Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3090/2021 10.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 159406,76 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə görə iddiaçı tərəfindən cavabdehə beton məhsulu satılmışdır. Cavabdeh aldığı beton məhsulun ƏDV daxil 907438 manat dəyərini iddiaçıya ödəməmişdir. 06 mart 2019-cu il tarixdən 06 avqust 2021-ci il tarixədək dövrdə cavabdeh iddiaçının 907438 manat məbləğində pul vəsaitini qanunsuz olaraq özündə saxlayır. Cavabdeh 29 ay müddətdə iddiaçının 907438 manat pulunu qanunsuz saxladığına, faydalanmağa görə bank faiz uçot dərəcəsi ilə 159406,76 manat pul ödəməlidir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.09.2019-cu il tarixli icra sənədi əsasında ödənilməli olan vəsait hələ də ödənilməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi dəyərləndirmə: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 10 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən hazırkı müqaviləyə görə müvafiq olaraq satıcı (iddiaçı) burada razılaşdırılmış və müqavilənin tərkib hissəsi sayılan əlavələrdə qeyd olunan qiymətdə və çeşiddə beton məhsulunu tədarük etmək, alıcı isə (cavabdeh) müqavilənin icra müddətində müqavilənin müddəa və şərtlərinə əsasən razılaşdırılmış qiymətə uyğun olaraq satıcıdan malları almaq barədə razılığa gəlirlər. Müqaviləyə 2 nömrəli Əlavə qiymət razılaşma protokolunda malların qiymətləri razılaşdırılmışdır. Müqavilə və müqaviləyə əlavələr tərəflərin imza və möhürləri ilə təsdiq olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.09.2019-cu il tarixli, e-2-2(81)- 818/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən 769016,00 manat əsas borc, 769,01 manat məbləğində penya, 138422,88 manat ƏDV, ümumilikdə 908207,89 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20.10.2020-ci il tarixli, e- 2-2(103)-49/2020 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.09.2019-cu il tarixli, e-2-2(81)-818/2019 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 07 aprel 2021-ci il tarixli 2-2(102)-122/2021-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolegiyasının 2020-ci ilin 20 oktyabr tarixli e-2-2(103)- 49/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolegiyasının 2020-ci ilin 20 oktyabr tarixli e-2- 2(103)-49/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin 18.06.2021-ci il tarixdə verilmiş 19.09.2019-cu il tarixli, e-2-2(81)-818/2019 saylı icra vərəqəsi əsasında Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlanılmışdır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 15.03.2021-ci il tarixli pretenziya məktubuna əsasən iddiaçı cavabdehlə aralarında bağlanmış 16 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə görə cavabdehə satılmış beton məhsulunun dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini bildirərək 01 noyabr 2018-ci il tarixdən aprel 2021-ci il tarixədək cavabdehin iddiaçının 907438 manat məbləğində pul vəsaitini qanunsuz olaraq özündə saxladığını bildirərək faydalanmağa görə 132123 manat pulun 5 gün müddətində ödəməsini cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli 9/6360 nömrəli ekspert rəyinə əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10.10.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 06.03.2021-ci il tarixdən 06.08.2021-ci il tarixədək cavabdeh tərəfindən ödənilməsi gecikdirilən 907.438,88 manat pul vəsaiti üzrə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz məbləği 23631,22 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 noyabr 2021-ci il tarixli 9/8052 nömrəli ekspert rəyinə əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10.10.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 06.03.2019-cu il tarixdən 06.08.2021-ci il tarixədək cavabdeh tərəfindən ödənilməsi gecikdirilən 907.438,88 manat pul vəsaiti üzrə Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz məbləği 159.406,76 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ... 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...” 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz tələbkarın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması tələbkarın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi əsaslıdır və iddia tələbi təmin edilməlidir. Nəticə: Yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 159406,76 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 200 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK-dan 159406,76 manat (bir yüz əlli doqquz min dörd yüz altı manat yetmiş altı qəpik) məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatları ilə bağlı 100,0 (bir yüz) manat və 100,0 (bir yüz) manat, cəmi 200,0 (iki yüz) manat ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3090/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3090/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver