Məhkəmə qərarları › İş №e-2-2(113)-3070/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3070/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3070/2024 24.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17871,65 manat məbləğində əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 144 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə (bundan sonra “İddiaçı”) Cavabdeh arasında (bundan sonra “Cavabdeh”) bağlanmış xx.xx.2022-ci il tarixli, 263 nömrəli Alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, İcraçı hazırki Müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq qiymətlərin razılaşdırma Protokollarında göstərilən Məhsulları (bundan sonra “mallar”) Sifarişçiyə satır və Sifarişçi öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən İcraçıya ödəyir. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi əsasında sifariş olunan mallar tam şəkildə ona təhvil verilmişdir. Belə ki, təqdim edilmiş 601709, 602073, 764021, 762906, 773670 və 057317 nömrəli elektron qaiməfaktura sənədlərinə əsasən Cavabdeh ümumilikdə 40349,32 manat (ƏDV daxil) dəyərində məhsul satılmışdır. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəməmiş və İddiaçı MMC-yə 17871,65 manat məbləğində qalıq borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş lakin qalıq borcun ödənilməsi təmin edilməmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli cavabdeh tərəfindən ünvanlanmış ərizədən görünür ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə qalıq borcunu etiraf etmiş və hissə-hissə olmaqla ödənilməsinə razılıq verilməsini xahiş etmişdir. Tərtib edilmiş eyni tarixli akta əsasən cavabdehə müəyyən vaxt verilmiş və qalıq borcun hissə-hissə ödənilməsi üçün şərait yaradılmışdır. Lakin cavabdehə üzərinə düşən öhdəlikləri tam şəkildə icra etməyərək borcun ödənilməsini təmin etməmişdir. İddiaçıya məxsus "xxxx"-dan hesab üzrə çıxarış sənədindən görünür ki, cavabdeh əsas borcdan xx.xx.2023-cü ildə 16322,69 manat ödəniş etmişdir. Həmçinin ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 2938,08 manat və xx.xx.2024-cü il tarixdə 3216,90 manat miqdarında vəsait ödəmişdir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş lakin münasibətlərin qaydaya salınması məqsədilə hər hansı bir addım atılmamışdır.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh 9500 manat məbləğində əsas borcun və məhkəməyə müraciət edilməsi məqsədilə ödənilmiş 144 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə edilməsi xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Əvvəlki məhkəmə hazırlıq iclaslarında iştirak edən cavabdeh iddiaçıya olan borcunu etiraf etmiş və borcu tam ödəyəcəyini bildirmişdir.

6. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 211 saylı alqısatqı müqaviləsinə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı hazırkı Müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma Protokollarında göstərilən Məhsulları (bundan sonra “mallar”) Sifarişçiyə satır və Sifarişçi öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən İcraçıya ödəyir.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən tələb olunan malların xüsusiyyətləri (adı, miqdarı və s.) Tərəflər arasında əvvəlcədən razılaşdırılır.

12. Müqavilənin 2.2-ci bəndinə əsasən satılan mallar Tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.

13. Müqavilənin 2.3-cü bəndinə əsasən icraçı tələb olunan malları Sifarişçinin yerləşdiyi ünvana öz hesabına çatdırır.

14. Müqavilənin 2.4-cü bəndinə əsasən icraçı təqdim edilən malların keyfiyyətinə Sifarişçiyə 1 (bir) ildən az olmamaq şərti ilə, müvafiq zəmanət müddətini təyin edir. Həmin müddət ərzində keyfiyyətsiz malların təqdim edilməsi nəticəsində yarana biləcək qüsurları və çatışmamazlıqları İcraçı öz hesabına aradan qaldırmalı, bəıpa etməli və ya sifarişə uyğun olaraq ekvivalent mallar ilə əvəz etməlidir.

15. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi mallara görə İcraçı tərəfindən təqdim edilmiş hesab-fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini İcraçının hesabına ödəyir.

16. Müqavilənin 4.1-ci bəndinə əsasən Mallar Sifarişlərin verildiyi tarixdən sonrakı 10 (on) təqvim günü ərzində “İcraçı” tərəfindən Sifarişçiyə çatdırılır. Malın (Malların) İcraçı tərəfindən Sifarişçiyə çatdırılması müvafiq təhvil sənədi ilə rəsmiləşdirilir.

17. İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə 40349,32 manat (ƏDV daxil) dəyərində məhsul satışı üzrə 601709, 602073, 764021, 762906, 773670 və 057317 nömrəli elektron qaimə-faktura göndərilmişdir.

18. "xxxx" ASC-nin hesab üzrə çıxarış sənədindən görünür ki, cavabdeh əsas borcdan xx.xx.2023-cü ildə 16322,69 manat ödəniş etmişdir.

19. Cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə ünvanladığıxx.xx.2023-cü il tarixli borcun etirafı və ödənilməsinə dair ərizəsinə əsasən xx.xx.2022-ci il tarixli, 211 saylı alqı-satqı müqaviləsi üzrə borcunun 35.000 manat olmasını qəbul etmiş və borcun 2023-cü ilin sonuna kimi hər ay hissə-hissə olmaqla ödənilməsinə razılıq verilməsini xahiş etmiş və imzası ilə təsdiq etmişdir.

20. Məhkəmə tərəfin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

23. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 211 saylı alqı-satqı müqaviləsinə əsasən icraçı hazırkı Müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma Protokollarında göstərilən Məhsulları (bundan sonra “mallar”) Sifarişçiyə satır və Sifarişçi öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən İcraçıya ödəyir.

27. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimələr və qismən ödənişlər, o cümlədən borcun etirafına dair ərizə və cavabdehin məhkəmə bildirdiyi şifahi etirafı ilə təstiq olunduğu üçün 9500 manat borca dair hissədə tələbin təmin olunması üçün əsaslar mövcuddur.

28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya əsas borc üzrə 9500 manat ödənilməyən borcun cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 9500 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

29. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 144 manat dövlət rüsumu ödənilmişdir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq (dövlət rüsumunun hesablanması kalkülyatorunun göstəricisi nəzərə alınmaqla) 115 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 9500 (doqquz min beş yüz) manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 115 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar