Məhkəmə qərarları › İş №e-2-2(113)-3089/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3089/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3089/2025 30.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Baku Supply and Procurement MMC-dən 12980 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə GPA24/024 nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən “Satıcı” bu müqavilənin tərkib hissəsi olan Qiymətlərin razılaşdırılmas protokolunda sadalanan malları “Alıcı”ya satır, “Alıcı” isə həmin malları alır və bunun müqabilində X1 Protokolunda müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh öhdəliyini icra etməmişdir. GPA24/024 saylı xx.xx.2024-cü il tarixli müqaviləyə 1 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən yekun məbləğ 12980 (on iki min doqquz yüz səksən) manat təşkil edir. Təhvil-təslim aktında görünür ki, 1 saylı qiymətlərin razılaşdırılması protokolunun icrası məqsədilə satıcı qeyd olunan malı (Ekogen EGR 55) xx.xx.2024-cü il tarixdə alıcıya təhvil vermişdir. Tərəflər bunu imza və möhürləri ilə təsdiq etmişlər. MT2410 seriyalı 11976690 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə fakturaya əsasən yekun məbləğ 12980 manat təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 390.1, 442, 443.1, 445.1, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı etiraf edərək qeyd etmişdir ki, iddia tələbində qeyd edilən 12980 manat məbləği qəbul edir, borcun etiraf etmənin hüquqi nəticələri ona aydındır. Hazırda hesablarında iddia tələbində qeyd olunan məbləğ qədər vəsait vardır, bank hesablarından həbs götürüldüyü təqdirdə ödənişlərin tez zamanda olunacağını bildirmişdir. Sonda o, iddianın təmin olunmasına etiraz etməmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixdə GPA24/024 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Satıcı” bu müqavilənin tərkib hissəsi olan Qiymətlərin razılaşdırılma protokolunda sadalanan malları (bundan sonra “Mallar” adlandırılacaq) “Alıcı”ya satır, “Alıcı” isə həmin Malları alır və bunun müqabilində X2 Protokolunda müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə alınan Malların müqabilində Alıcı Satıcıya bu Müqavilədə və ya ona Əlavələrdə göstərilən məbləğdə ödəniş etməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən ödəniş, ilkin olaraq Malın dəyərinin 100% şəklində bank hesabına köçürülmə yolu ilə 30 (otuz) iş günü müddətində həyata keçirilir. Ödəniş edilmədiyi halda “Alıcı” tərəf məhkəməyə veriləcəkdir. Gecikdirilən hər 1 (bir) günə görə 1% cərimə hesablanacaqdır. Müqavilənin 3.2-ci bəndinə əsasən Mallar” təhvil verilərkən Tərəflər təhvil-təslim Aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. xx.xx.2024-cü il tarixdə GPA24/024 nömrəli alqı-satqı müqaviləsinə tərtib edilmiş edilmiş 1 saylı X3 görünür ki, tərəflər arasında Ekogen EGR 55 adda malın qiymətinin dəyəri ümumilikdə 12980 manat razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixdə GPA24/024 nömrəli alqı-satqı müqaviləsinin 1 saylı X4 əsasən malların təhvil qəbul aktından görünür ki, 12980 manat məbləğində Ekogen EGR 55 adda məhsul İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. MT2410 seriyalı, 11976690 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 12980 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 129 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malın dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, təhvil-təslim aktı və s.) öz təsdiqini tapmış, cavabdehin nümayəndəsi iddianı etiraf etmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq cavabdeh tərəfin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Çünki cavabdehin nümayəndəsi iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də onun iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı, iddia təmin edilməli və 12980 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 129 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 12980 (on iki min doqquz yüz səksən) manat məbləğində pul vəsaiti və ödənilmiş 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar