Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3065/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, beh) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış 0108/20 saylı, xx.xx.2020-ci il tarixli tikinti materialları alqı-satqısı müqaviləsi üzrə alınmış behin iki misli yəni 8400 (səkkiz min dörd yüz) ABŞ dolları (ödəniş gününə Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq), hazırki iddia ərizəsinə görə ödənilmiş 133 manat məbləğində pulun tutularaq iddiaçı “Eyyub 92” firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı firması ilə cavabdeh “Kəndli (ferma)” müəssisəsi arasında bağlanmış 0108/20 saylı, xx.xx.2020-ci il tarixli tikinti materialları alqı-satqısı müqaviləsi üzrə cavabdeh “Kəndli (ferma)” müəssisəsi iddiaçıya 4200 (dörd min iki yüz) ABŞ dolları beh almışdır. Həmin məbləğin alınmasına dair cavabdeh bu günə qədər hər hansı hərəkət etməmişdir. Belə ki, cavadehə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli akta əsasən 4200 (dörd min iki yüz) ABŞ dolları məbləğində pul vəsaiti beh qismində verilmişdir ki, iddiaçıya Rusiya Federasiyasından 0108/20 saylı, xx.xx.2020-ci il tarixli tikinti materialları alqı-satqısı müqaviləsi üzrə taxta materialları göndərilməsini təmin etsin. Alıcı müqavilənin şərtləriniə əsasən satıcıya materialların sifariş edilməsi haqqında sənəd göndərməsinə baxmayaraq satıcı malların göndərilməsini təmin etməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci ildə beh verilmiş, bu barədə tərtib edilmiş yazılı sənədi iddiaçının nümayəndələri, cavabdeh özü və onun nümayəndəsi imza etmişdir. Cavabdeh dəfələrlə həmin müqavilə üzrə Rusiya Federasiyasından müqavilədə göstərilmiş malları iddiaçıya göndərəcəyini vəd etsə də, daha sonra onunla əlaqə saxlamaq mümkün olmamış, bu səbəbdən iddiaçı həmin behin iki mislinin qaytarılmasını cavabdehdən tələb etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (alıcı) ilə cavabdeh (təchizatçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0108/20 saylı taxta-şalban materialın ixracatına dair müqavilənin 1.1-ci bəndinə görə təchizatçı spesifikasiyaya uyğun olaraq və alıcını tələbi ilə bu müqavilənin ayrılmaz hissəsi olan, tərəflərin razılaşdırdığı spesifikasiyada göstərilən taxta-şalbanı tədarük etməyi, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə taxta-şalbanı əmlak kimi qəbul etməyi və onun haqqını ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bəndinə görə taxta mallar alıcının istənilən çatdırılma tarixindən ən azı 25 (iyirmi beş) təqvim günü əvvəl təqdim edilmiş ərizələri əsasında təchizatçı tərəfindən tədarük edilir.
10. Müqavilənin 4.2-ci bəndinə görə müqavilənin təxmin edilən ümumi dəyəri ******* (on səkkiz milyon) Rusiya rublu təşkil edir və müqavilənin bütün müddəti ərzində təchizatçı tərəfindən faktiki təhvil verilmiş taxta-şalbanın dəyəri ilə müəyyən edilir.
11. Müqavilənin 4.4-cü bəndinə görə bu müqavilə üzrə bütün ödənişlər Rusiya rublu ilə bank köçürtməsi ilə, ödəniş məbləğini ödəniş tapşırığı ilə bu müqavilədə göstərilən təchizatçının bank hesabına köçürməklə həyata keçirilir.
12. xx.xx.2020-ci il tarixli akta görə cavabdehə X1 ünvan 1 ünvanında yerləşən ofisində taxta alınması üçün beh kimi 4200 (dörd min iki yüz) ABŞ dolları verilmişdir ki, cavabdeh Rusiya Federasiyasının Sverdloviski şəhərindən 17 avqust 2020-ci il tarixli 0108/20 nömrəli kontrakta əsasən taxta materialını iddiaçıya göndərməyi öhdəsinə götürdü. Akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imza edilmişdir.
13. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
16. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
17. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə üzrə xx.xx.2020-ci il tarixdə cavabdehə öhdəliyin icrasının təminatı qismində 4200 (dörd min iki yüz) ABŞ dolları beh vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, iddiaçı xx.xx.2025-ci il tarixli pretenziya ilə həmin vəsaitin geri qaytarılmasını cavabdehdən tələb etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini icra etməməsi müəyyən edildiyi üçün iddiaçı hazırda cavabdehə verdiyi behin iki mislinin geri qaytarılmasını tələb etməklə haqlıdır.
19. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 8400 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) tutularaq iddiaçıya ödənilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 133 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 8400 (səkkiz min dörd yüz) ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 133 (bir yüz otuz üç) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova