Məhkəmə qərarları › İş №e-2-2(113)-3043/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3043/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3043/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: aktın etibarsız hesab edilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında mövcud olan elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar məsuliyyəti haqqında aktın etibarsız hesab edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq yeni aktın tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-İmişli” filialı ilə "xxxx" ASC arasında bağlanmış elektrik enerjisinin alqı-satqısı müqaviləsinə əlavə edilmiş “Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar məsuliyyəti haqqında” akta əsasən, tərəflər arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi 110/35/10 KV-luq İmişli y/st-da, 1 saylı 25 MVA transformatorun 10 KV-luq çıxış sistemi üzrə müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, mütəmadi olaraq guya 110/35/10 KV-luq İmişli y/st-da yerləşən 10 KV-luq giriş qapalı paylayıcı qurğuda (QPQ) nasazlıqların baş verməsi səbəbindən iddiaçının İmişli rayonunda yerləşən filialına elektrik enerjisinin verilişi cavabdeh tərəfindən dayandırılır. Belə ki, elektrik enerjisinin bərpa olunması ilə əlaqədar tərəflər arasında mövcud olan balans mənsubiyyəti sərhəddinə uyğun olaraq iddiaçının balansındakı 10 KV-luq giriş qapalı paylayıcı qurğuda zəruri təmir işlərinin aparılması üçün iddiaçı tərəfindən təşəbbüs irəli sürülməsinə baxmayaraq, 10 KV-luq giriş paylayıcı qurğuda yüksək gərginlikli avadanlıqların quraşdırılması səbəbindən həmin əraziyə iddiaçının nümayəndələrinin daxil olmasına cavabdeh tərəfindən məhdudiyyət qoyulmuşdur. Nəzərə alsaq ki, 10 KV-luq giriş paylayıcı qurğuda yüksək gərginlikli avadanlıqlar quraşdırılmışdır və həmin əraziyə hər hansı bir abonentin nümayəndəsinin girişi qadağan edilmişdir, onda görərik ki, tərəflər arasındakı “balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar məsuliyyəti haqqında” akt qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. "Elektrik enerjisindən istifadə Qaydaları"nın:

- 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqısatqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. - Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqısatqı müqaviləsi bağlanmalıdır. - 5.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və qoşulma aktında qeyd olunur. - 5.2. Gərginliyi 1000 V və daha yüksək olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: - 5.2.1. qapalı paylayıcı qurğulardakı keçid izolyatorunun xarici tərəfindəki birləşdiricisində və açıq paylayıcı qurğuların portalındakı dartıcı izolyatorlar zəncirinin gərilmə sıxacından çıxan naqildə; - 5.2.2. qidalandırıcı, yaxud çıxış elektrik veriliş xətlərinin kabel və ya hava girimlərinin uclarında - 5.2.1-ci və 5.2.2-ci bəndlərində göstərilən birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilata həvalə olunur. Müxtəlif təşkilatlara məxsus, ayırmalara birbaşa, yaxud ayırıcı vasitəsilə qoşulan 1000 V və daha yüksək gərginlikli elektrik veriliş xətlərinin texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi əsas xəttin ayırma aparılan dayağında müəyyənləşdirilir. Ayırmanı birləşdirən sıxacların texniki vəziyyətinə görə məsuliyyət əsas xəttin mənsub olduğu təşkilatın üzərinə düşür.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.

10. İşin müəyyən hallarına əsasən MKT İstehsalat Kommersiya MMC-nin İmişli filialı ilə "xxxx" MMC arasında xx.xx.2012-ci il tarixli və xx.xx.2013-cü il tarixli elektrik enerjisinin alqı-satqı müqaviləsi və MKT İstehsalat Kommersiya MMC-nin İmişli filialı ilə Azərişıq ASC arasında xx.xx.2022-ci il tarixli elektik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqavilələr tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında Akta əsasən 10/35/10 kV-luq İmişli y/st-da 1 saylı 25MVA transformatorun 10kV-luq sistem şin tərəfində olan vakuum açarından obyektə tərəf tələbatçının balansındadır.

13. Məhkəmə qeyd edir ki, mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam xx.xx.2019-cu il tarixli enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasıdır.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3043/2024 saylı qərardadı ilə xx.xx.2019-cu il tarixli elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının” tələblərinə uyğun olub-olmadığını müəyyən etmək üçün Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyinin mütəxəssisi cəlb edilməklə məhkəmə-tikinti ekspertizası keçirilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/6877 saylı rəydən görünür ki, xx.xx.2019-cu il tarixli “Elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar mənsubiyyəti haqqında akt”ın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının” 5.2.1-ci və 5.2.2-ci bəndlərində göstərilən tələblərə uyğun olmadığı müəyyən edilmişdir.

16. Bundan başqa qeyd olunan rəyin təsviri-əsaslandırıcı hissəsinin qeyd hissəsindən və "Elektrik enerjisindən istifadə Qaydaları"nın yeni redaksiyasından görünür ki, “elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar məsuliyyəti haqqında akt” ləğv edilmiş və “qoşulma aktı” ifadəsi ilə əvəz olunmuşdur.

17. Həmçinin iş materiallarına əlavə edilmiş Energetika nazirliyi X1 X4 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, balans mənsubiyyəti sərhədinin APQ-nin portalındakı dartıcı izolyatorlar zəncirinin gərilmə sıxacından çıxan naqildə müəyyən olunmalıdır.

18. Göründüyü kimi, hazırda mövcud olan xx.xx.2019-cu il tarixli enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktı qanunvericiliyin tələblərinə uyğun deyildir.

19. Ona görə də, xx.xx.2019-cu il tarixli enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında Akt etibarsız hesab olunmalı və “Elektrik enerjisindən istifadə qaydalarının” tələblərinə uyğun yeni aktın (qoşulma aktı) tərtib edilməsi öhdəliyi "xxxx" ASC-nin üzərinə qoyulmalıdır.

20. Beləliklə, Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında olan 22 noyabr 2019-cu il tarixli “Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında akt etibarsız hesab edilsin. İddiaçı İmişli filialı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının” tələblərinə uyğun yeni aktın (qoşulma aktı) tərtib edilməsi öhdəliyi "xxxx" ASC-nin üzərinə qoyulsun. Məhkəmə-texniki ekspertizasının dəyəri olaraq 102 (bir yüz iki) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar