Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3101/2025 27.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi, pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, lizinq müqaviləsinin birtərəfli ləğvi, dəbbə pulunun azaldılması, dəymiş zərər) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi, pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 00/0214/LZ saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 4473,45 manat əsas borc, 4372,68 manat lizinq mükafatı, 1334,64 manat cərimə məbləği olmaqla cəmi 10180,77 manatın, 540 manat dəymiş zərərin əvəzinin və ödənilmiş 125 manat dövlət rüsumu, 820 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli 00/0214/LZ saylı daxili maliyyə liziniqi müqaviləsinə əsasən, iddiaçı ona məxsus olan “Mercedes-Benz E300 E” (plug-in, hibrid) minik markalı, **-YA-*** dövlət qeydiyyat nişanlı avtomaşını müqavilə ilə müəyyən edilmiş aylıq ödəniş müqabilində və müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Lakin lizinq alan müqavilə üzrə öhdəliklərini kobudcasına pozaraq, lizinq ödənişlərini icra etməmişdir. Bundan sonra cavabdeh xx.xx.2025-ci il tarixində sözügedən nəqliyyat vasitəsini lizinq verənə təhvil vermişdir. Lakin nəqliyyat vasitəsi təhvil verilən zaman cavabdehin iddiaçıya 4473,45 manat əsas borc, 4372,68 manat lizinq mükafatı, 1334,64 manat cərimə borcu olmaqla cəmi 10180,77 manat borcu olmuşdur. Dəfələrlə ona borcun ödənilməsi üçün müraciət edilsə də, o, müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdeh öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, tərəfə müqavilənin xitamına dair bildiriş və pretenziya məktubu elektron kabinet vasitəsi ilə göndərilmişdir. Həmçinin cavabdeh lizinq predmeti olan nəqliyyat vasitəsini idarə etdiyi müddətdə barəsində 19 dəfə inzibati protokol tərtib edilmiş, həmin inzibati protokollar üzrə cəmi 540 manat cərimə məbləğləri 28 fevral 2025-ci il tarixində iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda artıq mübahisə danışıqlar yolu ilə həll edilə bilmədiyi üçün məsələnin məhkəmə qaydasında həll edilməsi, iddia ərizəsinin hazırlanması, məhkəmədə iddianın müdafiə edilməsi üçün “Arbitrium” vəkil bürosunun üzvü Vəkil ilə də 820 manat dəyərində vəkil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 430.1, 747.1, 748-7.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində məhkəmə bildirişləri yerləşdirilməklə, yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana məhkəmə bildirişləri göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla, telefonoqramlar ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsinin xitamı, əsas borc, dəbbə pulu və dəymiş zərərin tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 00/0214/LZ nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd “Mercedes-Benz E300” (plug-in, hibrid) minik markalı, 2021-ci il buraxılışı, W1KZF5EB1MA985427 ban nömrəli nəqliyyat vasitəsini cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verməyi, cavabdeh isə müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə iddiaçıya şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə olunan ödəniş cədvəlinə əsasən lizinq müddətinin 36 ay olması, xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək aylıq 3777,18 manat olmaqla ümumilikdə 95000 manat əsas məbləğ, 40979 manat mükafat məbləğinin ödənilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən “Mercedes-Benz E300” (plug-in, hibrid) minik markalı, 2021-ci il buraxılışı, W1KZF5EB1MA985427 ban nömrəli nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2025-ci il tarixli hesabdan çıxarışa əsasən xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1300 manat, xx.xx.2024-cü il tarixdə 277 manat, xx.xx.2024-cü il tarixdə 350 mnat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 2150 manat, xx.xx.2024-cü il tarixdə 750 manat, xx.xx.2024-cü il tarixdə 900 manat olmaqla ümumilikdə 7720 manat ödəniş edilmiş, həmin məbləğdən 3633,49 manat əsas məbləğ, 4093,51 manat mükfat məbləğinə silinmişdir.
11. İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 00/0214/LZ saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 4473,45 manat əsas borc, 4372,68 manat lizinq mükafatı, 1334,64 manat cərimə məbləği olmaqla cəmi 10180,77 manatın və 540 manat dəymiş zərərin əvəzinin tutulmasını tələb edir.
12. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
13. Məhkəmə hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.
14. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
15. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
16. xx.xx.2024-cü il tarixli 00/0214/LZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 11.1.4-cü bəndinə əsasən, Lizinq verənin aşağıdakı hallarda maliyyə lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır: Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə.
17. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur.
18. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
19. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
20. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli 00/0214/LZ nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə lizinq obyektinin təvhil verildiyini bildirmişdir.
21. Belə olan halda lizinq müqaviləsi lizinq obyektinin geri alındığı xx.xx.2025-ci il tarixdən ləğv edilmiş hesab edilməli, “ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva etdiyindən nəticə olaraq lizinq müqaviləsinə həmin tarixdən xitam verilmiş hesab olunmalıdır.
22. Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
23. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
24. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
25. Məhkəmə aylıq lizinq ödənişinin 3777,18 manat olduğunu nəzərə alaraq təqdim edilən ödəniş cədvəlinə və hesabdan çıxarışa əsasən qeyd edir ki, lizinq müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi xx.xx.2025-ci il tarixə qədər ödənilməli lizinq ödənişlərinin cəmi 16327,17 (4 ay üçün lizinq ödənişi: 3777,18 * 4 + 03 yanvar 2025-ci il tarixdən 14 yanvar 2025-ci il tarixədək olan 10 gün üçün lizinq ödənişi: 3777,18 / 31 * 10) manat təşkil edir. Eyni zamanda işin müəyyən olunan halı odur ki, ümumilikdə 7720 manat ödəniş edilmişdir.
26. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli 00/0214/LZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməli lizinq ödənişlərinin cəmi 8607,17 (16327,17-7720) manat təşkil edir.
27. Digər tərəfdən, iddiaçı 1334,64 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
28. xx.xx.2024-cü il tarixli 00/0214/LZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 4.1.2-ci bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə, hər gecikdirilən gün üçün ödənilməmiş ümumi məbləğin 0,1% həcmində cərimə tələb etmək lizinq verənin hüququdur.
29. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
30. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
31. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
32. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə olsa da, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
33. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 430 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
34. Bununla yanaşı, iddiaçı yol hərəkəti qaydalarının pozulması nəticəsində yazılmış 540 manat cərimənin də tutulmasını tələb edir.
35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)
37. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
38. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən öhdəliyin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
39. Lakin mülki qanunvericliklə müəyyən edilmiş sübutetmə qaydasında görə müqavilə münasibətləri zamanı öhdəliyin pozulmasından irəli gələn zərərin ödənilməsi tələblərində təqsir prezumpsiya edilir, əksini borclunun sübutetməsi gözlənilir (“borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur”).
40. Bu səbəbdən hazırkı iş üzrə zərərin və zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin müəyyən olunması iş üzrə nəticəyə gəlinməsi üçün kifayətdir.
41. İş materiallarında olan çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək inzibati xətalar törədilmiş, həmin xətalara görə xx.xx.2024-cü il tarixli qərarla 20 manat, xx.xx.2024-cü il tarixli qərarla 20 manat, xx.xx.2024-cü il tarixli qərarla 20 manat, xx.xx.2024-cü il tarixli qərarla 20 manat, xx.xx.2024-cü il tarixli qərarla 40 manat, xx.xx.2024-cü il tarixli qərarla 20 manat, xx.xx.2024-cü il tarixli qərarla 20 manat, xx.xx.2024-cü il tarixli qərarla 20 manat, xx.xx.2024-cü il tarixli qərarla 20 manat, xx.xx.2024-cü il tarixli qərarla 20 manat, xx.xx.2024-cü il tarixli qərarla 20 manat, xx.xx.2024-cü il tarixli 20 manat, xx.xx.2024-cü il tarixli qərarla 20 manat, xx.xx.2024-cü il tarixli qərarla 20 manat, xx.xx.2025-ci il tarixli qərarla 10 manat, xx.xx.2025-ci il tarixli qərarla 20 manat, xx.xx.2025-ci il tarixli qərarla 20 manat inzibati cərimə tətbiq edilmişdir.
42. İddiaçı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli 3 qərara da istinad etmiş, lakin həmin qərarlar nəqliyyat vasitəsi cavabdehdən alındığı xx.xx.2025-ci il tarixdən sonra tərtib edilmiş, iddiaçı isə həmin protokolun nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu dövrdə baş vermiş inzibati xəta ilə bağlı tərtib edildiyinə dair hər hansı sübut təqdim etməmişdir.
43. İddiaçının təqdim etdiyi çıxarışlara əsasən nəqliyyat vasitəsi iddiaçının istifadəsində olan dövr üçün (xx.xx.2025-ci il tarixədək) tərtib edilmiş qərarlar üzrə inzibati cərimələr və dəbbə pulu daxil olmaqla ümumilikdə xx.xx.2025-ci il tarixdə 475,2 (32+32+32+32+64+32+32+32+31,4+31+18+18+18+25,8) manat məbləğində pulun ödənildiyi görünür.
44. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.
45. xx.xx.2024-cü il tarixli 00/0214/LZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 4.4.8-ci bəndinə əsasən, sahiblik və istifadəsində olduğu müddət ərzində lizinq obyektini əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması və lizinq obyektinin istifadəsi şəraitində yol verilmiş pozuntulara görə ödənilməli olan cərimələrin ödənilməsi (nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması, yol nəqliyyat hadisələri və s.) ilə bağlı məsuliyyət daşımaq lizinq alanın vəzifəsidir.
46. Məhkəmə qeyd edir ki, iddiaçı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə cavabdehdən geri aldığını təsdiq etdiyindən yalnız həmin tarixədək qeydə alınmış inzibati xətalar üçün cavabdeh məsuliyyət daşıyır. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati cərimələrin əvəzi olaraq iddiaçı tərəfindən ödənilmiş 475,2 manat pul cavabdehdən tutulmalıdır.
47. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, xx.xx.2024-cü il tarixli 00/0214/LZ nömrəli lizinq müqaviləsi üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 00/0214/LZ saylı daxili maliyyə lizinqi müqaviləsi xitam verilmiş hesab edilməli, həmin müqavilə üzrə 8607,17 manat əsas borc, 430 manat cərimə məbləği, 475,2 manat dəymiş zərərin əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
48. İddiaçı həmçinin hüquqi yardımla bağlı ödənilmiş 820 manat məbləğində pulun və 125 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
49. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən **********32 nömrəli mədaxil qəbzi əsasında 125 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
50. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşığı və icra qeydindən görünür ki, xx.xx.2025-ci tarixdə 820 manat məbləğində pulun EM-1383VK-4745/25 saylı müqavilə üzrə “Arbitrium” vəkil bürosunun hesabına köçürülməsi tapşırılmışdır (xx.xx.2025-ci il tarixli EM-1383VK-4745/25 nömrəli vəkil orderində göstərilən müqavilə).
51. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
53. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
54. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 820 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
55. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 820 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 113 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 00/0214/LZ saylı daxili maliyyə lizinqi müqaviləsi xitam verilmiş hesab edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 00/0214/LZ saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 8607,17 manat əsas borc, 430 manat cərimə məbləği, 475,2 manat dəymiş zərərin əvəzi olmaqla 9512,37 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 113 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 820 manat məbləğində pul Cavabdeh İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova