Məhkəmə qərarları › İş №e-2-2(113)-3042/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3042/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3042/2024 02.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istehsal edərək təqdim etdiyi malların dəyəri olaraq 3250,57 manat əsas borcun, 623,13 manat cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli M2023 61 nömrəli alqı-satqı müqaviləsi əsasında süd və süd məhsulları, xx.xx.2023-cü il tarixli MS- 133 nömrəli alqı-satqı müqaviləsi əsasında isə cavabdehə dondurma məhsulları təchiz edilmişdir. Müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəlikləri tamamilə icra etsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli M2023 61 nömrəli alqı-satqı müqaviləsi üzrə 13998,76 manat (ƏDV daxil) dəyərində süd məhsulları və xx.xx.2023-cü il tarixli MS-133 nömrəli alqı-satqı müqaviləsi üzrə isə 2199,06 manat (ƏDV daxil) dondurma məhsulları təchiz edilmişdir (qaytarma qaimələri çıxılmaqla net məbləğ). 2.2. Cavabdeh yalnız süd məhsulları üçün 12947,25 manat ödəniş etmiş və nəticədə xx.xx.2024-cü il tarixinə süd məhsulları üçün 1051,51 manat, dondurma məhsulları üçün 2199,06 manat olmaqla ümumilikdə 3250,57 manat (ƏDV daxil) məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin müqavilələrin əlavələrinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 28 (müvafiq olaraq 60) təqvim günü ərzində həyata keçirilməli idi. Lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq, borcun ödənilməsi ilə əlaqədar edilən danışıqlar və səylər nəticə verməmişdir. 2.3. Bundan başqa, adıçəkilən müqavilələrin 5.1-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. Həmçinin xx.xx.2023-cü il tarixli MS-133 nömrəli alqı-satqı müqaviləsinin 6.2-ci bəndində ödəniş müəyyən edilmiş müddətdə ödənilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0,3%-i qədər, gecikmə müddəti 30 gündən artıq olduğu təqdirdə, hər gecikmə gününə görə alıcının müvafiq hesab-faktura əsasında ödənilməyən məbləğin 0,5%-i qədər cərimə ödəməsi nəzərdə tutulmuşdur. Lakin hesablanan cərimənin borc məbləğinə adekvat olmadığını nəzərə alaraq həmin cərimə gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində hesablanmışdır. 09 aprel 2024-cü il tarixinə olan cərimənin məbləği 623,13 manat təşkil edir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 390, 442, 600-cü və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3042/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi X3 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını xahiş etdi.

7. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə, telefonoqram ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında bağlanmış 09 yanvar 2023-cü il tarixli M2023 61 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, Satıcı bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında özünün istehsal etdiyi məhsulları Alıcıya satır, Alıcı isə öz növbəsində həmin malları qəbul edir və dəyərini nağd və ya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götürür. Bu müqavilə üzrə satılan malların qiyməti, adlan, miqdarı, çeşidi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə (X1) göstərilir. 1 saylı Əlavə tərəflərin imzası və möhürü ilə təsdiqləndikdən sonra qüvvəyə minir. Mallar Alıcının sorğularına (sifarişlərinə) əsasən Satıcı tərəfindən ayrı-ayrı partiyalarla təchiz edilir. Alıcı malları tələb olunan çeşid və miqdarda ən azı 5 iş günü qabaqcadan Satıcıya yazılı və ya elektron formada sifariş edir. Hazırkı Müqavilə ilə aynayn partiyalarla təchiz olunan malların adı, miqdarı, çeşid və dəyəri Tərəflərin təsdiq etdiyi qaimə-fakturalarla tənzimlənir. Sifariş verilən mallar 5 (beş) iş günü ərzində Satıcının nəqliyyat vasitələri ilə və öz hesabına Alıcının anbarında təhvil verilir. Mallar təhvil verilərkən təhvil-təslim Aktını və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) tərəflərin nümayəndələri imzalayırlar və həmin imzalan tərəflər qeyd-şərtsiz qəbul edirlər. Təhvil-təslim aktı və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaimə (qaimələr) hər biri tərəflərdə olmaq şərtilə 2 (iki) nüsxədə tərtib edilir. Qaimə-faktura ilə birlikdə (və ya E-Qaimə) Satıcı hesab-fakturanı da təqdim etməyi öz öhdəsinə götürür. Malların təhvil tarixi Alıcının anbarında malların Alıcıya təqdim etdiyi gün hesab edilir. Satılan mallara dair mülkiyyət hüququ malların Alıcıya təhvil verildiyi andan Alıcı keçir. Hazırkı Müqavilənin ümumi dəyərini elektron qaimələrin cəmi təşkil edir. Mallar sifariş olunduqdan sonra Satıcı Alıcıya elektron qaimə təqdim edir. Malların ödənişi Alıcı tərəfindən bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavənin şərtlərinə əsasən həyata keçirilir. Təchiz olunmuş Mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə Tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər. Hər hansı səbəbdən (Azərbaycan manatının məzənnəsində ABŞ dollarına nisbətində və ya digər) qiymət dəyişikliyi baş verdikdə Satıcı bu barədə Alıcını 7 (yeddi) iş günü əvvəldən yazılı və ya elektron formada məlumatlandırmalıdır.

12. Həmin müqaviləyə əlavə olan xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolundan görünür ki, ayrı-ayrı süd məhsullarının qiyməti razılaşdırılmışdır.

13. Həmin müqaviləyə 2 saylı əlavədən görünür ki, müqavilə üzrə kredit limiti 2500 manat, maksimum ödəniş günü 28 gün, 5% bonus və endirim və həmin güzəştlərin hansı hallarda və qaydada tətbiq edilməsi şərtləşdirilmişdir.

14. Məhkəməyə təqdim edilən iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında bağlanmış 30 may 2023-cü il tarixli M9-133 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, Satıcı bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında özünün istehsal etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən (qiymət razılaşdırması haqqında Protokolda) “Dondurma məhsullarını” “Alıcıya” satır, “Alıcı” isə öz növbəsində həmin malları qəbul etdir və bu müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəməyi öz öhdəsinə götürür. Bu Müqavilə üzrə satılan malların qiyməti, adları, miqdarı, və çeşidi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilir. Əlavə tərəflərin imzası və möhür ilə təsdiqləndikdən sonra qüvvəyə minir. Mallar Alıcının sorğularına (sifarişlərinə) əsasən Satıcı tərəfindən ayrı-ayrı partiyalarla təchiz edilir. Alıcı tələb olunan çeşid və miqdarda malları 3 (üç) gün qabaqcadan Satıcıya sifariş edir. Sifarişlər Alıcının səlahiyyətli nümayəndəsi tərəfindən yazılı və/və ya elektron formada (elektron poçt) Satıcıya təqdim edilir. Bu Müqavilə üzrə satılan Mallara dair mülkiyyət hüququ Satıcı tərəfindən həmin Malların Alıcıya təhvil verildiyi andan Alıcıya keçir. Hazırkı Müqavilə ilə ayrı-ayrı partiyalarla təchiz olunan malların adı, miqdarı, çeşid və dəyəri Tərəflərin təsdiq etdiyi qaimə-fakturalarla tənzimlənir. Bu Müqavilə üzrə hesablaşmalar Azərbaycan manatı ilə, nağdsız hesablaşmalar qaydasında Satıcının bank hesabına köçürülməklə həyata keçirilir. Sifariş verilən Məhsulların ödənişi Alıcı tərəfindən əvvəlcədən həyata keçirilir. Mallar Alıcı tərəfindən sifariş verildiyi gündən 3 (üç) iş günü ərzində Alıcının anbarında təhvil verilir. Alıcı Mallara baxış keçirməli, kəmiyyətini və keyfiyyətini yoxlayaraq qəbul etməlidir. Mal təhvil verilərkən tərəflər təhvil-təslim Aktını və/və ya təhvil-təslimi təsdiq edən Qaimə-fakturanı imzalayırlar. Qaimə-faktura hər biri Tərəflərdə olmaqla 2 (iki) nüsxədə tərtib edilir. Malların təhvil tarixi Malların Alıcıya təhvil verildiyi gün hesab edilir. Mallar təhvil verildiyi andan Mallara məsuliyyət öhdəliyi tam olaraq Alıcıya keçir.

15. Həmin müqaviləyə əlavə olan qiymət razılaşma protokolundan görünür ki, ayrıayrı dondurma məhsullarının qiymətləri razılaşdırılmışdır.

16. Həmin müqaviləyə 30 may 2023-cü il tarixli bonus və endirim protokolu adlanan əlavədən görünür ki, 30 may 2023-cü il tarixli M9-133 nömrəli alqı-satqı müqaviləsi üzrə 7% endirim məbləği şərtləşdirilmişdir.

17. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, iddiaçı tərəfindən hər iki müqavilə üzrə cavabdehə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 71 elektron qaimə-faktura göndərilmiş, həmin elektron qaimələr üzrə verilmiş malların dəyəri isə ƏDV daxil olmaqla 16939,8 manat təşkil edir.

18. İş materiallarına əlavə edilən iddiaçının bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən 11296,17 manat əsas məbləğ və 1651,08 manat ƏDV məbləği olmaqla ümumilikdə 12947,25 manat ödəniş edilmişdir.

19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 09 yanvar 2023-cü il tarixli M2023 61 nömrəli və 30 may 2023-cü il tarixli M9-133 nömrəli alqı-satqı müqavilələrindən irəli öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilələrlə müəyyən edilmiş şərtlər əsasında özünün istehsal etdiyi və müqavilələrin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən məhsulları cavabdehə satmağı, cavabdeh isə öz növbəsində həmin malları qəbul edib müqavilələrin şərtlərinə uyğun olaraq tam dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 71 elektron qaimə-faktura əsasında verilmiş ƏDV daxil olmaqla 16939,8 manat dəyərində malın dəyərindən köçürmə yolu ilə ƏDV daxil olmaqla 12947,25 manat məbləğində ödəniş edilmişdir.

20. İddiaçı 09 yanvar 2023-cü il tarixli M2023 61 nömrəli və 30 may 2023-cü il tarixli M9-133 nömrəli alqı-satqı müqavilələri üzrə malların qalıq dəyəri olan 3250,57 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

21. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

22. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

24. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

25. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

26. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

27. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

29. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

30. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

31. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

32. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

33. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

38. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

39. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, 09 yanvar 2023-cü il tarixli M2023 61 nömrəli və 30 may 2023-cü il tarixli M9-133 nömrəli alqı-satqı müqavilələri üzrə cəmi 3250,57 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

40. İddia ərizəsində iddiaçı həmçinin 623,13 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.

41. 09 yanvar 2023-cü il tarixli M2023 61 nömrəli müqavilənin 5.1-ci bəndinə əsasən, Alıcı bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0.1% həcmində cərimə tələb etmək hüququna malikdir.

42. 30 may 2023-cü il tarixli M9-133 nömrəli alqı-satqı müqavilənin 6.2-ci bəndinə əsasən, malların dəyəri bu Müqavilənin 2.2-ci bəndində göstərilən müddətdə ödənilmədiyi halda, hər gecikmə gününə görə Alıcı müvafiq hesab-faktura əsasında ödənilməyən məbləğin 0,3%-i qədər cərimə ödəməlidir. Gecikmə müddəti 30 (otuz) gündən artıq olduğu təqdirdə, hər gecikmə gününə görə Alıcı müvafiq hesab-faktura əsasında ödənilməyən məbləğin 0,5%-i qədər cərimə ödəməlidir.

43. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

44. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

45. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

46. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da alqı-satqı müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

47. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 180 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

48. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 180 manat məbləğində cərimə Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

49. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 58,74 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

50. Məhkəmə qeyd edir ki, iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləği 58,74 manatdır.

51. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

52. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

54. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.

55. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,74 manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.

V. Nəticə:

56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 3250 (üç min iki yüz əlli) manat 57 (əlli yeddi) qəpik əsas borc, 180 (bir yüz səksən) manat cərimə olmaqla ümumilikdə 3430 (üç min dörd yüz otuz) manat 57 (əlli yeddi) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58 (əlli səkkiz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar