Məhkəmə qərarları › İş №e-2-2(113)-3121/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3121/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3121/2021 16.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı Bakı Dövlət Sirkinin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bakı Dövlət Sirki Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Dövlət Sirkinə 18.02.2021-ci il tarixdən 29.03.2021-ci il tarixədək əsassız olaraq hesablanmış 476 manat məbləğində borcun silinməsini, 07 aprel 2021-ci il tarixindən 30 aprel 2021-ci il tarixədək hesablanmış 310,17 məbləğində manat borcun silinməsini və bu müddət üçün hesablanmış borcun qanunauyğun olaraq yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20 oktyabr 2020-ci il tarixində Bakı Dövlət Sirkinə məxsus ünvanda STV markalı 14001470 nömrəli sayğacın işləmədiyi məlum olmuşdur və həmin tarixdən etibarən Cavabdeh ASC-nin abonent haqqında məlumatların yerləşdirildiyi proqrama bu haqda məlumat daxil edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli e-2-2(113)-1057/2021 saylı qətnaməsi ilə Bakı Dövlət Sirkinin Cavabdeh ASC-yə qarşı borcun silinməsinə dair iddiası təmin edilmiş, 20.11.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədək 182,4 manat borc hissəsi saxlanılmaqla 1.289,6 manat məbləğində borc silinmişdir. 07 aprel 2021-ci il tarixdə Nəsimi rayon, Sukanal İdarəsinin əməkdaşları tərəfindən su sayğacının çıxarılaraq laborator yoxlamadan keçirilməsi haqqında protokol tərtib edilmişdir. Cavabdeh ASC-nin X4 İdarəsinin 01470/0074809 saylı rəyinə əsasən STV markalı su sayğacının təmirə və istismara yararsız olduğu müəyyən edilmişdir. Bakı Dövlət Sirki tərəfindən 28.01.2021-ci il tarixli, MXN26 saylı məktubu ilə, Cavabdeh ASC-yə Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “X3nın” 7.9-cu bəndinə əsasən, suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, su sayğacının çıxarıldığı gündən əvvəlki 12 ayda sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilməsini nəzərə almaq xahiş edilmişdir. Lakin 05.05.2021-ci il tarixində Bakı Dövlət Sirkinə ünvanlanmış elektron qaiməyə əsasən, əsassız olaraq 183 kub.m. sərfiyyat qeyd edilmiş və 310,17 manat məbləğində aprel ayı üçün borc hesablanmışdır. Halbuki, Bakı Kommersiya Məhkəməsinin 07.04.2021-ci il tarixli qətnaməsində qeyd edilir ki, məhkəmədə müəyyən olunmuşdur ki, abonent haqqında məlumata əsasən, sistemindən istifadəyə görə 2020-ci ilin aprel ayında 0, may ayında 56 manat, iyun ayında 132 manat, iyul ayında 102 manat, avqust ayında 100 manat, sentyabr ayında 66 manat, 20.10.2020-ci il tarixdən 18.02.2021-ci il tyarixə qədər 182,4 manat məbləğində borc hesablanmışdır. Göründüyü kimi, 2020-ci ilin aprel ayında 18.02.2021-ci il tarixə qədər su sərfiyyatı 638,4 manat təşkil edilmişdir. Qeyd edir ki, eyni vaxta 18.02.2021-ci il tarixdən 29 mart 2021-ci il tarixədək qanunsuz olaraq hesablanmış 476 manat indiyədək silinməmişdir. 12.08.2021-ci il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Bakı Dövlət Sirkinə 18.02.2021-ci il tarixdən 29.03.2021-ci il tarixədək əsassız olaraq hesablanmış 476 manat borcun silinməsini, 07 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək hesablanmış 310,17 manat, 1 may 2020-ci il tarixdən 31 may 2021-ci il tarixədək hesablanmış 280 manat, 01.06.2021-cii l tarixdən 30.06.2021-ci il tarixədək hesablanmış 476 manat, 01 iyul 2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək olan müddət üçün hesablanmış 354 manat borcun silinməsini və bu müddət üçün hesablanmış borcun qanunauyğun olaraq yenidən hesablanması haqqında müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, dəqiqləşdirilmiş iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -050060 kodu üzrə abonent haqqında məlumata əsasən müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən abonent Bakı Dövlət Sirkinə sudan və kanalizasiya sistemindən istifadəyə görə 2021-ci ilin mart ayında 476 manat, aprel ayında 366 manat, may ayında 280 manat, iyun ayında 476 manat, iyul ayında 354 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda həmin saldodan həmçinin görünür ki, Cavabdeh ASC tərəfindən abonentə sayğac göstəricilərinə əsasən hesablanmış borc 2020-ci ilin yanvar ayında 766 manat, mart ayında 1142 manat, aprel ayında 0, may ayında 56 manat, iyun ayında 132 manat, iyul ayında 102 manat, avqust ayında 100 manat, sentyabr ayında 66 manat məbləğində olmuşdur. -05.05.2021-ci il tarixli, 273444 saylı, EBBB seriyalı elektron qaiməyə əsasən müəyyən edilir ki, 2021-ci il aprel ayında abonentə çirkab və içməli suyun istifadəsinə görə ƏDV daxil 366,00 manat məbləğində borc hesablanmışdır. -03.06.2021-ci il tarixli, 695741 saylı, EBBC seriyalı elektron qaiməyə əsasən müəyyən edilir ki, 2021-ci il may ayına abonentə çirkab və içməli suyun istifadəsinə görə ƏDV daxil 280,00 manat məbləğində borc hesablanmışdır. -02.07.2021-ci il tarixli, 228089 saylı, EBBE seriyalı elektron qaiməyə əsasən müəyyən edilir ki, 2021-ci il iyun ayına abonentə çirkab və içməli suyun istifadəsinə görə ƏDV daxil 476,00 manat məbləğində borc hesablanmışdır. -02.08.2021-ci il tarixli, 764275 saylı, EBBF seriyalı elektron qaiməyə əsasən müəyyən edilir ki, 2021-ci il iyul ayına abonentə çirkab və içməli suyun istifadəsinə görə ƏDV daxil 354,00 manat məbləğində borc hesablanmışdır. Bakı Dövlət Sirki tərəfindən Cavabdeh ASC-yə 07.05.2021-ci il tarixli, 35 saylı pretenziya məktubundan müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən əsassız hesablanmış borcun 5 iş günü ərzində silinməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.04.2021-ci il tarixli e-2-2(113)-1057/2021 saylı qətnaməsi ilə iddiaçı Bakı Dövlət Sirkinin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ASC tərəfindən iddiaçı Bakı Dövlət Sirkinə 20.11.2020-ci il tarixdən 18.02.2021-ci il tarixədək olan müddət üçün sayğacın işləməməsi ilə bağlı hesablanmış 1.289,6 manat məbləğində borcun silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.07.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 07.04.2021-ci il tarixli e-2-2(113)-1057/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 20 oktyabr 2020-ci il tarixində Cavabdeh ASC-nin əməkdaşları tərəfindən Bakı Dövlət Sirkinə məxsus 14001470 nömrəli su sayğacının işlək vəziyyətdə olmaması aşkar olunmuş və bu barədə Cavabdeh ASC-nin abonent haqqında məlumatların yerləşdirildiyi proqrama məlumat daxil edilmişdir. Həmin tarixdən başlayaraq Cavabdeh ASC tərəfindən abonentin sərfiyyatı əvvəlki 12 aylıq dövrdə (2019-cu ilin oktyabr ayı-2020-ci ilin oktyabr ayı) istifadə etdiyi suyun orta aylıq sərfiyyatı əsas götürülməklə hesablanır. Bakı Komersiya Məhkəməsinin 07.04.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Bakı Dövlət Sirkinə 20.11.2020-ci il tarixdən 18.02.2021-ci il tarixədək olan müddət üçün sayğacın işləməməsi ilə bağlı hesablanmış borcun 1.289,6 manat hissəsi silinmişdir. Hazırda iddiaçı Bakı Dövlət Sirki 18.02.2021-ci il tarixdən 31.07.2021-ci il tarixədək olan dövr üçün su sayğacının işləməməsi ilə bağlı hesablanmış 1.896 manat məbləğində borcun silinməsini və həmin müddət üçün borcun yenidən hesablanmasını tələb edir. Məhkəmə hesab edir ki, Bakı Dövlət Sirkinin iddiası qismən təmin edilməlidir. Belə ki, işin mübahisəedilməyən hallarından da göründüyü kimi iddiaçı Bakı Dövlət Sirkinə məxsus su sayğacının işləməməsinin 20.10.2020-ci il tarixdə Cavabdeh ASC-yə məlum olmasına və iddiaçı tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən həmin sayğacın təmir olunması, dəyişdirilməsi, laboratoriyaya göndərilməsi ilə bağlı hər hansı bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262NQ-İİ qərarı ilə təsdiq edilmiş “X3”nın 6.10-ci bəndinə görə isə zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. Göründüyü kimi Cavabdeh ASC-nin “X3”nın 6.10-cu bəndində nəzərdə tutulmuş yuxarıda göstərilən vəzifəsini həmin qaydalarda müəyyən edilmiş müddətdə icra etməməsi nəticəsində iddiaçı Bakı Dövlət Sirkinə 20.10.2020-ci il tarixdən başlayaraq hal-hazıradək olan müddət ərzində “X3”nın 7.9-cu bəndinə əsasən əvvəlki 12 ayın orta aylıq su sərfiyyatına uyğun borc hesablanır. Halbuki Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin elan edilməsi ilə əlaqədar Bakı Dövlət Sirkinin 2020-ci ilin mart ayının ikinci yarısından başlayaraq fəaliyyət göstərməməsi hamıya bəlli olan haldır. İddiaçının orta aylıq su sərfiyyatının hesablanması üçün əsas götürülmüş müddətin (2019-cu ilin oktyabr ayı-2020-ci ilin oktyabr ayı) birinci 6 ayı isə Bakı Dövlət Sirkinin fəaliyyət göstərdiyi - koronavirus (COVİD-19) pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edilənədək olan dövrü əhatə edir ki, həmin dövrdə Bakı Dövlət Sirkinin orta su sərfiyyatı hal-hazırkı dövrdəki sərfiyyatdan dəfələrlə çox olmasını abunə haqqında məlumatdan da açıq-aşkar müşahidə etmək olar. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi Cavabdeh ASC tərəfindən 5 aydan artıq müddət ərzində işlək vəziyyətdə olmayan Bakı Dövlət Sirkinə məxsus su sayğacının təmir edilməsi(və ya dəyişdirilməsi) istiqamətində heç bir tədbir görülməməsi, nəticədə iddiaçıya sudan və kanalizasiya sistemindn istifadəyə görə borcun son 12 ay üçün orta aylıq su sərfiyyatına uyğun hesablandığı dövrün müddətinin süni surətdə uzadılması MM-in 425-ci maddəsində nəzərdə tutulmuş müqavilə üzrə hüquq və vəzifələrini həyata keçirərkən tərəflərin əməl etməli olduqları vicdanlı hərəkət etmək prinsipinin tələblərinə cavab vermir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, abonent saldosundan da göründüyü kimi 2020-ci ilin aprel ayından başlayaraq koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi nəticəsində iddiaçı Bakı Dövlət Sirkinin su sərfiyyatı əhəmiyyətli dərəcədə azalsa da, iddiaçı Cavabdeh ASC-nin göstərdiyi su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadə etməkdə davam etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli dövr üçün iddiaçı Bakı Dövlət Sirkinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edilməsinə görə ümumiyyətlə borcun hesablanmamasını ədalətli hesab etmir. Su sayğacının işləmədiyi mübahisəli dövr üçün borcun hesablanma qaydasına gəldikdə pandemiyadan əvvəlki və sonrakı dövrdəki iddiaçının su sərfiyyatı arasında kəskin fərqi nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya mübahisəli dövr üçün borc pandemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərinin tətbiq edildiyi dövrdə orta aylıq sərfiyyat əsas götürülməklə hesablanmalıdır. İddiaçıya su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edilməsinə görə 2021-ci ilin may ayında 56 manat, iyun ayında 132 manat, iyul ayında 102 manat, avqust ayında 100 manat, sentyabr ayında 66 manat borc hesablandığını nəzərə alsaq pandemiya dövründə iddiaçının orta aylıq su sərfiyyatı 87,30 manat (56+132+102+100+66+68/6) təşkil edir. Belə olan halda isə həmin göstərici əsas götürülməklə 18.02.2021-ci il tarixdən 31.07.2021-ci il tarixədək olan dövr üçün (5,5 ay) iddiaçıya hesablanmalı olan borc məbləği 480 manat təşkil edir (5,5x87,3). Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Bakı Dövlət Sirkinə 18.02.2021-ci il tarixdən 31.07.2021-ci il tarixədək olan dövr üçün 480 manat məbləğində borc hesablanmalı olduğundan həmin dövr üçün iddiaçıya hesablanmış qalan 1472 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən iddiaçı Bakı Dövlət Sirkinə 18.02.2021-ci il tarixdən 31.07.2021-ci il tarixədək olan müddət üçün hesablanmış 1472 (bir min dörd yüz yetmiş iki) manat məbləğində borc silinsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar