Məhkəmə qərarları › İş №e-2-2(113)-3098/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3098/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3098/2025 27.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi, istehlakçının təqsiri olmadan uçot müvəqqəti pozulduqda, hesablaşma qaydası və dövrü) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının **********21 saylı abonent kodu üzrə hesablanmış 1708 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 05 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yaşayan iddiaçıya kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə müvəqqəti istifadə üçün icarə qaydasında Hacıqabul rayonu ərazisindəki Baş Şirvan kollektorunun cənubunda yerləşən X3 30 ha torpaq sahəsinin ayrılması, ayrılmış torpaq sahəsinin 1.5 ha sahəsində tikinti quraşdırma işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Qeyd edilən sərəncamın icrası olaraq, xx.xx.2015-ci il tarixli 01 nömrəli torpaq icarə müqaviləsi bağlanmış, ayrılmış torpağın plan ölçü sənədləri hazırlanmışdır. Torpaq sahəsinin bir hissəsində yardımçı sahələri olan tikinti işləri aparılmış, tikili sahəsinə elektrik enerjisinin təchiz edilməsi məqsədi ilə cavabdehlə müqavilə bağlanmışdır. 2.2. Fəaliyyət dövrü ərzində istifadə edilmiş elektrik enerjisinin dəyəri ön ödənişli sayğac olduğundan kart vasitəsi ilə yüklənməklə X2 edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə sayğac reaktivi dəstəkləmədiyi üçün yenisi ilə əvəz edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə cavabdehin X1 əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, abonentə quraşdırılmış sayğac keçən yükü qeyd etmir, sayğacın fazalar üzrə qeyd etmədiyi yük müəyyən edilmişdir. Sayğacın yenisi ilə əvəz edilməsi “X2 Qaydaları”nın tələblərinə əsasən qurularaq möhürlənmişdir. Baxış zamanı qeyd edilən sayğac xx.xx.2024-cü il tarixdə laboratoriya şəraitində yoxlanması üçün çıxarılmış, 055196 nömrəli akt tərtib edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə 055196 saylı akta əsasən qüsurlu sayğac yenisi ilə əvəz olunmuş, yoxlanılmış və möhürlənmiş, 281276 nömrəli akt tərtib edilmişdir. Akt əsasında sayğac quraşdırılmayan müddət ərzində istifadə edilməyən elektrik enerjisinin dəyəri olaraq qanunsuz 1708 manat dəymiş ziyan hesablanması barədə məlumat verilmişdır. Belə ki, ön ödənişli sağacın kart hesabının artırılması zamanı yüklənən məbləğin 50-70% hissəsinin borc məbləği kimi tutulması müşahidə olunmuşdur.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 560-cı və s. maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5-ci bəndlərinə, “X2 Qaydaları”nın 8.5, 8.7, 9.13.2-ci və s. bəndlərinə istinad edilmişdir.

4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə etiraz təqdim edərək iddianın rədd edillməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən Hacıqabul rayonu, Ağacanlı kəndində abonent İddiaçı məxsus obyektin (abunə kodu – **********1) uçot dəstinə baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın daxili sxemi qısa qapanma nəticəsində yanıb. Göstəricinin xüsusi cihaz vasitəsilə oxunması mümükün olmamışdır. Baxış zamanı xx.xx.2024-cü il tarixli R 055196 nömrəli akt tərtib edilmişdir. Pozuntu faktı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları” nın tələbinə uyğun olaraq, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən, (6064 kvts / 60 gün x 169 gün = 17081 kvts (0,10)) 1708,10 manat sərfiyyat vhesablanmışdır. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi, akt qanuni və əsalı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğlər cərimə deyil, iddiaçının ay üzrə X2yə görə yaranmış və ödənilməmiş borc məbləğidir.

5. Etirazın maddi hüquqi əsası kimi “X2 Qaydaları”nın 8.16-cı bəndinə istinad olunmuşdur.

II. Tərəflərin mövqeləri:

6. İddiaçı məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və eyni zamanda göstərdi ki, xx.xx.2024-cü il tarixdə sayğac cavabdehin əməkdaşlar tərəfindən götürülmüş, xx.xx.2024-cü il tarixdə yeni sayğac quraşdırılmışdır. Lakin sayğac 1 ay ərzində quraşdırılmalı olduğu halda, 5 ay sonra quraşdırılmışdır. Həmçinin ötən dövr üçün istinad edilən həcmdə elektrik enerjisinin istehlak olunması mümkün deyildir.

7. Cavabeh məhkəmənin iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Əsassız hesablanmış borcun silinməsi tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – Hacıqabul Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 05 nömrəli sərəncamına əsasən, ünvan 1 ünvanında yaşayan iddiaçıya kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə müvəqqəti istifadə üçün icarə qaydasında Hacıqabul rayonu ərazisindəki Baş Şirvan kollektorunun cənubunda yerləşən X4 30 ha torpaq sahəsi ayrılması qərara alınmış, 28 yanvar 2015-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən adıçəkilən torpaq sahəsi 30 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. – Cavabdehin əməkdaşları tərəfindən 03 iyul 2024-cü il tarixdə iddiaçının istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı iyun ayında oxunmayan sayğaclara baxış keçirilərkən abonentə quraşdırılmış “Lun 23” tipli 26291740 zavod nömrəli sayğacın keçən yükü qeyd etmədiyi, sayğacın gövdəsində qaralmış hiss izlərinin müşahidə olunduğu məlum olmuş, xx.xx.2024-cü il tarixli R 055196 nömrəli akt tərtib edilərək sayğac çıxarılmış, laboratoriya şəraitində yoxlanılması üçün götürülmüşdür. – “Azərbaycan Metrologiya İnstitutu” X5 DY Q/M 040/07 nömrəli xx.xx.2024-cü il tarixli protokoluna əsasən, xx.xx.2024-cü il tarixli 040 nömrəli akta əsasən növbədənkənar dövlət yoxlamasına gətirilmiş “Lun 23” tipli 26291740 zavod nömrəli sayğacın daxili sxeminin qısa qapanma nəticəsində yandığı müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli akt üzrə 6064 kVts / 60 gün * 169 gün = 17081 kVts (0,10) qaydasında hesablama aparılaraq sayğacın işləmədiyi və olmadığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 169 gün üçün 1708,1 manat məbləğində borc iddiaçının **********21 saylı abunə koduna daxil edilmişdir. – xx.xx.2024-cü il tarixli akt əsasında iddiaçının istifadəsinə yeni sayğac verilmişir.

12. İddiaçı borcun qanunsuz hesablandığına istinad edərək 1708 manat məbləğində borcun silinməsini tələb edir.

13. Cavabdeh iddiaya etiraz edərək sayğacın daxili sxeminin qısa qapanma nəticəsində yandığını, bu səbəbdən də istehlak edilən elektrik enerjisini qeydə almadığını bildirmiş, “X2 Qaydaları”na müvafiq olaraq 169 gün üçün hesablama aparıldığını qeyd etmişdir.

14. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. Əvvəla göstərilməlidir ki, sayğacın elektrik enerjisini qeydə almadığı, qısaqapanma nəticəsində qüsurlu olması cavabdehin əməkdaşları tərəfindən 03 iyul 2024-cü il tarixdə baxış keçirilməsi, iddiaçının “Lun 23” tipli 26291740 zavod nömrəli sayğacının möhürlənərək növbədən kənar yoxlamaya göndərilməsi nəticəsində məlum olmuşdur.

16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

17. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

18. “Elektroenergetika haqqında” Qanunun (zamana görə qüvvədə olan 1998-ci il 3 aprel tarixli 459-İQ nömrəli Qanun) 11-ci maddəsinə əsasən, enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

19. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

20. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

21. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

23. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.

24. Qeyd edilməlidir ki, elektrik enerjisi təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən sahibkarlıq subyektinin elektrik şəbəkəsinə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxış) qeydə alınmalıdır.

25. İş materiallarından görünür ki, cavabdeh iddiaçıya məxsus abonent koduna xx.xx.2024-cü il tarixli R 055196 nömrəli akt əsasında 1708,1 manat sərfiyyat hesablamış, lakin yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlamalar vahid məlumat reyestrində qeydə alınmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan yoxlamanın nəticəsi də qanunsuzdur.

26. Lakin məhkəmə qeyd edir ki, silinməsi tələb edilən və məhkəmə tərəfindən əsassızlığı müəyyən edilən borc məbləğindən ödənişlər edilmişdir. Belə ki, abunə haqqında məlumata əsasən, iddiaçının hal-hazırda 895 manat borcu mövcuddur.

27. Belə olan halda, iddia tələbinin obyektini təşkil edən borc ödənildiyindən həmin hissədə məhkəmə tərəfindən silinmənin aparılması mümkün deyildir. Belə ki, iddiaçının tələbini borcun silinməsi təşkil edir və bu halda yalnız cavabdeh tərəfindən hesablanmış və iddiaçının tələbinin faktiki əsasına uyğun olan mövcud borcun silinməsi mümkündür.

28. Bununla yanaşı, göstərilməlidir ki, “X2 Qaydaları”nın 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

29. Hətta yoxlamanın qanuni keçirildiyi müəyyən olunsa belə, nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən bir ay üçün deyil, 169 gün üçün hesablama aparılmış, hesablama zamanı uçot bərpa edildikdən sonrakı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan 60 günlük dövrə əsaslanmaqla orta gündəlik elektrik enerjisi sərfi müəyyən olunaraq 169 günə vurulmuşdur. Halbuki elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. Belə olan halda isə 1 aylıq hesablaşma dövrü üçün həmin məbləğ 303,2 manat (6064 / 60 * 30 * 0,1) təşkil edir ki, bu da hazırkı iddianın 895 manat hissəsində təmin edilməsini istisna etmir.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, abonentin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdə cavabdeh tərəfindən aparılan yoxlamalar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından onun hüquqi nəticəsi yoxdur. Eyni zamanda abonentinin təqsiri olmadan uçotun müvəqqəti pozulması üçün hesablaşma “X2 Qaydaları”nın 8.16-cı bəndinə zidd aparılmışdır.

31. Bu səbəbdən də İddiaçı istifadəsində olan (**********11003) abonent koduna 03 iyul 2024-cü il tarixli RQ 055196 nömrəli akt əsasında hesablanmış 895 manat məbləğində borc "xxxx" ASC tərəfindən silinməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

32. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 37,08 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı istifadəsində olan (**********11003) abonent koduna 03 iyul 2024-cü il tarixli RQ 055196 nömrəli akt əsasında hesablanmış 895 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar