Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3041/2023 15.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı “X3 Zavodu” MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı 100-LD/15 saylı, 16 iyul 2015-ci il tarixli müqavilə üzrə hesablanmış əsassız borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “X3 Zavodu” MMC cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı 100-LD/15 saylı, 16 iyul 2015-ci il tarixli müqavilə üzrə hesablanmış əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 100-LD/15 saylı, 16 iyul 2015ci il tarixli lizinq müqaviləsi üzrə iddiaçı "X3 Zavodu" MMC barəsində hesablanmış 21.081,14 manat məbləğində borcun əsassız hesab olunaraq silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 Zavodu MMC tərəfindən kənd təsərrüfatı istehsal vasitəsinin satışının maliyyələşdirilməsi məqsədilə müvəkkil banklar vasitəsilə cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət olunsa da, sonuncu tərəfindən müraciətləri xx.xx.2022-ci il tarixli cavab məktubu ilə qəbul edilməmiş, hüquqi şəxsin adına Aqrolizinq ASC öhdəlikləri üzrə 33.041,64 manat məbləğində gecikdirilmiş borc mövcud olduğu bildirilmişdir. Həmin borcun araşdırılması zamanı məbləğin bir qisminin – 11.960,50 manat borcun xx.xx.2019-cu il tarixli, 352 LD saylı müqavilə üzrə, digər 21.081,14 manat borcun isə 100-LD/15 saylı, 16 iyul 2015-ci il tarixli Lizinq Müqaviləsi üzrə yarandığı aydın olmuşdur. 11.960,50 manat borc əsaslı olduğu üçün əlavə araşdırma tələb edilmədən qısa müddət ərzində cavabdeh təşkilatın müvafiq bank hesabına köçürülmüşdür. Lakin tələb olunan digər 21.081,14 manat məbləğində borc vəsaitinin isə araşdırma zamanı əsassız olduğu ortaya çıxmışdır. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı X3 X1 Cəmiyyəti ilə X2 Cəmiyyəti arasında imzalanmış 100-LD/15 saylı, 16 iyul 2015-ci il tarixli “damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” lizinq müqaviləsinin 1-ci maddəsinə əsasən, Lizinq verən Aqrolizinq ASC 224 ədəd Holştin-friz cinsli qara mal damazlıq heyvanı 3 illik şərt ilə lizinq alan X3 Zavodu MMC-yə lizinqə vermişdir. Tərəflər arasında imzalanmış müqavilənin 2.1.1 və 2.1.2-ci maddəsinə əsasən, müqavilədə göstərilən damazlıq heyvanların sağlam və sığortalanmış vəziyyətdə lizinq alana verilməsi lizinq verənin əsas vəzifəsi olmuşdur. Buna baxmayaraq, müqavilə üzrə cəmiyyətlərinə təhvil verilən damazlıq heyvanlardan 26 ədədi sağlam vəziyyətdə olmamış, sözügedən heyvanların atrofiya xəstəliyinə görə yelin və əmcəkləri inkişaf etməmiş, buna görə də heyvanların süd vermə qabiliyyəti qənaətbəxş olmadığı və saxlanmasının səmərəsiz olacağı üçün çıxdaş olunması qərara alınmışdır. Qeyd olunan faktlar xx.xx.2016-cı il tarixli Akt ilə öz təsdiqi tapmışdır. Məhz buna görə müqavilənin 2.1.1 və 2.1.2-ci maddəsinə və sığorta şirkəti ilə imzalanmış sığorta müqaviləsinə əsasən, lizinq verən "xxxx" ASC sığorta ödənişinin həyata keçirilməsi üçün damazlıq heyvanların sığortalandığı "xxxx" ASC-yə müraciət etmişdir. Lakin çıxdaş hesab olunmuş damazlıq heyvanların dəyərini təşkil edən məbləğ bu gün passiv qaydada cəmiyyətdən tələb olunmaqdadır, belə ki, həmin məbləğin ödənilməsi ilə bağlı aktiv addımlar atılmasa da, iddia olunan borca görə cəmiyyətlərin güzəştli kreditlərlə bağlı müraciətləri qəbul edilməməkdədir. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında xx.xx.2020-ci il tarixli Fərmanının 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış, 2.2-ci maddəsinə əsasən isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçirilmişdir. Bu səbəbdən yuxarıda qeyd olunanları, müqavilə və qanunvericiliyin tələblərini nəzərə alaraq cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 100-LD/15 saylı, 16 iyul 2015-ci il tarixli Lizinq Müqaviləsi üzrə iddiaçı X3 Zavodu MMC barəsində hesablanmış 21.081,14 manat məbləğində əsassız borc vəsaitinin silinməsi zəruriyyəti yaranmışdır. Qeyd olunan borc məbləğinin silinməsi ilə bağlı cavabdeh təşkilatın nümayəndələri ilə dəfələrlə üzbəüz şəxsən, mobil telefon və e-mail vasitəsilə əlaqə saxlanılıb müvafiq öhdəliklərini icra etmələri tələb olunsa da, cavabdeh imtina etmişdir. Mübahisəli məsələnin məhkəmədənkənar qaydada həlli üçün rəsmi pretenziya məktubu göndərsələr də, mediator vasitəsilə ilkin mediasiya sessiyasında iştirak etsələr də, cavabdeh həm pretenziya məktublarına cavab verməmiş, həm də ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmiş, mübahisənin müsbət istiqamətdə məhkəmədənkənar qaydada həlli üçün heç bir addım atmamışdır. Yalnız bundan sonra iddiaçı pozulmuş hüquqlarının bərpası üçün Bakı Kommersiya Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə iddia müddətinin keçməsini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş 16 iyul 2015-ci il tarixli 100-LD/15 saylı müqavilədən göründüyü kimi, damazlıq heyvanlar 3 müddətinə lizinqə verilmişdir. Müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə nəzər saldıqda sonuncu ödəniş tarixinin 2018-ci ilin üçüncü rübünün sonuna təsadüf etdiyini müəyyən etmək olur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında iddia ərizəsində qeyd edilən müqavilə üzrə iddiaçının borcunun olmadığını, borcun 352-LD/18 saylı müqavilə üzrə olduğunu və bununla bağlı maliyyə arayışı təqdim edildiyini bildirdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan “X3 Zavodu” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100-LD/15 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən 224 baş Holştin-friz cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vermişdir. Müqavilənin: 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 156.817,20 manat məbləği (bu məbləğə tərəflər arasında bağlanmış damazlıq heyvanların lizinqə verilməsi barədə 13 aprel 2015-ci il tarixli ilkin müqaviləyə əsasən lizinq alan tərəfindən xx.xx.2015-ci il tarixində ödənilmiş 62.500 manat daxildir) əvvəlcədən lizinq verənə ödəyir, qalan 156.817,80 manat məbləği isə ödəniş qrafikində (2015-ci il üzrə cəmi 13.069,80 manat o cümlədən İ, İİ və İİİ rüb üzrə 0 manat, İV rüb üzrə 13.069,80 manat; 2016-cı il üzrə cəmi 52.272 manat o cümlədən İ-İV rüblər üzrə hər biri 13.068 manat olmaqla; 2017-ci il üzrə cəmi 52.272 manat o cümlədən İ-İV rüblər üzrə hər biri 13.068 manat olmaqla; 2018-ci il üzrə cəmi 39.204 manat o cümlədən İ-İİİ rüblər üzrə hər biri 13.068 manat, İV rüb üzrə 0 manat olmaqla) göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. 1.4-cü bəndinə əsasən tam ödəniş aparılana qədər damazlıq heyvanlara mülkiyyət hüququ lizinq verənə məxsusdur. 2.1.1-ci bəndinə əsasən lizinq verən bu müqavilədə göstərilən damazlıq heyvanları sağlam vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verilməsini təmin edir. 2.2.3-cü bəndinə əsasən lizinq alan damazlıq heyvanların təyinatı üzrə istifadə olunmasını, onlara qulluğun aparılmasını, zoobaytar xidmətlərinin vaxtlı-vaxtında həyata keçirilməsi üçün 3 gündən gec olmayaraq müvafiq ərazi üzrə baytarlıq orqanında qeydiyyata alınaraq müqavilə bağlanmasını, saxlandığı yeri (tövləni) zoobaytar tələblərə tam cavab verməsini, yem bazası ilə təmin edilməsini, qorunub saxlanmasını öhdəsinə götürür. 2.2.10-cu bəndinə əsasən lizinq alan səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində lizinq dövründə damazlıq heyvan tələf olarsa, ödənilməmiş qalıq dəyərini lizinq verənə ödəyir. 2.2.13-cü bəndinə əsasən lizinq alan damazlıq heyvanlara zərər dəydiyi, o cümlədən sağlamlığında nasazlıq yarandığı ən geci 12 saat ərzində lizinq verənə məlumat verir. 3.3-cü bəndinə görə lizinq alan damazlıq heyvanları qəbul etdikdən sonra təhvil-qəbul aktını imzalayır. Lizinq alan təhvil-qəbul aktını imzaladıqdan sonra damazlıq heyvanları zərərin bütün növlərindən qorunması, həmçinin onun tələf olunması, itirillməsi məsuliyyəti onun üzərinə düşür və bu müqavilə üzrə öhdəliklərindən azad etmir. 3.6-cı bəndinə görə lizinq alan damazlıq heyvanları təyinatı üzrə istifadə etməyə, onu sağlam vəziyyətdə saxlamağa, müvafiq standartlara, təlimatlara uyğun yemləməyə və saxlamağa borcludur. 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. “X3 Zavodu” MMC cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə pretenziya məktubu ünvanlayaraq, 100-LD/15 saylı, 16 iyul 2015-ci il tarixli müqavilə üzrə hesablanmış əsassız borcun 10 iş günü ərzində silinməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş məlumat xarakterli arayışdan (hesabdan çıxarış) görünür ki, lizinq alan “X3 Zavodu” MMC xx.xx.2015-ci il tarixli 100-LD/15 saylı lizinq müqaviləsi üzrə xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasında ödənişlər etmiş, müqavilə məbləği 313.635 manat və cəmi ödənilmiş məbləğ 313.635 manat təşkil edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, (müqavilə məbləği 313.635 manat olan) xx.xx.2015-ci il tarixli 100-LD/15 lizinq müqaviləsi üzrə lizinq alan “X3 Zavodu” MMC-nin borcu 0 (sıfır) manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə “X3 Zavodu” MMC arasında xx.xx.2015-ci il tarixli 100-LD/15 saylı lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı “X3 Zavodu” MMC 100-LD/15 saylı, 16 iyul 2015-ci il tarixli Lizinq Müqaviləsi üzrə barələrində hesablanmış 21.081,14 manat məbləğində borcun əsassız hesab olunaraq silinməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Hazırkı halda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli 100-LD/15 lizinq müqaviləsi üzrə lizinq alan “X3 Zavodu” MMC-nin borcu tam olaraq ödənilmiş, yəni qətnamənin çıxarıldığı tarixə iddia ərizəsində silinməsi tələb edilən borc, yəni xitam verilməsi xahiş edilən öhdəlik artıq mövcud deyildir. Odur ki, hazırda mövcud olmayan borcun yenidənsilinməsi mümkün olmadığından hazırkı iddia rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi əsassız olduğundan mübahisəyə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə bildirilməyə zərurət yoxdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X3 Zavodu” MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı 100-LD/15 saylı, 16 iyul 2015-ci il tarixli müqavilə üzrə hesablanmış əsassız borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3041/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3041/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver