Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-312/2021 07.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , məhkəmə iclas katibi Kərimov İlkin Camal oğlunun katibliyi , ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X1, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) qarşı “ekspeditor və logistika xidmətlərinin dəyərinin ödənilməsi” tələbinə dair ilkin iddiası, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi olmaqla Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.12.2019-cu il tarixli, CF/002/12/2019 saylı “Nəqliyyat – Ekspedisiya xidməti" müqaviləsi əsasında iddiaçı "İddiaçı" MMC tərəfindən həyata keçirilmiş ekspeditor və logistika xidmətlərinə görə 3.135 (üç min bir yüz otuz beş) ABŞ dolları məbləğinin cavabdeh "Cavabdeh" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "İddiaçı" MMC- Ekspeditor ilə “Cavabdeh" MMC arasında 21.12.2019-cu il tarixli, CF/002/12/2019 saylı “Nəqliyyat – Ekspedisiya xidməti” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən cavabdehin yazılı sifarişinə əsasən Ekspeditor yüklərin qəbul edilməsi, toplanması, çeşidlənməsi, anbarda saxlanması, yüklənməsi, boşaldılması, saxlanca verilməsi, daşınması ilə bağlı xidmətlər göstərir. Həmin müqavilənin 2.9-cu bəndinə əsasən cavabdeh Ekspeditorun həyata keçirdiyi xidmətlərə görə vaxtında və düzgün qaydada ödəniş olunmasını təmin edir. Həmin müqavilə əsasında iddiaçı cavabdehin sifarişi üzrə Avstriya Respublikasından Azərbaycan Respublikası ərazisinə cavabdehin adından və onun hesabına ekspeditor və logistika xidmətləri göstərmişdir, lakin cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyini icra etməmiş, iddiaçı tərəfindən göstərilmiş ekspeditor və logistika xidmətlərinin dəyərini ödəməmişdir. Bu səbəbdən cavabdehə 07.09.2020-ci il tarixli pretenziya məktubu göndərilərək, pretenziya məktubunun alındığı gündən 3 (üç) gün ərzində 3.135 (üç min bir yüz otuz beş) ABŞ dolları məbləğində daşıma haqqının ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən həmin pretenziyaya cavab verilməmiş, yalnız şifahi surətdə bildirilmişdir ki, guya daşıma qüsurla həyata keçirildiyi üçün xidmət haqqı ödənilməyəcək. Cavabdehin həmin dəlili tamamilə əsassızdır, öhdəliyin icrasından birtərəfli qaydada imtina üçün heç bir əsas mövcud deyil. Belə ki, 24.02.2020-ci il tarixdə ümumilikdə 8 palet olmaqla, 2542.78 kq yük iddiaçı tərəfindən avtomobil nəqliyyatı ilə Avstriya Respublikasından Almaniya Federativ Respublikasına daşınmış, daha sonra 16.03.2020ci il tarixdə Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Qeyd edilməlidir ki, yük beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi əsasında eləcə də iddiaçı ilə cavabdeh arasında bağlanmış “Nəqliyyat – Ekspedisiya xidməti” müqaviləsi əsasında daşınmışdır. Azərbaycan Respublikasına çatdırılmış yük gömrük rəsmiləşdirilməsi üçün “İpəkyolu” Gömrük Postunun gömrük anbarına yerləşdirilmiş, cavabdeh şirkətin nümayəndəsinin də iştirakı ilə yük boşaldılmış, yük cavabdeh tərəfindən qəbul edilmiş və CMR gömrük möhürü ilə təsdiq edilmişdir. Yüklərin tamamilə boşaldılmasından sonra nə cavabdehin nümayəndəsi, nə də gömrük xidmətinin əməkdaşları tərəfindən heç bir irad bildirilməmiş, hər hansı qüsurun və ya çatışmazlığın olduğu qeyd edilməmişdir. Həmin hal həmçinin CMR-də də bu barədə heç bir qeydin olmaması ilə təsdiq edilir. Yükün cavabdehə təhvil verilməsindən 5 saat sonra cavabdeh tərəfindən iddiaçıya zəng edilərək şifahi şəkildə malların əskik çıxması və bu barədə “İpək Yolu GP-nin böyük inspektoru A.Balayev, cavabdeh şirkətin nümayəndəsi V.Ponomarenko və 6-cı anbarda yükün boşaldılmasında iştirak edən fəhlə M.Rəşad tərəfindən 13.03.2020-ci il tarixli Akt tərtib edilməsi bildirilmişdir. Həmin Aktda “Julius Meinl” nişanlı kofeinlə qovrulmuş qəhvədən 6 ədəd (6 kq), “Julius Meinl” nişanlı Decaf qovrulmuş qəhvədən 50 ədəd, “Julius Meinl”nişanlı Ristreto qovrulmuş qəhvədən 10 ədəd, Lungo Arabica 80 ədəd, “Julius Meinl” nişanlı şüşə qablardan 12 ədəd, “Julius Meinl” nişanlı farfordan mətbəx qablarında 12 ədəd, “Julius Meinl” nişanlı qəhvənin və digər içkilərin hazırlanması üçün qurğulardan 44 ədəd, “Julius Meinl” nişanlı isti içkilərin hazırlanması üçün cihazlardan 1 ədəd əskik olduğunun aşkar olunması qeyd edilmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi cavabdeh şirkətin nümayəndəsi daşıyıcıdan yükü qəbul edərkən yükün əskik çıxması barədə heç bir pretenziya bildirməmiş və bu barədə CMR-də hər hansı bir qeyd aparmamışdır. Bu da yükün cavabdeh tərəfindən salamat şəkildə təhvil alınmasının göstəricisidir. Fərz etsək ki, yük həqiqətən də əskik çıxmışdır, bu halda da məsuliyyətin daşıyıcının üzərinə qoyulması üçün heç bir əsas yoxdur. Belə ki, daşıyıcı yükü təhvil almazdan əvvəl yük yükgöndərən tərəfindən qutulara yığılaraq qablaşdırılmış, paletlərə qoyularaq sarğılanmış və daşıyıcıya təhvil verilmişdir. Qeyd edilməlidir ki, həmin sarğıların kobud müdaxilə olmadan açılması qeyri-mümkündür və belə müdaxilə əlamətləri də yük boşladılan zaman müşahidə olunmamışdır. Başqa sözlə desək, yük daşıyıcı tərəfindən yük göndərənin yükü ona təhvil verdiyi şəkildə daşınmış və həmin şəkildə yük alana- cavabdehə təhvil verilmişdir. Yükün əskik çıxmasına dair tərtib edilmiş Akta gəldikdə isə, qeyd edilməlidir ki, həmin Aktın birtərəfli qaydada tərtib edilməsi şübhə doğuran məqamdır. Belə ki, həmin Akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir, nədənsə cavabdeh yükün əskik çıxmasına dair Akt tərtib edilərkən iddiaçının çağrılmasına“ehtiyac duymamışdır”. Gömrük anbarında yüklərin boşaldılması prosesi kimi təqdimedilən videoyazıda isə sarğılarıaçılmış paletlərdən götürülən qutuların bəzilərinin guya, boş olduğu barədə şərhlər isə cavabdehin iradlarının təsdiqi kimi qəbul edilə bilməz. Belə ki, həmin videoda paletlərin sarğılarının açılması prosesi deyil, bundan sonrakı proseslər əks etdirilir. Digər tərəfdən, həmin videoda qutulardan bəzilərinin boş olması şifahi şəkildə bildirilsə də, uzun müddət avtomobil nəqliyyatı ilə daşıma zamanı içərisi yüklə dolu olan qutuların alt hissəsində içərisi boş olan qutuların əzilib yararsız hala düşməməsi də həmin iradın əsassız olduğunu təsdiq edir. Həmçinin məhkəmənin diqqətinə çatdırılır ki, cavabdeh tərəfindən video-çəkiliş yükün boşaldılmağa başlanmasından sonra aparılmışdır. Bu isə yüklərin əksik çıxması halının daşıyıcının təqsiri üzündən baş verməməsini təsdiq edən amil kimi qiymətləndirilməlidir. Əlavə olaraq bildirilir ki, yükgöndərən tərəfindən cavabdehə ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, 5 qutu istisna olmaqla, yük daşıyıcıya tam şəkildə təhvil verilmişdir. Həmin məktubdan da göründüyü kimi yükün bir hissəsinin yükgöndərənin təqsiri üzündən əksik gəlməsi yükgöndərənin özü tərəfindən təsdiq edilir. Eyni zamanda Cavabdeh MMC İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı" MMC-dən 3,602.24 avro məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq "Cavabdeh" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən 3,495.05 avro məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ekspeditor "İddiaçı" MMC ilə müştəri "Cavabdeh" MMC arasında bağlanmış 21.12.2019-cu il tarixli CF/002/12/2019 saylı nəqliyyat-ekspedisiya xidməti müqaviləsinə əsasən şirkət tərəfindən verilmiş sifariş əsasında cavabdeh tərəfindən göstərilmiş nəqliyyat-ekspedisiya xidməti ilə Avstriya Respublikasının "X8 GmbH" şirkətindən "Cavabdeh" MMC-nin ünvanına 11.03.2020-ci il tarixdə cəmi dəyəri 27,673.26 avro olan 13.02.2020-ci il tarixli 100246263/100246266/100252585 və 100246261/100259296 saylı invoyslarla 38YS960/38YS581 nömrəli avtomaşınlarda gələn və Bakı Baş Gömrük İdarəsində **********1046 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən yükə "İpəkyolu" gömrük postunda 16.03.2020-ci il tarixdə keçirilən baxış zamanı bəyan olunmuş mallardan "Julıus Meinl" nişanlı 6 ədəd kofeinlə qovrulmuş qəhvənin (Gusto Pieno), 50 ədəd Espresso Decaf qovrulmuş qəhvənin, 10 ədəd Ristretto İntenso qovrulmuş qəhvənin, 80 ədəd Lungo Arabicanm, 12 ədəd şüşə qabların, 12 ədəd farfordan mətbəx qablarının, 44 ədəd qəhvə və digər içkilərin hazırlanması üçün qurğuların (X4) və 1 ədəd isti içkilərin hazırlanması üçün cihazın (aparat Cafea Dr.Coffee), ümumilikdə 3.602,55 Avro məbləğində mal və avadanlığın əskik olduğu aşkar edilmişdir. Bununla bağlı olaraq cavabdehin nümayəndəsi ilə telefon əlaqəsi saxlanılaraq malların qablaşdırılmış qutulardan çıxarılması prosesində iştirak edilməsi xahiş edilsə də, qarşı tərəf bundan imtina etmişdir. Daha sonra gömrük postunun inspektorunun iştirakı ilə akt tərtib edilərək çatışmayan mallar müəyyən edilmişdir. Qeyd edilən halın araşdırılması məqsədilə malı göndərən xarici hüquqi şəxsə tərəfimizdən müraciət olundu. Müraciətə cavab olaraq 5 ədəd qutu istisna olmaqla, digər bütün malların göndərildiyi qeyd olunmuşdur. Bundan sonra gömrük orqanı tərəfindən yeni gömrük bəyannaməsi təsdiq edilmişdir. Həmin bəyannamədən görünür ki, aktda qeyd edilən mallar mövcud olmamaqla yanaşı, ilkin bəyan olunan malların çəkisi 1961 kq olduğu halda, yeni tərtib olunan bəyannamədəki malların çəkisi 1770 kq təşkil edir. Bu hal çatışmayan malların cavabdehin təqsirinə görə yoxa çıxması faktını aşkar edir. Belə olan halda hesab edir ki, cavabdeh müqavilə şərtləri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, müqaviləyə əsasən ekspeditor sifarişin həyata keçirildiyi zaman yüklərə dəyə bilə ziyanın, itkinin və məhv olmanın qarşısını almaq məqsədilə təhlükəsiz daşınmaya dair tələb olunan tədbirləri görməlidir (2.6-cı bənd). Yüklərin daşınması zamanı yükün qorunmasına görə məsuliyyət yükdaşıma sənədlərindəki qayda və şərtlərə əsasən yük daşıyanın üzərinə düşür (4.3-cü bənd). Tərəflər bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud səhlənkar yerinə yetirməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar (4.5-ci bənd). Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X2 qarşılıqlı iddiaya etiraz edərək izahatında bildirdi ki, ilkin iddia ərizəsində də qeyd edildiyi kimi, Azərbaycan Respublikasına çatdırılmış yük gömrük rəsmiləşdirilməsi üçün “İpəkyolu” Gömrük Postunun gömrük anbarına yerləşdirilmiş, cavabdeh şirkətin nümayəndəsinin də İştirakı ilə yük boşaldılmış, yük cavabdeh tərəfindən qəbul edilmiş və CMR gömrük möhürü ilə təsdiq edilmişdir. Yüklərin tamamilə boşaldılmasından sonra nə cavabdehin nümayəndəsi, nə də gömrük xidmətinin əməkdaşları tərəfindən heç bir irad bildirilməmiş, hər hansı qüsurun və ya çatışmazlığın olduğu qeyd edilməmişdir. Həmin hal həmçinin CMR-də də bu barədə heç bir qeydin olmaması ilə də təsdiq edilir. Cavabdeh şirkətin nümayəndəsi daşıyıcıdan yükü qəbul edərkən yükün əskik çıxması barədə heç bir pretenziva bildirməmiş və bu barədə CMR-də hər hansı bir qeyd aparmamışdır. Bu da yükün cavabdeh tərəfindən həm çəki həm də say üzrə salamat şəkildə təhvil alınmasının göstəricisidir.Cavabdeh yükün əskik gəlməsini belə əsaslandırmağa cəhd edir ki, yük boşaldılandan sonra daşıyıcının iştirakı olmadan paletlərin açılaraq, qutuların boşaldılması zamanı, guya, bəzi qutuların boş olması aşkar edilmişdir, bununla bağlı cavabdeh tərəfindən sadəcə telefon zəngi ilə yükün cavabdehə təhvil verilməsindən 5 saat sonra iddiaçıya şifahi şəkildə malların əskik çıxması barədə məlumat verilmişdir. Cavabdehin bu “dəlili” tamamilə əsassızdır və yükün əskik olmasını sübut edən hal kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, yük cavabdehə təhvil verilmiş, paletlərin xarici görünüşündə və müdaxilə əlamətləri olmamış, hər hansı itki və zərərin ümumi xüsusiyyətini göstərən irad yükü qəbul edən cavabdeh tərəfindən yeddi gün ərzində, həmçinin yazılı formada irəli sürülməmişdir. İddiaçı Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxsdir və onun ünvanı cavabdehə məlumdur, malların iddia edilən əskıliyi barədə yazılı səkildə, rəsmi qaydada iddiaçının hüquqi ünvanına göndərilə bilərdi. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən yükün cavabdehə çatdırılması və cavabdeh tərəfindən qəbul edilməsi faktı işin mübahisələndirilməyən halıdır.Gömrük anbarında yüklərin boşaldılması prosesi kimi təqdim edilən videoyazıya gəldikdə isə qeyd edir ki, həmin videoda paletlərin sarğılarının açılması prosesi deyil, bundan xeyli sonrakı proseslər əks etdirilir. Digər tərəfdən həmin videoda qutulardan bəzilərinin boş olması şifahi şəkildə bildirilsə də, uzun müddət avtomobil nəqliyyatı ilə daşıma zamanı içərisi yüklə dolu olan qutuların alt hissəsində içərisi boş olan qutuların əzilib deformasiyaya məruz qalmadığı da cavabdehin qarşılıqlı iddia tələbinin əsassız olduğunu təsdiq edir. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh tərəfindən video-çəkiliş yükün bilavasitə boşaldılmağa başlanması anından deyil, bundan xeyli sonra aparılmışdır. Bu isə yüklərin “əskik çıxması”nı və bunun “daşıyıcının təqsiri” üzündən baş verməyini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. Qeyd etdiklərinə əsaslanaraq ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsini, ilkin iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə üçüncü şəxsin nümayəndəsi X6 izahatında bildirdi ki, İddiaçı MMC-nin üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi olmaqla Cavabdeh MMC-yə qarşı “ekspeditor və logistika xidmətlərinin dəyərinin ödənilməsi” tələbi üzrə iddiasının mülki mübahisə ilə bağlı məhkəmə icraatı olduğu müəyyənləşdirildiyi üçün gömrük orqanı inzibati orqan olmaqla digər hüquqi şəxslər arasında olan mülki məhkəmə mübahisələrinə görə cavabdehlik daşımır. “İddiaçı" MMC-nin iddia ərizəsində qeyd etdiyi aktın bir tərəfli qaydada tərtib olunması ilə bağlı isə bildirdi ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 91-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında iştirak etməli şəxslərin dairəsi bəyannaməçi, mal sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri ilə məhdudlaşdırılmışdır. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, ilkin iddia tələbi aşağıda sadalanan əsaslara görə qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -"İddiaçı" MMC- Ekspeditor ilə “Cavabdeh" MMC arasında bağlanmış 21.12.2019-cu il tarixli, CF/002/12/2019 saylı“Nəqliyyat – Ekspedisiya xidməti" müqaviləsindən görünür ki, cavabdehin yazılı sifarişinə əsasən, Ekspeditor yüklərin qəbul edilməsi, toplanması, çeşidlənməsi, anbarda saxlanması, yüklənməsi, boşaldılması, saxlanca verilməsi, daşınması ilə bağlı xidmətlər-yəni həmin müqavilə əsasında iddiaçı cavabdehin sifarişi üzrə Avstriya Respublikasından Azərbaycan Respublikası ərazisinə cavabdehin adından və onun hesabına ekspeditor və logistika xidmətləri göstərmişdir. -Həmin müqavilənin 2.6-cı bəndinə əsasən, ekspeditor sifarişin həyata keçirildiyi zaman yüklərə dəyə biləcək ziyanın, itkinin və məhv olmanın qarşısını almaq məqsədilə təhlükəsiz daşınmaya dair tələb olunan tədbirləri görməlidir. -Həmin müqavilənin 2.9-cu bəndinə əsasən, cavabdeh Ekspeditorun həyata keçirdiyi xidmətlərə görə vaxtında və düzgün qaydada ödəniş olunmasını təmin edir. -Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, yüklərin daşınması zamanı yükün qorunmasına görə məsuliyyət yükdaşıma sənədlərindəki qayda və şərtlərə əsasən yük daşıyanın üzərinə düşür. -Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, Tərəflər bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud səhlənkar yerinə yetirməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. -“İpək Yolu” GP-nin böyük inspektoru A.Balayev, cavabdeh şirkətin nümayəndəsi V.Ponomarenko və 6-cı anbarda yükün boşaldılmasında iştirak edən fəhlə M.Rəşadın iştirakı ilə tərtib edilmiş 16.03.2020-ci il tarixli akta əsasən yükə baxış keçirilən zaman “Julius Meinl” nişanlı kofeinlə qovrulmuş qəhvədən 6 ədəd (6 kq), “Julius Meinl” nişanlı Decaf qovrulmuş qəhvədən 50 ədəd, “Julius Meinl”nişanlı Ristreto qovrulmuş qəhvədən 10 ədəd, Lungo Arabica 80 ədəd, “Julius Meinl” nişanlı şüşə qablardan 12 ədəd, “Julius Meinl” nişanlı farfordan mətbəx qablarında 12 ədəd, “Julius Meinl” nişanlı qəhvənin və digər içkilərin hazırlanması üçün qurğulardan 44 ədəd, “Julius Meinl” nişanlı isti içkilərin hazırlanması üçün cihazlardan 1 ədəd əksik olduğunun aşkar olunmuşdur. -X9 GmbH şirkətinın “Cavabdeh" MMC-yə ünvanladığı 30.04.2020-ci il tarixli məktubundan aydın olur ki, X9 GmbH şirkəti təsdiq edir ki, 84592 N C AP ESRESSO DECAF məhsulunun-5 kartonu xaricində 282464501, 282464491, 282464489, ********* nömrəli çatdırılma qeydlərindəki bütün mallar ekspeditor Globalsped GmbH şirkətinə tam miqdarda təhvil verilmişdir. -Lagermax yükdaşıma şirkətinin çatdırılma sənədindən aydın olur ki, 24.02.2020-ci il tarixdə ümumilikdə 8 palet olmaqla, 2542.78 kq yük iddiaçı tərəfindən avtomobil nəqliyyatı ilə Avstriya Respublikasından Almaniya Federativ Respublikasına daşınmış, daha sonra 16.03.2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. - Qısa idxal bəyannaməsindən görünür ki, Cavabdeh" MMC tərəfindən verilmiş sifariş cəmi dəyəri 27,673.26 avro olan 13.02.2020-ci il tarixli 100246263/100246266/100252585 və 100246261/100259296 saylı invoyslarla 38YS960/38YS581 nömrəli avtomaşınlarda gətirilmişdir. -Beynəlxalq yük sənədindən (CMR) aydın olur ki, mallar 21.02.2020-ci il tarixdə “Cavabdeh" MMC-yə təslim edilmiş 8 pal paketin xalis çəkisi 2734,783 kq təşkil etmişdir. -**********1046 nömrəli 11.03.2020-ci il tarixli Gömrük bəyannaməsindən görünür ki, ixracatçı X9 GmbH şirkəti, idxalatçı “Cavabdeh" MMC, Bəyannaməçi/təmsilçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi, maliyyə tənzimlənməsinə məsul şəxs “Cavabdeh" MMC, valyuta və malların ümumi invoys dəyəri 27673,26 manat, ümumi gömrük dəyəri 56197,72 manat olaraq göstərilmişdir. -**********1059 nömrəli 05.05.2020-ci il tarixli Gömrük bəyannaməsindən görünür ki, ixracatçı X9 GmbH şirkəti, idxalatçı “Cavabdeh" MMC, Bəyannaməçi/təmsilçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi, maliyyə tənzimlənməsinə məsul şəxs “Cavabdeh" MMC, valyuta və malların ümumi invoys dəyəri 24071,02 manat, ümumi gömrük dəyəri 47310,84 manat olaraq göstərilmişdir. -"İddiaçı" MMC tərəfindən cavabdehə göndərimiş 07.09.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı pretenziya məktubunun alındığı gündən 3 (üç) gün ərzində 3.135 (üç min bir yüz otuz beş) ABŞ dolları məbləğində daşıma haqqının ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1.-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icraedilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 850.1.-ci maddəsinə əsasən “Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən “Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və yaistifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.” Həmin Məcəllənin 855.1.-ci maddəsinə əsasən Yük göndərən yükün lazımınca qablaşdırılmasını təmin etməlidir.” Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “İddiaçı" MMC “Cavabdeh" MMC arasında bağlanmış 21.12.2019-cu il tarixli, CF/002/12/2019 saylı “Nəqliyyat – Ekspedisiya xidməti müqavilə ilə cavabdehin yazılı sifarişinə əsasən Ekspeditor yüklərin qəbul edilməsi, toplanması, çeşidlənməsi, anbarda saxlanması, yüklənməsi, boşaldılması, saxlanca verilməsi, daşınması ilə bağlı xidmətlər-yəni həmin müqavilə əsasında iddiaçı cavabdehin sifarişi üzrə Avstriya Respublikasından Azərbaycan Respublikası ərazisinə cavabdehin adından və onun hesabına ekspeditor və logistika xidmətləri göstərilməsi işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı iddiaçı tərəfindən daşınan malların əksik olmasıdır ki, bu hal məhkəmə araşdırması zamanı ilkin iddiaçının müqavilə üzrə üzərinə düşən öhdəliyi qüsurlu icra etməsi kimi müəyyən olunduğundan məhkəmə hesab edir ki, cavabdeh müqavilə şərtləri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, 21.12.2019-cu il tarixli, CF/002/12/2019 saylı “Nəqliyyat – Ekspedisiya xidmətimüqaviləsi əsasında iddiaçı "İddiaçı" MMC tərəfindən həyata keçirilmiş ekspeditor və logistika xidmətlərinə görə 1654 avro cavabdeh "Cavabdeh" MMC-dən iddiaçı "İddiaçı" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmədə işə baxılarkən qarşılıqlı iddia ərizəsi araşdırmış və bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı MMC-dən 3,495.05 avro məbləğində pul vəsaitinin tutulması barədə qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməli, tərtib edilmiş aktda qeyd edilən çatışmayan malların dəyəri qarşılıqlı iddia üzrə cavabdehdən 3,495.05 avro məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalıdır. İş üzrə digər məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh "xxxx" MMC-dən 21.12.2019-cu il tarixli, CF/002/12/2019 saylı “Nəqliyyat – Ekspedisiya xidməti" müqaviləsi əsasında iddiaçı "İddiaçı" MMC tərəfindən həyata keçirilmiş ekspeditor və logistika xidmətlərinə görə 1654 (min altı yüz əlli dörd) Avro məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh "İddiaçı" MMC-dən 3,495.05 avro (üç min altı yüz əlli dörd) məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "Cavabdeh" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-312/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-312/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver