Məhkəmə qərarları › İş №e-2-2(113)-3097/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3097/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3097/2021 22.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilə üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 12508 (on iki min beş yüz səkkiz) manat dəyərində borcun, 1250.80 (bir min iki yüz əlli manat səksən qəpik) manat cərimənin, 313 (üç yüz on üç) manat dəyərində əldən çıxmış faydanın, 180 (yüz səksən) manat dəyərində vəkil xərcinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 14281.8 (on dörd min iki yüz səksən bir manat 80 qəpik) manat pul məbləği İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında məhsulların alınması və xidmətlərin göstərilməsi üçün 282 saylı 17.12.2020-ci il tarixli müqavilə rəsmiləşdirilmişdir. Müqavilə şərtlərinə əsasən "xxxx" MMC İddiaçı MMC tərəfindən təhvil verilən malları təhvil alıb pulunu ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı maddəsinin müvafiq bəndlərinə əsasən ödəmələr müqavilədə müəyyənləşdirilmiş qaydada və məbləğdə (hesab-fakturalar, qaimələr, aktlar, digər sənədlər əsasında) ən qısa müddət ərzində lakin 10 gündən gec olmamaq şərti ilə aparılmalı idi. Müqavilə qüvvəyə mindiyi tarixdən sonra İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 26.12.2020-ci il tarixində imzalı təhvil-təslim aktına əsasən 10600 (on min altı yüz) manat dəyərində (ƏDV xaric) mal verilmişdir. "xxxx" MMC-nin müqavilə rəsmiləşdiyi gündən bu günə qədər İddiaçı MMC-yə ƏDV daxil 12508 (on iki min beş yüz səkkiz) manat dəyərində borcu vardır. Sözügedən müqavilənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən "xxxx" MMC İddiaçı MMC-yə 1250.80 (bir min iki yüz əlli manat 80 qəpik) manat cərimə ödəməlidir. İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alaraq anlamaq olar ki, "xxxx" MMC-nin ödəməli olduğu 12508 manat pulu İddiaçı MMC dövr etdirmiş olsaydı illik ən azı ümumi məbləğin 5-10 faizi miqdarında fayda əldə etmiş olardı. Belə olan halda 12508 manat vəsaiti İddiaçı MMC hər hansısa bankda illik 5 faiz olmaqla əmanət olaraq yerləşdirilsəydi, keçən 6 ay ərzində 313 (üç yüz on üç) manat fayda qazanmış olardı. Borclu borcunu ödəmədiyinə görə 313 manat vəsait İddiaçı MMC üçün əldən çıxmış faydadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Satıcı İddiaçı MMC ilə alıcı "xxxx" MMC arasında 282 saylı 17.12.2020-ci il tarixli müqavilə bağlanmışdır. Tərəflər bu müqavilədə təsdiq edirlər ki, Alıcı məhsulların alınması və xidmətlərin göstərilməsi üçün Satıcının təklif etdiyi şərtlər ilə razılaşmışlar. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Müqavilədə hər hansı dəyişiklik və əlavələr yalnız tərəflərin yazılı razılığı ilə edilə bilər. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən Satıcı məhsulların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, məhsulları Alıcıya bu müqavilədə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən Alıcı müqavilə üzrə göndərilmiş məhsulların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların Satıcı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən Alıcı müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və Satıcıya vaxtında çatdırılmasına təminat verir. Həmin Müqavilənin 1.6-cı bəndinə əsasən Müqavilənin icrası tərəflər arasında razılaşdırılmış müddət ərzində və Alıcı tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda Satıcının müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir.. Həmin Müqavilənin 1.7-ci bəndinə əsasən Bu müqavilə 2 (iki) il müddətində bağlanır və imzalandığı gündən qüvvəyə minir. Müqavilə müddətinin sonuna qədər müqavilədə dəyişikliklər olmadığı təqdirdə müqavilənin müddəti 1 (bir) il müddətinə uzadılır. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən Məhsullar müqavilə şərtlərinə uyğun olaraq, Alıcının səlahiyyətli nümayəndəsinin yazılı və ya şifahi sifarişi əsasında, Alıcının Bakı şəhərində yerləşən filialları üzrə 3 (üç) iş günü , rayon filiallar! üzrə İsə 7 (yeddi) İş günü ərzində Alıcının səlahiyyətli nümayəndəsinə təhvil verilir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən Məhsul və xidmətlərin təslim edilməsi günü kimi təhvil-təslim aktı və ya qaimə- faktura, işlərin və digər xidmətlərin göstərilməsi halında isə xidmət aktının tarixi qəbul edilir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr Satıcının təqdim etdiyi sənədlər (qaimə-fakturalar, aktlar, digər sənədlər) əsasında, ən qısa müddətdə, lakin, bu müqavilənin 7.1-ci maddəsində qeyd olunmuş müddətdən gec olmamaq şərti ilə aparılır Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən Alıcı, Satıcıya məhsulların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsi üçün avans ödəyə bilər. Həmin Müqavilənin 6.4-ci bəndinə əsasən Məhsul və xidmətlərin dəyəri xarici valyuta ilə göstərildiyi halda, məhsul və xidmətlərin dəyəri ödəmə gününə Mərkəzi Bankın təqdim etdiyi məzənnə əsasında Azərbaycan manatı ilə ödənilməlidir. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən Məhsul və xidmətlərin dəyəri üzrə hesablaşma, onların təhvil-təslim edilməsindən sonra, 10 gün ərzində Alıcı tərəfindən Azərbaycan manatı ilə Satıcının bank hesabına köçürülmə yolu ilə həyata keçirilir. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən Bu müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda, Alıcı Satıcıya 1 (bir) həftəlik güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0,1% həcmində, lakin gecikdirilmiş ödəmənin ümumi dəyərinin 10%-dən artıq olmamaq şərti ilə cərimə ödəyəcəkdir. Həmin Müqavilənin 10.1-ci bəndinə əsasən Müqavilə üzrə sənədləşdirmə (o cümİədən xəbərdarlıq, bildiriş və s.) yazılı şəkildə aparılır. Qəbul edən tərəf müvafiq sənədlərin (məlumatların) alınmasını təsdiqləməlidir. Göndərilən sənədlər (məlumatlar) digər tərəfə çatdırıldığı tarixdən qüvvəyə minir. İş materiallarına əlavə edilmiş 26.12.2020-ci il tarixli 30935 nömrəli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ümumi dəyəri (ƏDV-siz) 10600 manat olan 1000 ədəd Alçipan təqdim edilmiş, həmin akt hər iki tərəfin imza və cavabdehin möhürü ilə təsdiq edilmişdir. İş materillarına əlavə 11.01.2021-ci il tarixli 140 nömrəli Hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ümumi dəyəri (ƏDV siz) 10600 manat 1000 ədəd Alçipannın satılmasına görə 1908 manat (ƏDV) hesablandıqdan sonra satışın ümumi dəyəri 12508 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Satıcı İddiaçı MMC ilə alıcı "xxxx" MMC arasında 282 saylı 17.12.2020-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə edilmiş əlavələr üzrə müqavilənin dəyəri, görüləcək işlərin həcmi, satılacaq avadanlıqların miqdarı və dəyərləri müəyyən edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə malların təhvil verilməsi halı işin mübahisəsiz halıdır belə ki, tərəflər arasında malların təhvil verilməsinə dair müvafiq akt tərtib və təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələr yaranmışdır. Satıcı müqavilələr üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Hazırda iddiaçı cavabehin müqavilə üzrə yaranmış 12508 manat əsas borcunun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi 282 saylı 17.12.2020-ci il tarixli müqavilə üzrə cavabdeh "xxxx" MMC-dən əsas qalıq borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin 1250.80 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 1250,80 manat cərimənin qanuni və ədalətli hesab edir. Bundan başqa məhkəmə iddia tələbinin 313 manat əldən çıxmış faydanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi iddiaçı tərəfindən iddia tələbinin qeyd olunan hissəsi üzrə gətirilmiş əsaslar real həqiqəti əks etdirir və hal-hazırda cavabdeh tərəfindən alınmış malların dəyərinin əvəzini ödənilməməsi halı, iddiaçının satılmış mallar üzrə əldə etmək istədiyi gəlirin əhəmiyyətini azaldır. Bu səbəbdən də məhkəmə iddia ərizəsində qeyd olunan əsaslarla razılaşaraq cavabdehdən 313 manat əldən çıxmış faydaya görə ödənişin alınmasını qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və vəkilə ödənilən məbləğin əvəzi olaraq 180 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 12508 (on iki min beş yüz səkkiz) manat dəyərində borcun, 1250.80 (bir min iki yüz əlli manat 80 qəpik) manat cərimənin, 313 (üç yüz on üç) manat dəyərində əldən çıxmış faydanın, 180 (yüz səksən) manat dəyərində vəkil xərcinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 14281.8 (on dörd min iki yüz səksən bir manat 80 qəpik) manat pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 12508 (on iki min beş yüz səkkiz) manat dəyərində borc, 1250.80 (bir min iki yüz əlli manat səksən qəpik) manat cərimə, 313 (üç yüz on üç) manat dəyərində əldən çıxmış fayda, 180 (yüz səksən) manat dəyərində vəkil xərci və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 14281.8 (on dörd min iki yüz səksən bir manat səksən qəpik) manat pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar