Məhkəmə qərarları › İş №e-2-2(113)-3096/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3096/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3096/2025 30.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, cərimə, illik beş faiz) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən onun xeyrinə 5794,98 manat əsas borc, 4612,82 manat dəbbə pulu, illik beş faizin 313,84 manat, 40242,72 manat əsas borc, 23342 manat dəbbə pulu, illik beş faizin 1613 manat, hüquqi yardımın göstərilməsinə görə 2000 manat, ödənilmiş dövlət rüsumu 324 manat, ümumilikdə 78243 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı (VÖEN: **********) və Cavabdeh MMC (VÖEN: **********) arasında alqı satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı Cavabdeh MMC-yə 23 dekabr 2023-cü il tarixdə 5794,98 manat dəyərində, 05 aprel 2024-cü il tarixdə 40242,72 manat dəyərində tikinti inşaat materialları satmış, bununla bağlı 23 dekabr 2023-cü il tarixli və 05 aprel 2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu və təhvil-təslim aktı tərtib edilmiş və imzalanmışdır. Lakin, yuxarıda göstərilən vəsaitlər bugünə qədər Cavabdeh MMC tərəfindən ödənilməmişdir. Dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciətlər olsada danışıqlar müsbət nəticə verməmişdir. Bu səbəbdən borcun ödənilməsi üçün pretenziya qaydasına riayət etdikdən sonra Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət ediləcəkdir. Hal hazırda 23 dekabr 2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu və təhvil-təslim aktına əsasən əsas borc məbləği 5794,98 manat, 05 aprel 2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu və təhvil-təslim aktına əsasən 40242,72 manat təşkil edir. 05 yanvar 2023-cü il tarixli alqı satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Alıcı malın satış dəyərini vaxtında ödəməzsə, satıcı gecikdirilmiş məbləğin hər günü üçün 0,2%dəbbə pulunu Alıcıdan tələb etmək haqqı vardır. Müqavilənin 8.2-ci bəndinə əsasən mübahisələr məhkəmələrdə həll olunan zaman vəkil xərcləri və digər bu kimi xərclər təqsirkar tərəfin hesabına ödənilməlidir. Hər gecikdirilmiş gün üçün hesablanmış dəbbə pulu aşağıdakı qaydada hesablanacaq: 5794,98 manat vəsait 23 dekabr 2023-cü il tarixdə ödənilməli idi. Həmin tarixdən 27 yanvar 2025-ci il tarixədək 1 il (365 gün), 1 ay (30 gün), 3 gün hesabı ilə 365 gün+ 30 gün + 3 gün = 398 gün. 5794,98 x 0,2:100= 11,59 (bir gün üçün gecikdirilmiş dəbbə pulunun məbləği) 11,59 x 398= 4612,82 manat Beləliklə, 5794,98 manat vəsaitin Hər gecikdirilmiş gün üçün hesablanmış dəbbə pulu 4612,82 manat təşkil edir. 40242,72 manat borc 05 aprel 2024cü il tarixdə ödənilməli idi. Həmin tarixdən 27 yanvar 2025-ci il tarixədək 9 ay (270 gün) 20 gün, 270 gün+ 20 gün= 290 gün gün hesabı ilə 290 gün. 40242,72 x 0,2: 100= 80,49 (bir gün üçün gecikdirilmiş dəbbə pulunun məbləği) 80,49x 290=23342 manat Beləliklə, 40242,72 manat vəsaitin hər gecikdirilmiş gün üçün hesablanmış dəbbə pulunun cəmi 23342 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 5794,98 manat vəsait 23 dekabr 2023cü il tarixdə 27 yanvar 2025-ci il tarixədək 01 il 01 ay müddətində ödənilməmişdir. illik 5% 5794,98x5:100=289,7, 289,7:12=24,14(aylıq) 289,7+24,14=313,84. Gecikdirilmiş 5794,98 manat məbləğə illik beş faizin 313,84 manat təşkil edir. 40242,72 manat borc 05 aprel 2024-cü il tarixdən 27 yanvar 2025-ci il tarixədək 9 ay 18 gün müddətində ödənilməmişdir. 40242,72x5:100=2012, 2012:12=168, 168x9=1512, 168:30= 5.6 (günlük) 5.6x18=101, 1512+101=1613 manat. Gecikdirilmiş 40242,72 manat məbləğə illik beş faiz 1613 manat təşkil edir. Bununla yanaşı hazırki kommersiya mübahisəsinin məhkəmə qaydasında həlli ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və 2000 manat xidmət haqqı ödənilmişdir. İddia məbləği 5794,98 manat əsas borc, dəbbə pulu 4612,82 manat, illik beş faiz 313,84 manat, 40242,72 manat əsas borc, dəbbə pulu 23342 manat, illik beş faizin 1613 manat, hüquqi yardımın göstərilməsinə görə 2000 manat, cəmi 77919 manat təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427, 445.7, 462.1, 567, 598.1, 598.2, 600.1, 600.4-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir, 1 müqavilə əsasında 2 alğı-satqı həyata keçirilmiş və bunun əsasında e-qaimə, təhvil-təslim aktı tərtib edilərək tərəfə göndərilmiş, lakin heç bir ödəniş həyata keçirilməmişdir. Sonda məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı (VÖEN: **********) və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli QH 50/22 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən Satıcı bu Müqavilə üzrə göndərilən elektron qaimədə göstərilmiş mal-materialları (bundan sonra müqavilədə Mallar kimi qeyd ediləcəkdir) Alıcıya satmağı, Alıcı isə həmin malları qəbul edib, almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Malların növləri, çeşidi, kəmiyyəti və qiyməti hər bir partiya üzrə ayrıca tərtib ediləcək bu Müqavilə üzrə göndərilən elektron qaiməyə uyğun olaraq müəyyən ediləcəkdir. Müqavilənin 2.1-ci bəndinə əsasən Malların qiymətləri hər çatdırma partiyasına uyğun bu Müqavilə üzrə göndərilən elektron qaiməyə uyğun olaraq müəyyən edilir. Satıcı tərəfindən bu Müqavilə üzrə elektron qaimə Alıcıya göndərildiyi tarix malların təhvil verildiyi tarix hesab edilir. Bu Müqavilə üzrə göndərilən elektron qaimə/qaimələr Alıcı tərəfindən qanunvericilikdə müəyyən edilmiş müddət ərzində təsdiq edilir, müvafiq qaimələr təsdiq edilmədiyi təqdirdə Satıcı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar avtomatik təsdiq edilmiş hesab olunur. Müqavilənin 2.3-cü bəndinə əsasən Alıcı və Satıcı arasında ödəniş bu Müqavilə üzrə göndərilən elektron qaimənin təsdiq edildiyi tarixdən etibarən 5 iş günü ərzində nağd və ya Tərəflərin razılaşmasına əsasən bank ödənişi yolu ilə həyata keçirilməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Alıcı malın satış dəyərini vaxtında ödəməzsə, Satıcı gecikdirilmiş məbləğin hər günü üçün 0,2% (cərimə) dəbbə pulunu Alıcıdan tələb etmək haqqı vardır. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə xx.xx.2023-cü il tarixdən etibarən 1 il müddətinə bağlanılır. EBDV seriyalı, 799432 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5794,98 manat, MT2404 seriyalı, 00159465 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturaya əsasən 40242,72 manat məbləğdə mallar İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli MB/425-24 nömrəli hesab-fakturaya əsasən Cavabdeh MMCnin İddiaçı ƏDV daxil olmaqla 40242,72 manat borcu vardır. xx.xx.2023-cü il tarixli QH 50/22 nömrəli alqı-satqı müqaviləsinə tərtib edilmiş 02 may 2024-cü il tarixli 14 saylı X1 görünür ki, tərəflər arasında müxtəlif adlı, markalı (çeşidi, növü) və ölçülü malın qiymətinin dəyəri ümumilikdə 40242,72 manat razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixli MB/402-24 nömrəli hesab-fakturaya əsasən Cavabdeh MMCnin İddiaçı ƏDV daxil olmaqla 5794,98 manat borcu vardır. xx.xx.2023-cü il tarixli QH 50/22 nömrəli alqı-satqı müqaviləsinə tərtib edilmiş xx.xx.2023-cü il tarixli 13 saylı X1 görünür ki, tərəflər arasında müxtəlif adlı, markalı (çeşidi, növü) və ölçülü malın qiymətinin dəyəri ümumilikdə 5794,98 manat razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixli QH 50/22 nömrəli alqı-satqı müqaviləsinin 13 saylı X2 əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 5794,98 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli QH 50/22 nömrəli alqı-satqı müqaviləsinin 14 saylı X2 əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 40242,72 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. İddiaçı Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək xx.xx.2023-cü il tarixli 07/2021 nömrəli alqı-satqı müqaviləsi üzrə 23 dekabr 2023cü il tarixli qiymətlərin razılaşdırılması protokolu və təhvil-təslim aktına əsasən əsas borc məbləği 5794,98 manat, 4612,82 dəbbə pulu, 05 aprel 2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu və təhvil-təslim aktına əsasən 40242,72 manat, 23342 manat dəbbə pulu 5 gün müddətində ödəməyi, əks halda pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 324 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərindən 40242,72 manatı və 5794,98 manatı müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, qiymətlərin razılaşması protokolu, təhvil-təslim aktları), həmçinin cavabdeh tərəfindən borclu olduğu məbləğdən qismən ödənişlərin edilməsi ilə öz təsdiqini tapmış, yəni cavabdeh iddiaçı tərəfindən malların ona təhvil verilməsi ilə razılaşmış, qalan məbləğin ödənilməsi ilə bağlı və ya borcun olmamasını təsdiqedən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin iddia tələbinə etiraz edilməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun bu tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini ödəmədiyini, belə olan halda isə iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 40242,72 manat və 5794,98 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən 5794,98 manat əsas borca hesablanmış 4612,82 manat, 40242,72 manat əsas borca hesablanmış 23342 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 5794,98 manat əsas borc üçün 290 manat və 40242,72 manat əsas borc üçün 2012 manat müəyyən olunmalıdır. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə 5794,98 manat əsas borca illik 5% ilə hesablanmış 313,84 manatın və 40242,72 manat əsas borca illik 5% ilə hesablanmış 1613 manatın da cavabdehdən tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, müqavilə şərtinə əsasən elektron qaimə təsdiq edildiyi gündən 5 iş günü ərzində cavabdeh ödəniş etməlidir və cavabdehin ödənişi gecikdirməsi həmin müddət başa çatdıqdan sonra başlayır. Lakin iddiaçı illik 5% ilə hesablanmış vəsaiti elektron qaimələrin göndərildiyi tarixdən hesablamış və elektron qaimələrin hansı tarixdə təsdiq edilməsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyi üçün gecikdirilmiş müddətin hesablanması mümkün olmamışdır. Odur ki, iddia tələbi, 5794,98 manat əsas borca illik 5% ilə hesablanmış 313,84 manat və 40242,72 manat əsas borca illik 5% ilə hesablanmış 1613 manat tutulması hissəsində təmin edilməməlidir. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 2000 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 1000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 324 manat dövlət rüsumunun 235,02 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5794,98 manat əsas borc, 290 manat dəbbə pulu, 40242,72 manat əsas borc, 2012 manat dəbbə pulu olmaqla, ümumilikdə 48339 (qırx səkkiz min üç yüz otuz doqquz) manat 70 (yetmiş) qəpik pul vəsaiti, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 1000 (min) manat və ödənilmiş dövlət rüsumunun 235 (iki yüz otuz beş) manat 2 (iki) qəpiyin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar