Məhkəmə qərarları › İş №e-2-2(113)-3070/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3070/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3070/2025 19.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişinin geri qaytarılması, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 634,48 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 664,48 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəmiyyətdə kasko növü üzrə sığorta təminatı almış “Chevrolet Cruze” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2022-ci il tarixdə sığorta hadisəsi baş vermiş və xx.xx.2022-ci il tarixdə 22- 02026/05/CM113/22 saylı sığorta aktına əsasən Cavabdeh QSC-nin hesabına 634,48 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Həmin sığorta aktında Cavabdeh QSCnin baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə heç bir digər ödəniş almadığı və Cavabdeh QSC-yə zərərin vurulmasına görə məsuliyyət daşıyan üçüncü şəxslər qarşısında tələb hüququ sığorta ödənişi həyata keçirildiyi andan "xxxx" ASC-yə keçməsini cavabdeh imza və möhürlə təsdiq etmişdir. Hadisə nəticəsində “Chevrolet Cruze” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2100 manat məbləğində müəyyən olunmuş, 46,88% qismən sığorta və 350 manat azadolma məbləği çıxılmaqla 634,48 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 634,48 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bundan sonra AR MM-nin 936-cı maddəsinə (zərərin əvəzinin üçüncü şəxs tərəfindən ödənilməsi tələbinə dair) istinadən sığorta ödənişi almış şəxsin ona dəymiş zərər üzrə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququnun mövcudluğunu nəzərə alaraq, müvafiq olaraq zərərvuran X3 idarə etdiyi “X6” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini icbari formada sığortalamış "xxxx" ASCyə müraciət olunaraq 634,48 manat məbləğində vəsaitin "xxxx" ASC-nin hesabına köçürülməsi xahiş edilmişdir. "xxxx" ASC-dən Cəmiyyətə göndərilmiş 2661 saylı, xx.xx.2024-cü il tarixli məktubda "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi üzrə “Chevrolet Cruze” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə xx.xx.2022-ci il tarixdə 1 600 manat sığorta ödənişinin Cavabdeh QSC-nin hesabına köçürüldüyü qeyd olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, Cavabdeh QSC hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini həm "xxxx" ASC, həm də "xxxx" ASC-dən almışdır. Belə olan təqdirdə, Cavabdeh QSC hüquqi əsas olmadan "xxxx" ASC-nin hesabına əsassız varlanmışdır. Cəmiyyət Cavabdeh QSC-yə öhdəlikdən kənar 634,48 manat məbləğində pul ödəmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən həmin pul əsassız varlanan şəxs olaraq Cavabdeh QSC-dən geri tələb edilməlidir. Cəmiyyət tərəfindən Cavabdeh QSC-ninünvanına xx.xx.2025-ci il tarixli, AS-25/165 saylı geriyə tələb (subroqasiya) məktubu elektron qaydada göndərilsə də müvafiq sığorta ödənişi məbləği bugünədək Cəmiyyətə ödənilməmişdir

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməyib və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. 01.03.2022-ci il tarixli, MC********** saylı sığorta şəhadətnaməsinə əsasən Chevrolet Cruze” markalı 99PY571 DQN avtomobil xx.xx.2002 - xx.xx.2022-ci illər aralığında "xxxx" ASC-də sığortalanmışdır.

8. Cavabdeh QSC-nin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda xx.xx.2022-ci ildə YNH zamanı cəmiyyətə məxsus Chevrolet Cruze” markalı 99PY571 DQN avtomobilə maddi ziyan dəydiyi və dəymiz ziyanın ödənilməsi xahiş edilmişdir.

9. 18.05.2022-ci il tarixli 103OPX1221381E95 saylı ödəniş qəbzinə əsasən Cavabdeh QSC-nin hesabına iddiaçı tərəfindən 634,48 manat məbləğində ödəniş edilmişdir.

10. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 2661 saylı məktubunda “Chevrolet Cruze” markalı 99PY571 DQN avtomobilə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər məlbəği cəmiyyət tərəfindən 1600 manat müəyyən olunmuş, bu məbləğ mülkiyyətçi Cavabdeh QSC-ni qane etdiyi və xx.xx.2022-ci il tarixində zərərçəkən Cavabdeh QSC-yə ödənildiyi qeyd olunmuşdur.

11. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

14. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

15. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.

16. 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

17. 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.

18. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

19. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

20. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

21. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

22. Göründüyü kimi cavabdeh öz nəqliyyat vasitəsini könüllü sığorta ("xxxx" ASC) müqaviləsi əsasında sığortalamış. Və bir hadisə nəticəsində (yol-nəqliyyat hadisəsi) nəqliyyat vasitəsinə dəymiş ziyana görə sığorta məbləği cavabdeh ASC-yə ödənilmiş, o cümlədən zərərvuran şəxsin sığortalı olduğu cəmiyyətdən də həmin sığorta məbləğini əldə etmişdir. Yəni, bir sığorta hadisəsinə görə cavabdeh ASC-yə iki dəfə ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən zərərin məbləği - 1600 manat, "xxxx" ASC tərəfindən isə 634,48 manat müəyyən edilməklə ödəniş edilmişdir.

23. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən artıq ödənilmiş sığorta məbləğinin cavabdehdən tələb edilməsi qanuni və əsaslı olduğu üçün, iddia tam təmin olunmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Materiallardan da göründüyü kimi iddiaçı 30 manat məbləğində dövlət rüsumu xərci ödəmişdir.

26. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, təmin edilən məbləğə mütənasib olaraq, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh ASC-dən 634,48 manat sığorta ödənişi və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar