Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3091/2021 22.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «alqı-satqı müqaviləsi üzrə borc» tələbinə dair işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı «alqı-satqı müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyul 2020-ci il tarixli 39 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 32008,30 manat borcun, borcun vaxtında ödənilməməsinə görə 1664,43 manat cərimənin, ümumilikdə 33.672,73 (otuz üç min altı yüz yetmiş iki manat yetmiş üç qəpik) manat pul məbləğinin və ödənilmiş 30 (otuz) manat dövət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı -İddiaçı MMC (əvvəlki adı-"xxxx" MMC (VÖEN:**********) ilə cavabdeh -Cavabdeh MMC arasında 10 iyul 2020-cı il tarixli 39 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə müvafiq olaraq cavabdehin nümayəndəsinə 13.07.2020-ci il tarixli, 536055 nömrəli, 14.07 2020-c.H tarixli 536056 nömrəli, 15.07.2020-ci il tarixli, 535449 nömrəli, 16.07.2020-cı ıl tarixli, 535450 nömrəli, 17.07.2020-ci il tarixli, 536058 nömrəli, 20.07.2020-ci il tarixli, 535869 nömrəli, 22.07.2020-ci il tarixli, 535870 nömrəli, 24.07.2020-ci il tarixli, 535872 nömrəli, 25.07.2020-cı il tarixli, 535025 nömrəli, 28.07.2020-ci il tarixli 536059 nömrəli, 28.07.2020ci il tarixli, 535873 nömrəli, 29.07.2020-ci il tarixli, 536060 nömrəli, 30.07.2020-ci il tarixli, 535567 nömrəli, 31 07 2020-ci il tarixli, 535874 nömrəli və 03.08.2020-ci il tarixli, 535875 nömrəli Malların təhvil-qəbul aktları ilə 38708,30 manat məbləğində quzu əti təhvil verilmişdir. İddiaçının əvvəlki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı, 24 fevral 2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dəyişdirilərək İddiaçı adlandırılmışdır. Yuxarıda qeyd edilən Müqavilənin 2.2-ci bəndinə əsasən mallar cavabdehin nümayəndəyəsinə təhvil verildikdən sonra 1 gündən gec olmayaraq cavabdehə elektron-qaimə təqdim edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən “Malların dəyəri, Cavabdeh tərəfindən təhvil alındığı gündən sonrakı həftənin ilk iş günü ödənilməli idi. Cavabdeh tərəfindən əvvəlki həftə ərzində yaranmış borc tam olaraq ödənilməlidir.” tələbinə əməl edilmədən Cavabdeh aldığı malların dəyərini bu günə kimi ödəməmişdir. Dəfələrlə Cavabdehin qanuni təmsilçisi direktor X2 ilə telefonla əlaqə saxlanılsada o, söz vermişdir ki, alınmış malların dəyərini gələn haftə ödəyəcəkdir. Lakin növbəti həftələrdə də borcun ödənilməsi təmin edilməmişdir. Yaranmış borcun Cavabdeh tərəfindən ödənilməsi üçün 24 avqust 2020-ci il tarixli 17 nömrəli şikayət ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Polis idarəsinə müraciət edilmişdir. Həmin müraciətdən sonra Cavabdehin direktoru yaranmış borcdan 6 700 manat ödəmişdir. Qalmış 32 008, 30 manat borc məbləği bu günə kimi ödənilməmişdir. Borcun ödənilməsi üçün "xxxx" MMC vasitəsi ilə Cavabdehə 24 may 2021-ci il tarixli 08 nömrəli pretenziya göndərilmişdir. Cavabdeh həmin pretenziyanı qəbul etməkdən imtina etmişdir. Həmçinin "xxxx" MMC vasitəsi ilə Cavabdehə 31 may 2021-ci il tarixli 09 n saylı iddia ərizəsi göndərilmişdir. cavabdeh iddia ərizəsinin qəbul etməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3091/2021 saylı 22.07.2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan:Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 10 iyul 2020-cı il tarixli 39 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini Satıcı tərəfindən Alıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən heyvan ətlərinin (bundan sonra - “mallar”) əvəzinin pulla ödənilməsi müqabilində satılması, Alıcı tərəfindən malların qəbul edilib razılaşdırılmış məbləğin ödənilməsi təşkil edir.. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı malları müəyyən olunmuş standartlara, keyfiyyət göstəricilərinə, ərzaq təhlükəsizliyi şərtlərinə və standartlarına uyğun vəziyyətdə və vaxtında müvafiq müşayətedici sənədlərlə birlikdə təhvil verir. Həmin Müqavilənin 1.3-ci bəndinə əsasən satıcı malları Alıcının sifariş verdiyi partiyalarla sifarişin verildiyi gündən sonrakı gün gündüz saat 14-00-dək çatdırır. Malın hər hansı səbəbdən təqdim etmək imkanı olmadıqda və yaxud gecikdirmə riski olan hallarda öncədən mütləq qaydada yazılı(E-mail) olaraq sifarişçini xəbərdar etməyə borcludur Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən Mallar Satıcı tərəfindən Alıcının bu Müqavilədə göstərilən ünvanına gətirilir və təhvil verilir. Təhvil-təslim barədə müvafiq sənədlər tərtib olunur. Əgər malların qablaşdırma və digər görünən qüsurları aşkar edilərsə, Alıcı belə malları qəbul etmir, Satıcı isə həmin qüsurlu malları, Alıcı tərəfindən bildirildiyi vaxtdan ən qisa müddət ərzində yenisi ilə əvəz etməyə borcludur. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə 1 saylı Əlavədə nəzərdə tutulan malların ümumi qiyməti hər bir kiloqrama görə razılaşdırılmış qiymət əsasında manatla müəyyən olunur. İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 10 iyul 2020-cı il tarixli 39 saylı alqı-satqı müqaviləsinə edilmiş 1 nömrəli əlavədən görünür ki, tərəflər arasında malların yəni quzu ətinin 1 kq dəyəri 11,50 manat, olması razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 13.07.2020-ci il tarixli, 536055 nömrəli, 14.07 2020-c.H tarixli 536056 nömrəli, 15.07.2020-ci il tarixli, 535449 nömrəli, 16.07.2020-cı ıl tarixli, 535450 nömrəli, 17.07.2020-ci il tarixli, 536058 nömrəli, 20.07.2020-ci il tarixli, 535869 nömrəli, 22.07.2020-ci il tarixli, 535870 nömrəli, 24.07.2020-ci il tarixli, 535872 nömrəli, 25.07.2020-cı il tarixli, 535025 nömrəli, 28.07.2020-ci il tarixli 536059 nömrəli, 28.07.2020ci il tarixli, 535873 nömrəli, 29.07.2020-ci il tarixli, 536060 nömrəli, 30.07.2020-ci il tarixli, 535567 nömrəli, 31 07 2020-ci il tarixli, 535874 nömrəli və 03.08.2020-ci il tarixli, 535875 nömrəli Malların təhvil-qəbul aktlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 38708,30 manat məbləğində quzu əti təhvil verilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 10 iyul 2020-cı il tarixli 39 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş 32008,30 manat borcun, borcun vaxtında ödənilməməsinə görə 1664,43 manat cərimə borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən 10 iyul 2020-cı il tarixli 39 saylı müqavilə üzrə 32008,30 manat pul iddiaçıya ödənilməmişdir. Bu səbədəndə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən gecikdirilmiş əsas məbləğə görə 1664,43 manat cərimə hesablanmışdır. Məhkəmə iddia tələbinin 1664,43 manat dəbbə borcunun ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 1664,43 manat cərimə borcunun tutlmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 32008,30 manat borc, borcun vaxtında ödənilməməsinə görə 1664,43 manat cərimə olmaqla ümumilikdə 33.672,73 (otuz üç min altı yüz yetmiş iki manat yetmiş üç qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin.Cavabdehndən 32008,30 (otuz iki min səkkiz manat otuz qəpik) manat borc, borcun vaxtında ödənilməməsinə görə 1664,43 (min altı yüz altmış dörd manat qırx üç qəpik) manat cərimə olmaqla ümumilikdə 33.672,73 (otuz üç min altı yüz yetmiş iki manat yetmiş üç qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3091/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3091/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver