Məhkəmə qərarları › İş №e-2-2(113)-3041/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3041/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3041/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, prosessual maraq, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra "xxxx" MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 02 may 2022-ci il tarixli icarə müqaviləsi üzrə 889,83 manat icarə haqqı və 50 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 02 may 2022-ci il tarixdə 02/22 saylı icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən əsasən iddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 23, “AMAY” ticarət mərkəzinin 7-ci mərtəbəsi, 9 saylı ofisi cavabdehə icarəyə vermişdir. Hazırda cavabdehin 2022-ci ilin sentyabr-noyabr ayları üçün icarə ödənişlərinə görə borcu 889,83 manat təşkil edir. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməmiş və beləliklə də müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Hazırda həmin müqavilənin müddəti başa çatmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci maddəsi göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3041/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçı ilə cavabdeh arasında 02 may 2022-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə aylıq icarə haqqı vergilər daxil olmaqla 350 manat təşkil etmişdir. Cavabdeh 2022-ci ilin noyabr ayından sonra icarə obyektindən çıxmışdır.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, hər ay elektron qaimə qarşı tərəfə təqdim edilmiş, həmin qaimə əsasında ödənişlər edilmişdir. Hazırkı iddia ilə tələb olunan sentyabr-noyabr aylarının icarə haqqı borcunun ƏDV məbləği ödənilmiş, əsas borc qalmışdır. Tərəflər arasında icarə obyektinin boşaldılması ilə bağlı təhvil-təslim aktı tərtib edilməmişdir.

8. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə, telefonoqram ötürülməklə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsi üzrə icarə haqqının tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icarəyə verən qismində) ilə cavabdeh (icarəçi qismində) arasında bağlanmış 02 may 2022-ci il tarixli 02/22 nömrəli icarə müqaviləsinin şərtlərindən görünür ki, müqavilənin şərtlərinə əsasən İcarəyə verən İcarəçiyə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 23, AMAY TM-in 7-ci mərtəbəsi, 9 saylı ofisi icarəyə verir (1.1). İcarəyə verən təsdiq edir ki, o yuxarıda qeyd edilən əmlakı İcarəyə vermək üçün bütün qanuni səlahiyyətlərə malikdir (1.2). Aylıq icarə haqqı bütün vergilər daxil olmaqla 350 manat təşkil edir (2.1). İcarə haqqı İcarəçi tərəfindən İcarəyə verənə ayda bir dəfə qabaqcadan ödənilir (2.2). İcarə haqqı nağd və ya nağdsız qaydada həyata keçirilir (2.3). Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədir (6.1). İcarəçi, habelə İcarəyə verən digər tərəfi 1 (bir) ay əvvəlcədən xəbərdar etməklə bu müqaviləni birtərəfli qaydada ləğv edə bilər (6.2). Bu müqavilənin müddəti bitdikdə və ya vaxtından əvvəl ləğv edildikdə İcarəçi əmlakın normal köhnəlmə nəzərə alınmaqla müvafiq vəziyyətdə İcarəyə verənə qaytarır. Əmlakın qaytarılması barədə təhvil-təslim aktı imzalanır (6.3).

14. Məhkəməyə təqdim edilən 02 may 2022-ci il tarixli əmlakın təhvil-təslim aktından görünür ki, İcarəyə verən 02/22 saylı 02 may 2022-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 23, AMAY TM-in 7-ci mərtəbəsi, 9 saylı ofisi təhvil vermiş, İcarəçi isə təhvil almış, təhvil-təslim hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

15. İş materiallarına əlavə edilən elektron qaimələrdən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli EBBW 124147 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 350 manat, xx.xx.2022-ci il tarixli EBBX 924868 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 350 manat, xx.xx.2022-ci il tarixli EBBZ 868588 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 350 manat, xx.xx.2022-ci il tarixli EBCB 808215 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 350 manat, xx.xx.2022-ci il tarixli EBCE 255978 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 350 manat, xx.xx.2022-ci il tarixli EBCG 675596 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 350 manat, xx.xx.2022-ci il tarixli EBCİ 920221 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 350 manat olmaqla ümumilikdə 2450 manat məbləğində icarə haqqı üçün tərtib edilərək cavabdehə təqdim edilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir.

16. İş materiallarına əlavə edilən ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, sentyabr, oktyabr və noyabr aylarının icarə haqqı borcu üzrə müvafiq olaraq təqdim edilmiş EBCE 255978, EBCG 675596 və EBCİ 920221 seriya və nömrəli elektron qaimələrə istinad etməklə cavabdeh 160,17 manat ƏDV məbləği ödəmişdir.

17. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, 02 may 2022-ci il tarixli 02/22 nömrəli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən xx.xx.2022ci il tarixdən başlayan dövr üçün xx.xx.2022-ci il tarixdə 296,61 manat, xx.xx.2022-ci il tarixdə 53,39 manat, xx.xx.2022-ci il tarixdə 889,83 manat və 160,17 manat, xx.xx.2022-ci il tarixdə 160,17 manat olmaqla ümumilikdə 1560,17 manat ƏDV daxil olmaqla icarə haqqı ödənilmiş, 889,83 manat borc qalmışdır.

18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 02 may 2022-ci il tarixli 02/22 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 23, “AMAY” ticarət mərkəzinin 7-ci mərtəbəsi, 9 saylı ofisi cavabdehə icarəyə verməyi, cavabdeh isə əmlakı qəbul etməklə bütün vergilər daxil olmaqla aylıq 350 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə obyekti xx.xx.2022-ci il tarixdə cavabdehə təhvil verilmiş, 2022-ci ilin noyabr ayınadək (noyabr ayı da daxil olmaqla) sonuncunun xx.xx.2022-ci il tarixli EBBW 124147, xx.xx.2022-ci il tarixli EBBX 924868, xx.xx.2022-ci il tarixli EBBZ 868588, xx.xx.2022-ci il tarixli EBCB 808215, xx.xx.2022-ci il tarixli EBCE 255978, xx.xx.2022-ci il tarixli EBCG 675596 və xx.xx.2022-ci il tarixli EBCİ 920221 seriya və nömrəli elektron qaimələr üzrə ƏDV daxil olmaqla 2450 manat icarə haqqı borcu yaranmışdır.

19. İddiaçı 02 may 2022-ci il tarixli 02/22 nömrəli icarə müqaviləsi üzrə cavabdehin 1560,17 manat ödəniş etdiyinə istinad edərək, sentyabr-noyabr ayları üzrə qalıq 889,83 manat icarə haqqı borcunu tələb edir.

20. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.

21. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

24. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

25. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.

26. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

27. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

28. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.

29. Mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

30. Məhkəmə qeyd edir ki, iddiaçı 2022-ci ilin sentyabr-noyabr ayları üzrə qalıq 889,83 manat icarə haqqı borcunun ödənilməsini tələb edir və təqdim olunan ƏDV subuçot hesabından çıxarışdan həmin aylar üzrə təqdim edilmiş elektron qaimələrə istinad etməklə cavabdehin icarə haqqı borcuna görə ödənilməli 160,17 manat ƏDV məbləğini ödədiyi təsdiq olunur.

31. Qeyd edilənləri hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.

32. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

36. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

37. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 02 may 2022-ci il tarixli 02/22 nömrəli icarə müqaviləsi üzrə 889,83 manat (1050 manat icarə haqqı borcu-ödənilmiş 160,17 manat ƏDV) icarə haqqı borcu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

38. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

39. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01622 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

42. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

43. Göründüyü kimi, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin noyabr-dekabr ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Beləliklə, iddianın təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 40 manat pul cavabdeh "xxxx" MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 may 2022-ci il tarixli icarə müqaviləsi üzrə 889 (səkkiz yüz səksən doqquz) manat 83 (səksən üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 40 (qırx) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar