Məhkəmə qərarları › İş №e-2-2(113)-309/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-309/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-309/2020 17.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxx 2008-ci il tarixli 91 nömrəli müqavilə üzrə 70 444 (yetmiş min dörd yüz qırx dörd) manat məbləğində borc pulun Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR ilə Cavabdeh MMC arasında xx xxxx 2008-ci il tarixdə 91 nömrəli “Əmlakın kirayə verilməsi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, kirayə verən Sosial X6 qəsəbəsində yerləşən, “Sahil” (Dalğa) istirahət mərkəzini 1 (bir) il müddətinə kirayəçi Cavabdeh MMC-nin istifadəsinə verir, “Kirayəçi” isə həmin müqavilənin 3-cü bəndində göstərilən məbləğdə və müddətdə kirayə haqqını ödəməyi öz öhdəsinə götürür. Göstərilən sahə Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Buzovna qəsəbəsində inşa edilən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin qonaq evinin tikintisində işləyən işçilərin yaşaması üçün kirayə götürülmüşdür. xx xxxx 2008-ci il tarixdə 91 nömrəli müqavilənin 3-cü bəndinə əsasən kirayə haqqının məbləği əlavə dəyər vergisi ilə birlikdə 70444 (yetmiş min dörd yüz qırx dörd) manat təşkil edir və kirayəçi tərəfindən hər ay gələn ayın 10-dan gec olmayaraq kirayə verənin bank hesabına köçürülür. Lakin cavabdeh kirayə haqqının ödənilməsindən yayınır. Belə ki, cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni müəyyən olunmuş məbləği ödəməkdən imtina edir. Bu səbəbdən də cavabdehin nə qeyd olunan müqavilə üzrə xx.xx.2019-cu il tarixə 70444 (yetmiş min dörd yüz qırx dörd) manat məbləğində borcu yaranmışdır. Cavabdehlə dəfələrlə öz öhdəliyinin icrası barədə şifahi və yazılı danışıqlar aparılmasına baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. İddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin ötürüldüyünü bildirdi və həmin əsasla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, tədqiq olunan sübutlarıqiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ilə Cavabdeh MMC arasında xx xxxx 2008-ci il tarixdə “Əmlakın kirayə verilməsi haqqında” bağlanmış 91 nömrəli müqavilədən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial X6 qəsəbəsində yerləşən, “Sahil” (Dalğa) istirahət mərkəzini 1 (bir) il müddətinə kirayəçi Cavabdeh MMC-nin istifadəsinə verməyi, kirayəçi isə həmin müqavilənin 3-cü bəndində göstərilən məbləğdə və müddətdə kirayə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 3-cü bəndinə əsasən kirayə haqqının məbləği əlavə dəyər vergisi ilə birlikdə 70444 manat təşkil edir və kirayə haqqı hər ay gələn ayın 10-dan gec olmayaraq kirayə verənin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nin xx.xx.2016-cı il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-yə müraciət edilərək xx xxxx 2008-ci il tarixli 91 nömrəli kirayə müqaviləsi üzrə yaranmış 70444 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nin xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-yə müraciət edilərək xx xxxx 2008-ci il tarixli 91 nömrəli kirayə müqaviləsi üzrə yaranmış 70444 manat məbləğində borcun ödənilməsi təkrarən xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ilə Cavabdeh MMC arasında xx xxxx 2008-ci il tarixdə 91 nömrəli “Əmlakın kirayə verilməsi haqqında” müqavilə bağlanmışdır. Müqavilə üzrə kirayə verən Sosial X6 qəsəbəsində yerləşən, “Sahil” (Dalğa) istirahət mərkəzini 1 (bir) il müddətinə kirayəçi Cavabdeh MMC-nin istifadəsinə vermiş, kirayəçi isə həmin müqavilənin 3-cü bəndində göstərilən məbləğdə və müddətdə kirayə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən sahə Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Buzovna qəsəbəsində inşa edilən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin qonaq evinin tikintisində işləyən işçilərin yaşaması üçün kirayə götürülmüşdür. xx xxxx 2008-ci il tarixdə 91 nömrəli müqavilənin 3-cü bəndinə əsasən kirayə haqqının məbləği əlavə dəyər vergisi ilə birlikdə 70444 (yetmiş min dörd yüz qırx dörd) manat təşkil etmişdir və kirayəçi tərəfindən kirayə haqqı hər ay gələn ayın 10-dan gec olmayaraq kirayə verənin bank hesabına köçürülməliydi. Cavabdeh kirayə haqqının ödənilməsindən yayınmışdır və onun həmin müqavilə üzrə iddiaçıya olan borcu 70444 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə cavabdehin iddiaçıya 70444 manat borcunun olmasının iş materiallarına əsasən müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdehdən xx xxxx 2008-ci il tarixli 91 saylı müqavilə üzrə 70444 manat borcun tutulmasını tələb etməyə dair subyektiv hüquqa malikdir. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh MMCnin nümayəndəsi hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmədə hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə tərəflər arasında xx xxxx 2008-ci il tarixli 91 saylı müqavilə üzrə kirayə verilən əmlakın cavabdehə təhvil verildiyini, müqavilənin bir illik müddətə bağlandığını, cavabdehin kirayə haqqını müqavilə bağlandıqdan sonra növbəti ayın 10-dan gec olmayaraq ödəməli olduğunu, lakin cavabdeh tərəfindən hər hansı ödənişin aparılmadığını nəzərə alaraq hesab edir ki, iddiaçı 2019-cu ildə, yəni iddia axımının başladığı tarixdən 10 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etməklə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 5 illik iddia müddətini buraxmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan və iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar