Məhkəmə qərarları › İş №e-2-2(113)-3068/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3068/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3068/2024 27.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli X/SV-08 saylı Sifariş müqaviləsi üzrə icra edilməmiş 50000 manat ödənişin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası 27 iyun 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda EMİS vasitəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixli BS-01/24 saylı barışıq sazişi və barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin iştirakları olmadan təsdiq olunmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan, təqdim olunmuş ərizələr əsasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

1. Sazişin məqsədi və predmeti: 1.1 Bu Sazişin məqsədi Tərəflər arasında yaranmış mübahisənin razılaşdırılmış yeni şərtlər əsasında həll edilməsindən ibarətdir. 1.2 X2 mübahisənin predmetini təşkil edən “Yol əhvalatı” serialının (bundan sonra “Serial”) aşağıda göstərilən əsaslar və şərtlər nəzərə alınmaqla təhvil verilməsinə və bunun müqabilində ödənişlərin həyata keçirilməsinə dair razılıq əldə etdilər.

2. Tərəflərin öhdəlikləri: 2.1. İddiaçı: 2.1.1. Cavabdehə Serialın bitmiş süjet xəttini əks etdirən 10 (on) seriyasının (hər seriya 40-45 dəqiqə xronometraila) 25 iyul 2024-cü il tarixədək Cavabdehin şərtlərinə uyğun olaraq çəkib ilkin baxış üçün ona təqdim etməsi öhdəliyini üzərinə götürür; 2.1.2. İlkin baxış zamanı Cavabdeh tərəfindən bütövlükdə və ya ayrıca hər hansı seriya üzrə aşkar olunan uyğunsuzluqları (texniki və ya qanunvericilik tələbləri baxımından) mübahisələndirmə aparmadan və etiraz bildirmədən 5 (beş) gün müddətində aradan qaldıraraq Cavabdehə təhvil verilməsi öhdəliyini öz üzərinə götürür; 2.1.3. Razılaşdırılmış müddət ərzində Serialın 10 (on) seriyasını ilkin baxış üçün təqdim etmədikdə və ya ilkin baxışdan sonra Cavabdehin aşkar etdiyi uyğunsuzluqlarla bağlı düzəlişləri müvafiq qaydada və müddətdə aradan qaldırmaqla təhvil vermədikdə, Cavabdeh tərəfindən təqdim edilən avans məbləğini sonuncunun yazılı müraciətindən sonra ən geci 14 (on dörd) gün ərzində geri qaytaracağı ilə bağlı razılaşır; 2.1.4. Qeyd edilən öhdəliklərin icrasını iddiaçı öz üzərinə götürür və onun şərtləşdirilmiş çərçivədə icra edilməsinə söz verir; 2.1.5. iddiaçı, hazırkı Saziş ilə öz üzərinə götürdüyü öhdəliklərin icrası qarşılığında Cavabdeh tərəfindən ona vergi və s ödənişlər daxil olmaqla ümumilikdə 26 750 (iyirmi altı min yeddi yüz əlli) manat ödəniləcəyini, həmin məbləğin 16 050 (on altı min əlli) manattəşkil edən hissəsinin avans olaraq bu Sazişin məhkəmə tərəfindən təsdiq edildikdən sonra 3 (üç) iş günü ərizində ona ödəniləcəyini, yerdə qalan cəmi 10 700 (on min yeddi yüz) manat qalıq məbləğinin isə yuxarıda qeyd edilən qaydada və şərtlər daxilində Serialın 10 (on) seriyasını bütövlüklə Cavabdehə təhvil verdikdən sonra 10 (on) iş günü ərzində ona ödəniləcəyi şərtini qəbul edir. 2.1.6. iddiaçı razılaşır ki, Cavabdehə qarşı olan iddiasından imtina edir və sözügedən iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu və digər xərclər ilə bağlı heç bir tələbi olmayacaqdır. 2.2. Cavabdeh: 2.2.1. Hazırkı Saziş ilə iddiaçının öz üzərinə götürdüyü öhdəliklərin icrası qarşılığında ona vergi və s. ödənişlər daxil olmaqla ümumilikdə 26 750 (iyirmi altı min yeddi yüz əlli) manat ödəyəcəyini, həmin məbləğin 16 050 (on altı min əlli) manat təşkil edən hissəsinin avans olaraq bu Sazişin məhkəmə tərəfindən təsdiq edildikdən sonra 3 (üç) iş günü ərizində ona ödəyəcəyini, yerdə qalan cəmi 10 700 (on min yeddi yüz) manat qalıq məbləğin isə yuxarıda qeyd edilən qaydada və şərtlər daxilində Serialın 10 (on) seriyasını bütövlüklə təhvil aldıqdan sonra 10(on) iş günü ərzində iddiaçıya ödəyəcəyi şərtini qəbul edir.

3. SAZİŞDƏN İRƏLİ GƏLƏN MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİ: 3.1. Tərəflər bu sazişdən irəli gələn mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail olacaqlar. 3.2. Əgər mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, Tərəflər məhkəməyə müraciət edə bilərlər. 3.3. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir.

4. SAZİŞƏ XİTAM VERİLMƏSİ: 4.1. iddiaçı və Cavabdeh bu müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra, müqaviləyə xitam veriləcək.

5. YEKUN MÜDDƏALAR: 5.1. Bu müqavilə 3 (üç) nüsxədə tərtib olunur və bir nüsxəsi İddiaçıya, bir nüsxəsi Cavabdehə, bir nüsxəsi isə Bakı Kommersiya Məhkəməsinə təsdiq edilmək üçün təqdim edilir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar