Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3035/2023 03.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2459,24 AZN (ƏDV daxil) əsas və 60 AZN Mediasiya təşkilatına ödənilmiş rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında “10” iyun 2021-ci il tarixdə, 2021AK022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən mərhələlərlə, cavabdehə müxtəlif çeşidli mallar verilmişdir. Hazırda alqı-satqı müqaviləsi üzrə cavabdehin 2459,24 AZN (ƏDV daxil) borcu olduğu müəyyən edilmişdir. Bu Müqaviləyə əsasən Satıcı bağlantı elemanlarını Alıcıya satır, Alıcı isə malları qəbul edib dəyərini ödəyir. Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilə üzrə satılan mala görə Alıcı Satıcıya hər sifariş üzrə qiymət razılaşma protokolu və ona müvafiq tərtib olunan qaimə-fakturada qeyd olunan malın tam dəyərinin nağd və ya nağdsız qaydada ödənilməsini təmin etməlidir. Müqavilə üzrə 15 iyun 2021-ci il tarixində cavabdehə 1859,21 manat dəyərində mallar göndərilmiş və cavahdeh tərəfindən təhvil alınmışdır. 12 iyun 2021-ci il tarixində isə 600,03 manat dəyərində mallar göndərilmiş və cavahdeh tərəfindən təhvil alınmışdır. Yuxarıda göstərilən mallar Satıcı tərəfindən Alıcıya təhvil verilsə də Alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək bu günədək malların dəyərini ödəməmişdir. Müqaviləyə əsasən sizin şirkətə müxtəlif çeşidli mallar təhvil verilmişdir. Hazırda alqı-satqı müqaviləsi üzrə cavabdehin 2459,24 AZN (ƏDV daxil) borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 2021AK022 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, satıcı bağlantı elemanlarını alıcıya satır, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəyir. xx.xx.2021-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, Akidil İnşaat MMC Cavabdeh MMC-yə toplam 1859,21 manat (ƏDV daxil) məbləğində məhsul təhvil vermişdir. xx.xx.2021-ci il tarixli EBBD seriyalı 363690 nömrəli elektron qaimədən görünür ki, "Akidil İnşaat MMC Cavabdeh MMC-yə toplam 1859,21 manat (ƏDV daxil) məbləğində vəsait tələb olunur. xx.xx.2021-ci il tarixli EBBD seriyalı 189785 nömrəli elektron qaimədən görünür ki, "Akidil İnşaat MMC Cavabdeh MMC-yə toplam 600,03 manat (ƏDV daxil) məbləğində vəsait tələb olunur. xx.xx.2023-cü il tarixli MŞB/16/2023-00790 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Konstitusiya Məhkəməsi plenumunun qərarında göstərilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, satıcı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, alıcı 1859,21 manat məbləğində alınan malların dəyərini ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Göründüyü kimi tərəflərin arasında müəyyən davamlı münasibətləri olsa da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarında qeyd edilən kimi “lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir”, belə ki, iddiaçı məhkəməyə 1859,21 manat məbləğində məhsulun cavabdehə təhvil verilməsi ilə bağlı təhvil-qəbul aktı, həmdə elektron qaiməni təqdim etsə də, 600,03 manat məbləğində vəsaitlə bağlı yalnız elektron qaimə təqdim edilmiş, lakin malların təhvil-qəbul aktı təqdim edilməmişdir. Odur ki,məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, 1859,21 manat məbləğində vəsaitin tələbi hissəsində iddia əsaslı olduğundan təmin edilməli, 600,03 manat məbləğində vəsaitin tələbi hissəsində isə malların təhvil verilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyinə görə rədd edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 1859,21 manat, habelə ödənilmiş mediasiya xərcinə görə 60 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 1859,21 manat, habelə ödənilmiş mediasiya xərcinə görə 60 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3035/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3035/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver