Məhkəmə qərarları › İş №e-2-2(113)-3068/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3068/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3068/2025 22.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: öhdəlikdən kənar ödənilmiş pul, əsassız varlanma, kondikasiya iddiasının şərtləri) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1140 manat məbləğində pulun və ödənilmiş 31,4 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı tərəfindən kasko növü üzrə sığorta təminatı almış “X7 Rover” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2022-ci il tarixdə sığorta hadisəsi baş vermiş və xx.xx.2022-ci il tarixdə 22-03422/07/CM-594/22 saylı sığorta aktına əsasən cavabdehin hesabına 1140 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Həmin sığorta aktında cavabdehin baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə heç bir digər ödəniş almadığı və cavabdehə zərərin vurulmasına görə məsuliyyət daşıyan üçüncü şəxslər qarşısında tələb hüququnun sığorta ödənişi həyata keçirildiyi andan iddiaçıya keçməsini cavabdeh imza və möhürlə təsdiq etmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 1140 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 2.2. Bundan sonra sığorta ödənişi almış şəxsin ona dəymiş zərər üzrə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququnun mövcudluğunu nəzərə alaraq, müvafiq olaraq zərərvuran X3 idarə etdiyi “Nissan Qashqai” markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini icbari formada sığortalamış "xxxx" ASC-yə müraciət olunaraq 1 140 manat məbləğində vəsaitin köçürülməsi xahiş edilmişdir. "xxxx" ASC-dən göndərilmiş 05/01-509 saylı xx.xx.2023-cü il tarixli məktubda "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi üzrə “X7 Rover” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1 140 manat sığorta ödənişinin cavabdehin hesabına köçürüldüyü qeyd olunmuşdur. 2.3. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini həm iddiaçı, həm də cavabdehdən almışdır. Belə olan təqdirdə, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. İddiaçı cavabdehə öhdəlikdən kənar 1140 manat məbləğində pul ödəmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən həmin pul əsassız varlanan şəxs olaraq cavabdehdən geri tələb edilməlidir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1140 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cavabdehin ünvanına xx.xx.2025-ci il tarixli AS-25/166 saylı geriyə tələb məktubu elektron qaydada göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bugünədək ödənilməmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 439.4, 1091, 1092-ci maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsini xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işlə cəlb olunmuşdur.

II. İşdə iştirak edən şəxslərin mövqeləri:

6. İddiaçının nümayəndəsi X4 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, əvvəlcə "xxxx" ASC-yə 2022-ci il tarixdə müraciət edilmiş, sonuncu ödənişlə bağlı müraciətin olmadığını bildirmiş, bundan sonra iddiaçı tərəfindən sığorta ödənişi edilmişdir. Lakin subroqasiya qaydasında zərərvuranın sığortaçısı üçüncü şəxs "xxxx" ASC-yə müraciət edildikdə, cavabdehin üçüncü şəxsdən də ödəniş qəbul etdiyi məlum olmuşdur.

7. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

8. Üçüncü şəxs "xxxx" ASC məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mübahisəyə üçüncü şəxsin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Əsassız varlanma qaydasında pulun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehin mülkiyyətində olan “Land Rover” markalı 77PH179 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixli MC********** nömrəli şəhadətnaməyə əsasən könüllü qaydada xx.xx.2023-cü il tarixədək 100 000 manat sığorta dəyəri ilə sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Babək prospekti ərazisində üçüncü şəxs "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Nissan Qashqai” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Land Rover” markalı 77PH179 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, xx.xx.2022ci il tarixli hesablama aktı ilə cavabdehə dəymiş zərər 1140 manat qiymətləndirilmiş, həmin zərər cavabdeh tərəfindən təsdiq edilmiş, xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən adıçəkilən sığorta hadisəsi ilə bağlı 1140 manat sığorta ödənişinin cavabdehə köçürülməsi tapşırılmışdır. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydinə əsasən xx.xx.2021-ci il tarixli MC********** nömrəli şəhadətnamə üzrə 1140 manat cavabdehin bank hesabına köçürülmüşdür. İddiaçı həmin məbləğin subroqasiya qaydasında ödənilməsi üçün “Nissan Qashqai” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalamış üçüncü şəxsə müraciət etmiş, üçüncü şəxs xx.xx.2023-cü il tarixli 05/01-509 nömrəli məktubla “Land Rover” markalı 77PH179 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin onun tərəfindən təmir müəssisəsində təmir olunmaqla aradan qaldırıldığını bildirmişdir.

13. İddiaçı cavabdehin sığorta ödənişinin həm könüllü qaydada, həm də icbari qaydada əldə edildiyini bildirərək artıq ödənilmiş 1140 manat sığorta ödənişinin tutulmasını tələb edir.

14. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

15. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

16. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir.

17. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

18. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilən sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

19. Məhkəmə kommersiya mübahisəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

20. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yəni öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir. Hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarına başlıcası müqavilə olmaqla zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar aid edilir. Mülki hüquq nəzəriyyəsində bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin əsassız varlanma ilə əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur.

21. Mülki Məcəllənin 58-ci fəsli “əsassız varlanma” adlanır. Mülki Məcəllənin 1091-ci maddəsi əsassız varlanmaya anlayış verir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

22. Göründüyü kimi, əsassız varlanma hüquqi əsas – bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan və ya həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənərək başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsidir.

23. Eyni zamanda Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

24. Mülki hüquq nəzəriyyəsində məhrum olanın əsassız əldə edilmiş və ya saxlanılmış əmlakı qaytarmaq barədə varlanmış şəxsə verdiyi tələb kondikasiya iddiası adlanır və bu növ iddiada bir neçə şərtin mövcudluğu sübut edilməlidir. Belə ki, kondikasiya iddiasının sübutetmə predmetinə (1) varlanmanın baş verməsi, (2) bu varlanmanın hüquqi əsasa malik olmaması, (3) varlanmanın məhrum olanın hesabına formalaşması daxildir. Bu şərtlərdən hər hansı birinin mövcudluğunun sübut edilməməsi kondikasiya iddiasının rəddi üçün əsasdır.

25. İş materiallarından da göründüyü kimi, iddiaçı və cavabdehin qarşılıqlı razılaşması əsasında sığorta ödənişi 1140 manat müəyyən edilmiş, iddiaçının xx.xx.2024cü il tarixli ödəniş aktı əsasında 1140 manat məbləğində pul cavabdehə köçürülmüş, eyni zamanda cavabdeh icbari sığorta qaydasında da dəymiş zərərin ödənilməsini təmin etmişdir.

26. Halbuki Mülki Məcəllənin 931-ci maddəsinə əsasən, bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.

27. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz.

28. Belə olan halda, hazırkı ödənişin sığorta öhdəliyindən kənar iddiaçının hesabına edildiyi və cavabdehin həmin məbləği bank hesabı vasitəsilə əldə edərək varlandığı təsdiq edilir.

29. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

30. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh ASC-dən 1140 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

31. İddiaçı eləcə də 31,4 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

32. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli qəbzlə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 31,4 manat dövlət rüsumu ödənilmişdir.

33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Yuxarıda göstərilənlərə əsasən və iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,4 manat pul Cavabdeh ASC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 1140 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,4 manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar