəni 1.295,73 manat hissəsi iddiaçıya ödəməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: -İddiaçı (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış 13 oktyabr 2018-ci il tarixdə ASFX18/288 saylı bağlanmış xidmət müqaviləsinə əsasən müəyyən edilir ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin Özbəkstan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində mal materialların mühafizə edilməsi ilə əlaqədar işlərin icrasını öz üzərinə götürmüşdür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 ay üçün 2.156 manat xidmət haqqı ödəyir. 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhviltəslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir. 2.6-cı bəndinə əsasən icraçı bu müqavilə üzrə işlərin icrasına 13 oktyabr 2018-ci il tarixdən başlayacaqdır. Müqavilə sifarişçinin imzası və möhürü, icraçının imzası ilə təsdiq edilmişdir. -31.01.2020-ci il- 20.11.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktlara əsasən müəyyən edilir ki, 2020-ci ilin yanvar – oktyabr aylarında İddiaçı tərəfindən "xxxx" ASC-yə hər ay 2688 manat dəyərində olmaqla, cəmi 26880 manat dəyərindən xidmətlər göstərilmişdir. Akt sifarişçinin imzası və möhürü və icraçının imzası ilə təsdiq edilmişdir. - "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış 02.11.2020-ci il tarixli üzləşdirmə aktına əsasən müəyyən edilir ki, 13.10.2018 - 02.11.2020-ci il tarixləri üzrə 13.10.2018-ci il tarixli ASFX18/28 saylı xidməti müqaviləyə əsasən göstərilmiş xidmətlər qarşılığında "xxxx" ASC İddiaçı 2020-ci ilin yanvar ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət üzrə göstərilmiş xidmət haqqı ödəməmiş və nəticədə 26.880 manat məbləğində borcu yaranmışdır. Akt "xxxx" ASC-nin imzası və möhürü, İddiaçı imzası ilə təsdiq edilmişdir. - 20.11.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə akta əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 2020-ci ilin noyabrın ayının 17 günü üçün 1757,53 manat dəyərində xidmətlər göstərilmişdir. Akt sifarişçinin etibarnamə üzrə nümayəndəsi E.Məmmədov və icraçı tərəfindən imzalanmışdır. - 09.01.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamə ilə təsdiq edilir ki, "xxxx" ASC tərəfindən X2 Özbəkistan Respublikasının ərazisində "xxxx" ASC-nin nümayəndəsi qismində cəmiyyəti Özbəkistan Respublikasının bütün dövlət və bələdiyyə orqanlarında, kommersiya və qeyri-kommersiya təşkilatlarında təmsil etmək, həmin orqan və müəssisələrdə sənədləri imzalamaq və təqdim etmək; habelə Özbəkistan Respublikasında yerləşən Özbəkistan və xarici ölkə hüquqi və fiziki şəxsləri ilə münasibətlərdə təmsil etmək və onun adından hüquqi hərəkətləri həyata keçirmək; cəmiyyətin adından hüquqi və fiziki şəxslərlə istənilən mülki-hüquqi müqavilələri bağlamaq; Özbəkistan Respublikasında cəmiyyət tərəfindən icra edilən layihələrə ümumi rəhbərliyi və idarəetməni həyata keçirmək, işçilərin, texnikanın və avadanlığın, habelə layihələrə cəlb olunmuş digər resursların işini istiqamətləndirmək və rəhbərlik etmək və s. kimi hüquq və səlahiyyətlər verilmişdir. Etibarnamənin müddəti 31.12.2020-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ASC-dən xidmət müqaviləsi üzrə yaranmış 28.637,53 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq instansiyalara müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 13 oktyabr 2018-ci il tarixli, ASFX18/288 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehə Özbəkistan Respublikasında həyata keçirilən layihədə mal-materialların mühafizə edilməsi ilə bağlı xidmətlər göstərmişdir. 2020-ci ilin yanvar-noyabr ayları ərzində İddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri cəmi 28.637,53 manat təşkil etmişdir. Göstərilən hal cavabdehin səlahiyyətli nümayəndələrinin də təsdiq etdikləri təhvil-təslim aktları ilə öz təsdiqini tapır. Cavabdeh "xxxx" ASC 2020-ci ilin yanvar-noyabr ayları ərzində göstərilmiş xidmətlərin haqqını İddiaçı ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 28.637,53 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 385.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini – 28.637,53 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 28.637,53 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% miqdarında - 1.295,73 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Beləliklə, hazırkı işdə cavabdeh "xxxx" ASC-nin xidmət müqaviləsinə əsasən göstərilmiş xidmətin dəyərinin ödənilməsini gecikdirməsi iş materiallarına əsasən öz təsdiqini tapdığından İddiaçı gecikdirilmiş məbləğə MM-in 445.7-ci maddəsinə əsasən faiz hesablanmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 28.637,53 manat (iyirmi səkkiz min altı yüz otuz yeddi manat əlli üç qəpik) məbləğində əsas borc, 1.295,73 manat (bir min iki yüz doxsan beş manat yetmiş üç qəpik) məbləğində faizlər, cəmi 29.933,26 manat (iyirmi doqquz min doqquz yüz otuz üç manat iyirmi altı qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3032/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3032/2021
16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver