Məhkəmə qərarları › İş №e-2-2(113)-3091/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3091/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3091/2025 19.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi, prosessual maraq, qanuni faiz və dəbbə pulunun nisbəti, dəbbə pulunun azaldılması) X1 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC (VÖEN: **********) ilə bağlanmış 05 avqust 2024-cü il tarixli, İKRA 2024/129 saylı yük daşınması müqaviləsi və onun tərkib hissəsi olan 03 saylı, 20 sentyabr 2024-cü il tarixli Əlavəsi ilə təsdiq olunmuş öhdəliklər nəticəsində yaranmış 9350 manat əsas borcun; özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, onu qaytarmaqdan boyun qaçırmaq, onun ödənilməsini digər şəkildə gecikdirmək və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmək hallarını və bank uçot faiz dərəcəsi - 7,25 faizini nəzərə alınmaqla, cəmi 677 manat pulun; gecikmələrə görə hər gün üçün müqavilə məbləğinin 0.2 faiz miqdarında olmaqla, 60 gün üçün 1122 manat cərimənin; vəkilin göstərdiyi hüquqi yardıma görə vəkil qurumuna ödənilmiş 470 manat pulun; məhkəmənin hesabına ödənilmiş 125 manat dövlət rüsumunun, yekun olaraq, cəmi 11.744 manat pulun Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İddiaçı MMC kimi 30 yanvar 2019-cu il tarixdə ********** saylı dövlət reyestr qeydiyyatına (VÖEN) alınmaqla fəaliyyət göstərir. İddiaçı MMC-nin əsas fəaliyyəti beynəlxalq yük daşınmalarını həyata keçirməkdir. Cavabdeh MMC ilə 15 avqust 2024-cü il tarixdə xx.xx.2026-cı il tarixədək dövrü əhatə edən İKRA 2024/129 saylı yük daşınması müqaviləsi bağlanmışdır. 15 avqust 2024-cü il tarixli müqaviləyə sifariş olunan yükə uyğun olaraq və müraciət edən tərəfin riskli və problemli hərəkətlərinin baş verə biləcəyi ehtimalını nəzərə alaraq xx.xx.2024-cü il tarixdə qarşılıqlı razılaşma yolu ilə müqavilənin tərkib hissəsi olan 03 saylı Əlavə tərtib olunaraq rəsmiləşdirilmiş və hər iki tərəfin direktorları tərəfindən imzalanaraq möhürlənmişdir. xx.xx.2024-cü il tarixli 03 saylı Əlavəyə uyğun olaraq şərtlər sifariş olunan yükə uyğun olaraq konkretləşdirilmiş və daşınma haqqının vaxtında ödənilməməsinə görə cərimə məbləği müəyyən olunmuşdur. Müqaviləyə uyğun olaraq, cavabdeh ilə yük daşınma işlərini həyata keçirmişlər. Göstərdikləri işlərdən cavabdeh razı qalmış, başqa sözlə üzərlərinə düşən öhdəlikləri tam yerinə yetirmişlər. 2024-cü ildə cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, borclar yaranmışdır. Belə ki, Çin-Şanxay şəhərindən xx.xx.2024-cü il tarixdə EMCU9814324 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə yükləmələr həyata keçirilmiş, yük xx.xx.2024-cü il tarixdə Bakı şəhərində tam və qüsursuz şəkildə təhvil verilmiş, bu barədə xx.xx.2024-cü il tarixdə hər iki tərəfin rəsmiləri tərəfindən 03 saylı akt tərtib edilmiş, hər iki tərəfin səlahiyyətli şəxsləri aktı imza edərək təsdiq etmişlər. Daşınma haqqı 9350 manat (5500 USD) təşkil etmiş və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə MT2412 seriyalı, 10126299 saylı elektron qaimə qarşı tərəfə rəsmi olaraq çatdırılmışdır. Cavabdeh tərəfindən hər hansı irad, etiraz olmamışdır. Qarşı tərəfə daşınma haqqının ödənilməsi üçün 1 ay vaxt verilmişdir. Yuxarıda göstərilən yük daşınma üzrə yekun olaraq 9350 manat (5500 USD) borc yaranmış, həmin borcdan heç bir ödəniş aparılmamış, cavabdeh tərəf müxtəlif bəhanələrlə ödənilməli olan borcunu ödəməkdən yayınmış və nəticədə cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Yük yüklənməmişdən əvvəl müqavilənin tərkib hissəsi olan əlavələr ilə tərəf sifarişi rəsmi təqdim etmiş, bütün şərtlər iddiaçı tərəfindən qəbul olunmuş, eləcə də müəyyən edilmiş daşınma haqqını ödəməyi və onun qaydasını bir daha qəbuletmiş, öz öhdəliliklərini imzaları və möhürü ilə təsdiq etmişlər. Yaranmış borc, münasibətlərə başladıqları ilk vaxtdan, 2024-cü ilin avqust ayından yaranmışdır. İlkin danışıqlara və müqavilənin tərkib hissəsinə zidd mövqe nümayiş etdirmək, cavabdehin müqavilə öhdəliklərinini ilk zamandan pozması halları bu nəticəyə gəlməyə əsas verir ki, problemli tərəf öz hərəkətlərini qeyri-səmimi niyyətə hesablamış və belə münasibətlərin davam etməsi əlavə çətinliklərə aparır. Cavabdehin məhkəməyə qədər də olan hərəkətləri bu nəticəni bir daha təsdiq edir. Dəfələrlə danışıqlar olsa da, vaxt verilsə də, xahiş edilsə də edilən cəhdlərin nəticəsi olmamış, yekunda cavabdeh təşkilatın direktoru bildirmişdir ki, ödəniş etmək fikri yoxdur və yekunda isə telefon zənglərinə, yazılara cavab verməkdən boyun qaçırmış, yayınmışlar. Cavabdeh tərəfə sonuncu xəbərdarlıq (pretenziya) məktubu və bildirişləri xx.xx.2025-ci il tarixdə online karguzarlıq qaydasında rəsmi olaraq təqdim olunmuş, kifayət qədər vaxt verilmiş, lakin bütün bunlar nəticəsiz qalmışdır. Nəticədə məhkəmə yolu ilə borcun ödənilməsi tələbi irəli sürülmüşdür. X3 Heyətinin xx.xx.2025-ci il tarixli Qərarı ilə bank uçot dərəcəsi 7,25 faiz müəyyən olunumşdur. 9350 manat əsas borcun 7,25 faizi 677, manat təşkil edir. Həmin faiz borc cavabdehdən tutulmalıdır. Müqavilənin tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli, 03 saylı Əlavəyə uyğun olaraq gecikmələrə görə hər gün üçün müqavilə məbləğinin 0,2 faizi miqdarında cərimə tətbiq olunmasını rəhbər tutaraq gecikmələrə görə hər gün üçün 18.7 manat olmaqla (xx.xx.2025--xx.xx.2025=60 gün x 18.7 manat=1122 manat), cəmi 1.122 manat cərimə yaranmışdır. Həmin cərimə də cavabdeh təşkilatdan iddiaçının xeyrinə tutulmalıdır. Hüquqi yardım göstərilməsinə dair müqaviləyə uyğun olaraq məhkəməyə qədər sənədlərin hazırlanması, məsələnin sülh yolu ilə həli üçün müvafiq hərəkətlərin aparılması və məhkəmə instansiyalarında iştirak etmək, bütün hüquqi üsul və vasitələrdən istifadə olunması məqsədi ilə vəkilin hesabına 470 manat pul ödənilmiş və həmin məbləğ də cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə 125 manat dövlət rüsumu məhkəmənin hesabına ödənilmişdir. İddiaçı tərəfindən ödənilən rüsum da cavabdehin hesabından tutularaq iddiaçıya ödənilməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442, 445.7-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Yük daşınması müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş iddiaçı (daşıyıcı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış 15 avqust 2024-cü il tarixli 2024/129 nömrəli Yük daşıma müqaviləsinin şərtlərindən görünür ki, "Daşıyıcı" yükü, hər yükə görə tərtib olunmuş Beynəlxalq əmtəə yük qaiməsində göstərilən şəhərdən (ölkədən) digər şəhərə (ölkəyə) daşımağı, “Yük göndərən” isə "Daşıyıcı"ya yükləmədən sonra Əlavədə göstərilən müddət ərzində daşmma haqqını tam ödəməyi öhdəsinə götürür. 8.1 "Daşıyıcı’nın aşağıdakı hüquqları vardır: -“Yük göndərən” dən daşıma haqqını tələb etmək, eləcə də daşıma haqqım vaxtında ala bilmədikdə itirdiyi və çəkdiyi xərcləri tələb edib almaq. 9.2. “Yük göndərən”in aşağıdakı vəzifələri vardır: -Yükün daşınmasına görə “Daşıyıcıya bu müqavilə ilə müəyyən edilmiş daşınma haqqım vaxtında ödəmək, gecikmələr olduqda itirilmiş və çəkilmiş xərcləri ödəmək. 10.1. “Yük göndərən” yükün daşınmaya görə hər yük üçün, tərtib olunmuş və imzalanmış qaimədə və Əlavədə göstərilən yüklənmə və boşaltma məntəqələrinə uyğun olaraq, hər nəqliyyat vasitəsinin yükünə görə haqq ödəyir. 10.2. Daşınma haqqı razılaşdırılmış müddətdə, Əlavədə göstərilmiş tarixdə ödənilmədikdə, gecikmələrə görə hər ay üçün 0,1 faiz miqdarında əlavə haqq (inflyasiya, devalvasiya nəticəsində yaranmış fərq bura aid deyil) ödəniləcəkdir. 11.1. Bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. İş materiallarına əlavə edilmiş hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 03 nömrəli, xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, Cavabdeh MMC-nin sifarişi əsasında İddiaçı MMC tərəfindən həyata keçirilən aşağıda göstərilən daşıma xidməti uğurla tamamlanmışdır. ÇİN- SHANGAİ/AZƏRBAYCAN-BAKİ- xx.xx.2024-xx.xx.2024 5500USD məbləğində xidmət təhvil alınmışdır.

10. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, Cavabdeh MMCyə Daşıma xidməti üçün xx.xx.2024-cü il tarixli MT2412 10126299 seriya və nömrəli elektron qaimə ilə ödənilməsi üçün 9350 manat dəyərində faktura təqdim edilmişdir.

11. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 15 avqust 2024-cü il tarixli 2024/129 nömrəli Yük daşıma xidməti müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı xidmət haqqı müqabilində cavabdehin sərəncamında olan yükləri sonuncudan və ya sonuncunun təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü daşıyıcı tipli nəqliyyatı vasitəsi ilə daşımağı və cavabdehin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı, cavabdeh isə bunun müqabilində iddiaçıya xidmət haqqını müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan 03 saylı əlavəyə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən adıçəkilən müqavilə üzrə 9350 manat dəyərində yük daşınması xidməti göstərilmiş, qeyd edilən xidmətlər hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 03 nömrəli, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktları ilə təhvil alınmış, xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2412 10126299 seriya və nömrəli elektron qaimə göndərilmişdir.

12. İddiaçı 15 avqust 2024-cü il tarixli 2024/129 nömrəli Yük daşıma müqaviləsi üzrə 9350 manat məbləğində pulun tutulmasını tələb edir.

13. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.

14. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

16. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

17. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

18. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

20. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir. Hazırkı müqavilə də mahiyyəti etibarilə yük daşınması müqaviləsidir.

21. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir. İddiaçı isə qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.

22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

26. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (yük göndərən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

27. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 15 avqust 2024-cü il tarixli 2024/129 nömrəli Yük daşıma müqaviləsi üzrə 9350 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Yük daşınması müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

28. İddia ərizəsində iddiaçı həmçinin 1680 manat dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

29. 15 avqust 2024-cü il tarixli 2024/129 nömrəli müqavilənin 10.2-ci bəndinə əsasən, Sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 2%-i (bir) miqdarında dəbbə pulu hesablanacaq.

30. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

31. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

32. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir. ("xxxx" QSC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

33. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, iddiaçı da 15 avqust 2024-cü il tarixli 2024/129 nömrəli yükdaşıma xidməti müqaviləsi üzrə elektron qaimə xx.xx.2024-cü il tarixdə göndərildiyi və ödəniş edilmədiyi halda, uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

34. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 467.50 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

35. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 467.50 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Daşıma müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı

36. İddiaçı özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, onu qaytarmaqdan boyun qaçırmaq, onun ödənilməsini digər şəkildə gecikdirmək və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmək hallarını və bank uçot faiz dərəcəsi - 7,25 faizini nəzərə alınmaqla, cəmi 677 manat pulun da cavabdehdən tutulmasını tələb edir.

37. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (Mülki Məcəllənin hazırkı redaksiyası).

38. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

39. Lakin əvvəla qeyd edilməlidir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün kreditorun digər əsaslardan çıxış edərək pul məbləğini tələb edə bilməsi istisna olunur. Hazırda iddiaçı 15 avqust 2024-cü il tarixli 2024/129 nömrəli yükdaşıma xidməti müqaviləsinin 10.2-ci bəndlərindən çıxış edərək müqavilə ilə nəzərdə tutulmuş pul məbləğini tələb edir.

40. Digər tərəfdən, Mülki Məcəllənin zərər və dəbbə pulunun nisbətindən bəhs edən 466-cı maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

41. Hazırkı işin hallarında görünür ki, Mülki Məcəllənin 445.7-ci maddəsi ilə tələb edilən məbləğ dəbbə pulu ilə tam əhatə olunur. Bu halda isə Mülki Məcəllənin 466-cı maddəsinə əsasən də 677 manat məbləğində pulun tutulması mümkün deyildir.

42. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 445.7ci maddəsi tətbiq edilməklə 677 manat pul məbləğinin tutulması hissəsində iddia rədd edilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı İddiaçı vəkilin göstərdiyi yardıma görə ödənilmiş 470 manat xərcin cavabdehdən tutulara iddiaçiya ödənilməsini tələb edir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə müəyyən edir ki, iddiaçı ilə Vəkil arasında hüquqi yardımın göstərilməsi haqqında 54 nömrəli müqavilə imzalanmış, Kapital Bank xx.xx.2024-cü il tarixli, 000İPX1243625BE5 nömrəli, xx.xx.2025-ci il tarixli, 000İPX125034D5E2 nömrəli, xx.xx.2025-ci il tarixli, 000İPX125063511B nömrəli və xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı ilə 470 manat məbləğində pul hüquqi yardım haqqı kimi “Mərkəzi” vəkil bürosunun bank hesabına köçürülmüşdür. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra ediməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması), təyin olunmuş məhkəmə iclaslarının sayını (4) və vəkilin bütün iclaslarda iştirak etdiyini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan 470 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 470 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

43. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

44. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, mədaxil qəbzi ilə 125 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

45. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini, ödənilməli dövlət rüsumunun məbləğini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC (VÖEN: **********) ilə bağlanmış 05 avqust 2024-cü il tarixli, İKRA 2024/129 saylı yük daşınması müqaviləsi və onun tərkib hissəsi olan 03 saylı, 20 sentyabr 2024-cü il tarixli Əlavəsi ilə təsdiq olunmuş öhdəliklər nəticəsində yaranmış 9350 manat əsas borc, 467.50 manat cərimə borcu, 470.0 manat vəkil xərci ümumilikdə cəmi 10287,50 manat məbləğində pul və 125 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar