Məhkəmə qərarları › İş №e-2-2(113)-3041/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3041/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3041/2025 08.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşıma müqaviləsi, borcun ödənilməsi, cərimə, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "A.N.AZ” MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli 23/19 saylı Müqavilə üzrə əsas borcun - 49153,50 (ƏDV daxil) manat, 2457 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 2972,39 manat pul, 254 manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş vəsaitin 300 manatının əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli 23/19 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli Müqavilə üzrə 49153,50 (ƏDV daxil) manat borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş e-qaimələr və iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq edilir. Bu əsasla iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində borc məbləğini tələb etmələri barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq bildirirlər ki, xx.xx.2019-cu il tarixli 23/19 saylı Müqavilənin 8.3-cü bəndinə əsasən hər gecikən gün üçün ümumi borcun 0,2% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 43396,95 manat cərimə məbləği təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈5 %-i həcmində, yəni cəmi 2457 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442.1, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanları müdafiə edərək əlavə olaraq bildirmişdir ki, Cavabdeh MMC ilə aralarında yükdaşıma xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. İlkin mərhələdə münasibətləri yaxşı olsa da, sonradan tərəf aktlar üzrə atdıqları e-qaimələri ödəməkdən yayınmışdır. Bəzi aktlar üzrə ödəniş olunmuş, bəzisi üçün olunmamışdır. Qarşı tərəfə iyun-avqust ayları üzrə aktı təqdim etsələrdə imzalanmamışdır. Məhkəməyə müraciət etdikdən sonra əlaqə saxlayaraq ona möhlət verilməsini xahiş etmişdir, 10 maya qədər ödənişi edəcəyini vəd etmişdir. Bununla həm barışıq sazişinin bağlanmasından yayınmış, həm də ödənişi etməmişdir. İddia tələbini dəqiqləşdirmə ərizəsi verərək hal-hazırda əlavə olaraq 300 manat vəkil xərci, 49153,50 manat əsas borcun, 2457 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 2972,39 manat pulun və 254 manat dövlət rüsumunu tələb edirlər. İddia tələblərinin əsasını tərəfə tərəflərindən vurulan e-qaimələr, təhvil-təslim akları, tərəflə aparılan telefon yazışmaları, cavabdehin email hesabına göndərdikləri maliyyə hesabatları təşkil edir. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: İcraçı İddiaçı MMC-nin Sifarişçi Cavabdeh MMC arasında 19 sentyabr 2019-cu il tarixli, 23/19 saylı yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və bir (1) il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə an azı on beş (15) gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur. 2.3-cü bəndinə əsasən icraçı daşıdığı yükü sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir daşınmadan sonra xidmətin dəyərini göstərən qaiməni sifarişçiyə göndərməlidir və həmçinin xidmətin təhvil verilməsi haqqında akt tərtib olunur, sifarişçinin və icraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri (və ya şöbə müdiri) tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktların əsasında hesablanır. Aktın forması bu müqavilə bağlanarkən təsdiq olunur. 5.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə (əlavə №1) müəyyən edilir. 5.2-ci bəndinə əsasən ayda bir dəfə (hər ayın sonuncu günündə) daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq ay ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır. Təhvil təslim aktı ilə təsdiq edilir. Təhvil təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği beş bank günü ərzində Sifarişçi tərəfindən icraçıya ödənilir. Tərəflər razılaşırlar ki, zərurət yarandıqda sifarişçi avans ödəməyi öz öhtəliyinə götürür. Həmin akt nüsxədə icraçı tərəfindən sifarişçiyə təqdim olunur və sifarişçi 10 (on) iş günü ərzində İcraçıya həmin aktı təsdiq edərək təqdim etməlidir. EBEA seriyalı, 698095 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 4242,60 manat, EBEB seriyalı, 436389 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2520,90 manat, MT2410 seriyalı, 11986219 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 10808,8 manat, MT2409 seriyalı, 11986475 nömrəli, xx.xx.2024cü il tarixli elektron qaiməyə əsasən 12248,4 manat, MT2409 seriyalı, 10128806 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 13688 manat, MT2408 seriyalı, 10227689 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 9428,2 manat, EBEC seriyalı, 789258 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 3846,8 manat məbləğində göstərilmə xidmətlərin dəyəri İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin İddiaçı MMCyə əsas borcu 49153,5 manat, 319 gecikmə günü üçün cərimə borcu 43396,95 manat və gecikdirilmiş vaxt üçün 5% hesablanmaqla borcu 2972,39 manat təşkil edir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş məlumatdan görünür ki, Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin qarşılığında müxtəlif qaimələr üzrə cəmi 640740 manat dəyərində xidmət göstərilmiş, müxtəlif tarixlərdə cavabdeh tərəfindən ümumilikdə 571305 manat ödənişlər edilmiş, qalıq borcu 42390 manat + 6763 manat ƏDV təşkil edir. Tərəflər arasında olan “Whatsapp” və Email yazışmalarından da göründüyü kimi "xxxx" MMC İddiaçı MMC-yə olan qalıq borcunu etiraf edir. "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında akta əsasən "xxxx" MMC-nin müxtəlif sifarişləri əsasında yüklər (taxta, armatur, bardur, digər məhsullar) müxtəlif daşınma əraziləri üzrə (Qarabağ, Fizuli; Binəqədi, Dərnəgül; Əhməd bəy Ağaoğlu ADA universiteti, Qobu qəsəbəsi; Tovuz, Ağdam və s. ünvanlarına) İddiaçı MMC tərəfindən daşınma dəyəri cəmi 25330 manat məbləğə daşınmışdır. "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında akta əsasən "xxxx" MMC-nin müxtəlif sifarişləri əsasında yüklər (taxta, beton, tamet, digər məhsullar) müxtəlif daşınma əraziləri üzrə (Qarabağ, Şuşa; Binəqədi, Dərnəgül; Əhməd bəy Ağaoğlu ADA universiteti; Sabunçu, Kürdəxanı və s. ünvanlarına) İddiaçı MMC tərəfindən daşınma dəyəri cəmi 15530 manat məbləğə daşınmışdır. "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında akta əsasən "xxxx" MMC-nin müxtəlif sifarişləri əsasında yüklər (boru, kontenyer, texnika, digər məhsullar) müxtəlif daşınma əraziləri üzrə (Qarabağ, Laçın, Şuşa, Fizuli; Goranboy; Abşeron rayonu; Əhməd bəy Ağaoğlu ADA universiteti və s. ünvanlarına) İddiaçı MMC tərəfindən daşınma dəyəri cəmi 3260 manat məbləğə daşınmışdır. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı öhdəliklərini pozduğu üçün borcun 3 gün müddətində banka ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 245 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daşıma müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında 19 sentyabr 2019-cu il tarixli, 23/19 saylı yükdaşıma müqaviləsi imzalanmışdır. Müqaviləyə və müqavilə üzrə sifarişçinin verdiyi sifarişlərə əsasən daşıyıcı sifarişçiyə daşıma xidmətləri təqdim etmiş, sifarişçi isə bu xidmətlərin müqabilində müvafiq ödənişləri ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı cavabdehin sifarişləri əsasında müvafiq daşınma xidmətlərini həyata keçirsə də, cavabdeh daşınmanın haqqını iddiaçıya tam ödəməmişdir. Cavabdehin iddiaçıya daşınmaya görə borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimələr, hesabdan çıxarış və s.) öz təsdiqini tapır. Buna görə də iddiaçı MM-in 850-ci maddəsinə əsasən cavabdehdən müqavilə üzrə daşımanın haqqını tələb etməkdə haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının daşınma haqqını tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, 49153,50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən əsas borca hesablanmış 2457 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 2000 manat müəyyən olunmalıdır. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 2972,39 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 manat ağlabatan hesab edildiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 254 manat dövlət rüsumunun 252,38 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli 23/19 saylı Müqavilə üzrə yaranmış ƏDV daxil 49153,50 manat əsas borc, illik 5 faiz məbləğində hesablanmaqla 2972,39 manat pul vəsaiti, 2000 manat cərimə borcu olmaqla, cəmi 54125 (əlli dörd min yüz iyirmi beş) manat 89 (səksən doqquz) qəpik, ödənilmiş dövlət rüsumunun 252 (iki yüz əlli iki) manat 38 (otuz səkkiz) qəpiyin əvəzi və hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manatın əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar