Məhkəmə qərarları › İş №e-2-2(113)-304/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-304/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-304/2021 27.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İddiaçı "Bakı Mexanika və Elektronika" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Tağıyev Hakim Allahverdi oğlunun iştirakı ilə, İddiaçı "Bakı Mexanika və Elektronika" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Tağıyev Hakim Allahverdi oğluna qarşı iddiaçı ilə cavabdeh arasında qoruyucu və yaxşılaşdırıcı texniki xidmətin göstərilməsinə dair xx xxxx 2018-ci il tarixli, 18/135 nömrəli müqavilə üzrə 8559,41 manat əsas borc, 1540,58 manat ƏDV olmaqla, cəmi 10099,99 manat pul vəsaitinin, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi müdafiəsi üçün vəkilə ödənilmiş 800 manat vəsaitin, cəmi 10,929,99 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında qoruyucu və yaxşılaşdırıcı texniki xidmətin göstərilməsinə dair xx xxxx 2018-ci il tarixli, 18/135 nömrəli müqavilə üzrə 8559,41 manat əsas borc, 1540,58 manat ƏDV olmaqla, cəmi 10099,99 manat pul vəsaitinin, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi müdafiəsi üçün vəkilə ödənilmiş 800 manat vəsaitin, cəmi 10,929,99 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2008-ci il tarixdə vergi ödəyicisi kimi kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınmışdır. Bu barədə müvafiq şəhadətnamə və dövlət reyestrindən çıxarış təqdim edilmişdir. İddiaçı ilə cavabdeh arasında qoruyucu və yaxşılaşdırıcı texniki xidmətin göstərilməsinə dair xx xxxx 2018-ci il tarixli, 18/135 nömrəli müqavilə bağlanmış, müqavilə hər iki tərəfin dairəvi möhürü və səlahiyyətli şəxslərin imzaları ilə təsdiq olunmuşdur. Müqavilə şərtlərinə görə 6 ədəd 480-800 kq, 16 dayanacaqlı, 2004-cü il istehsalı olan, 04EL040- 041,042,043,044,045 zavod nömrəli, BME markalı liftlərə ayda bir dəfə olmaqla müxtəlif dövrlərdə xidmətlər göstərilmiş, cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımı qaydada icra edilməmiş, pul vəsaitinin tam şəkildə ödənilməsi təmin olunmamışdır. Müqavilə xx.xx.2018-xx.xx.2020-ci il tarixlərdə qüvvədə olmuşdur. Həmin tarixlər arasında müqavilənin 2.1-ci bəndində göstərilən 6 ədəd liftə görə aylıq texniki xidmətin cəmi qiyməti ƏDV-siz 525,43 manat, ƏDV daxil olmaqla isə, 620,00 manat təşkil etmişdir. Müqavilənin 6-1-ci bəndində göstərilmişdir ki, cari ay üzrə texniki xidmət aktları imzalandıqdan sonra, hesab-faktura növbəti ayın 10-nadək hazırlanacaq və lift sahibinə təqdim olunacaqdır, son ödəniş tarixi hesab-fakturada qeyd olunan tarix olaraq ödənilməlidir. Son ödəmə tarixi hesab-fakturanın kəsildiyi tarixdən etibarən 20 gündür. Son ödəniş tarixinə qədər ödəniş aparılmaması halında ayrıca bir xəbərdarlıq edilmədən hər gecikdirmə günü üçün 0,5 faiz peniya tətbiq ediləcəkdir. Bütün hallarda gecikdirmə 30 gündən artıq ola bilməz. Belə ki, həmin müqavilə əsasında göstərilmiş xidmətlər üzrə xx xxxx 2018-ci il tarixli 18/135 saylı müqaviləyə görə xx xxxx 2020-ci il tarixinə cavabdehin iddiaçıya ümumi 10099,99 manat (ƏDV daxil) borc öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən 8559,41 manat əsas borc, 1540,58 manat ƏDV olmaqla cəmi 10099,99 manat pul vəsaitinin xx xxxx 2020-ci tarixədək iddiaçıya ödənilməsinin təmin edilməsi xahiş edilmiş, əks halda müqavilənin ləğvi və borcun, habelə hər gecikdirmə günü üçün 0,5 faiz penya borcunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, ödənişi edir, ƏDV-ni iddiaçı özü ödəyir, qalan borcdan 8680 manatı qəbul edir. Borcu hər ay üçün ödəyə biləcək, lakin vəkil haqqını ödəyə bilməyəcəkdir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışın və Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, "Bakı Mexanika və Elektronika" Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxx 2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 18/135 nömrəli qoruyucu və yaxşılaşdırıcı texniki xidməti Müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 6 ədəd 480-800 kq, 16 dayanacaqlı, 2004-cü il istehsalı olan, 04EL040- 041,042,043,044,045 zavod nömrəli, BME markalı liftlərin texniki xidməti işlərini yerinə yetirməyi, cavabdeh isə ƏDV daxil olmaqla 620 manat xidmətin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. 97 ədəd Lift texniki xidmət üzrə təhvil-təslim aktlarının surətlərindən görünür ki, iddiaçı tərəfindən göstərilmiş xidmətlər cavabdeh tərəfindən təhvil alınmışdır. 11 ədəd elektron qaimənin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil ümumilikdə 18000,08 manat təşkil etmişdir. 4 ədəd kassa mədaxil orderlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına ƏDV daxil xx xxxxxx 2019-cu il tarixdə 620 manat, xx xxxxxx 2020-ci il tarixdə 2000 manat, xx xxxxx 2020-ci il tarixdə 620 manat və xx xxxxxxx 2020-ci il tarixdə 620,01 manat ödəniş edilmişdir. xx xxxx 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya borcu ümumi 10099,99 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2018-ci il tarixli, 18/135 nömrəli qoruyucu və yaxşılaşdırıcı texniki xidməti Müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə 6 ədəd 480-800 kq, 16 dayanacaqlı, 2004-cü il istehsalı olan, 04EL040-041,042,043,044,045 zavod nömrəli, BME markalı liftlərin texniki xidməti işlərini yerinə yetirməyi, cavabdeh isə ƏDV daxil olmaqla 620 manat xidmətin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil ümumilikdə 18000,08 manat təşkil etmişdir. Cavabdehin iddiaçıya borcu xx xxxx 2020-ci il tarixə ümumi 10099,99 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, liftlərə xidmət göstərmiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi tam yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdehin iddiaçıya borcu xx xxxx 2020-ci il tarixə 8559,41 manat əsas borc, 1540,58 manat ƏDV olmaqla, cəmi 10099,99 manat təşkil etmiş, cavabdeh tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə əsas borc üzrə 525,43 manat, ƏDV üzrə 94,58 manat olmaqla 620,01 manat ödəniş edilmişdir. Belə olan halda cavabdehin iddiaçıya olan borcu, əsas borc üzrə 8033,98 manat, ƏDV üzrə 1446 manat, cəmi 9479,88 manat təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 18/135 nömrəli qoruyucu və yaxşılaşdırıcı texniki xidməti Müqaviləsinə əsasən yaranmış borc üzrə qalan, əsas borc üzrə 8033,98 manat, ƏDV üzrə 1446 manat, cəmi 9479,88 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli 899 saylı müqavilənin surətindən göründüyü kimi iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Xırdalan şəhər vəkil bürosunun hesabına 800 manat ödənilmişdir. Məhkəmə iddianın təmin edilmiş hissəsini nəzərə alaraq, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 800 manat məbləğin 750 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında qoruyucu və yaxşılaşdırıcı texniki xidmətin göstərilməsinə dair xx xxxx 2018-ci il tarixli, 18/135 nömrəli müqavilə üzrə 8033,98 manat əsas borc, 1446 manat ƏDV olmaqla, cəmi 9479,88 manat pul vəsaiti və vəkilin göstərdiyi yardıma görə 750 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 93,86 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28,15 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 1,85 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "Bakı Mexanika və Elektronika" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Tağıyev Hakim Allahverdi oğlu arasında qoruyucu və yaxşılaşdırıcı texniki xidmətin göstərilməsinə dair xx xxxx 2018-ci il tarixli, 18/135 nömrəli müqavilə üzrə 8033,98 manat əsas borc, 1446 manat ƏDV olmaqla, cəmi 9479,88 manat pul vəsaiti və vəkilin göstərdiyi yardıma görə 750 manat Tağıyev Hakim Allahverdi oğlundan tutularaq "Bakı Mexanika və Elektronika" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 28,15 manat məbləği cavabdeh Tağıyev Hakim Allahverdi oğlundan tutularaq "Bakı Mexanika və Elektronika" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin, qalan 1,85 manat məbləği isə "Bakı Mexanika və Elektronika" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar