Məhkəmə qərarları › İş №e-2-2(113)-3121/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3121/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3121/2024 05.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 165.202,18 (yüz altmış beş min iki yüz iki manat 18 qəpik) əsas borcun, 134.804,98 (yüz otuz dörd min səkkiz yüz dörd manat 98 qəpik) cərimə pulunun və 590,01 manat (beş yüz doxsan manat 01 qəpik) ödənilmiş dövlət rüsumunun - cəmi 300.597,17 (üç yüz min beş yüz doxsan yeddi manat 17 qəpik) manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavaabdeh Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 24/2020 saylı alqı-satqı müqaviləyə əsasən İddiaçı tərəfindən istehsal olunmuş mebelləri satmağı və Cavabdeh isə aldığı malları qəbul edib qiymətini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Cavabdehnə 165.202,18 (yüz altmış beş min iki yüz iki manat 18 qəpik) manat dəyərində malların satılmasına baxmayaraq hazırkı tarixə həmin məbləğ indiyənədək ödənilməmiş qalmışdır. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinə əsasən satıcı tərəfindən ödənişin hər gecikdirilmiş iş günü üçün alıcıya müqavilənin dəyərinin 0.1 % cərimə tətbiq edilə bilər. Bu günkü tarixə Cavabdeh tərəfindən 165.202,18 (yüz altmış beş min iki yüz iki manat 18 qəpik) əsas borc və 134.804,98 (yüz otuz dörd min səkkiz yüz dörd manat 98 qəpik) ödənilməmiş cərimə pulu – cəmi 300.007,16 (üç yüz min yeddi manat 16 qəpik) borcu yaranmışdır. Lakin Cavabdeh tərəfındən müqavilə öhdəliklərinə əməl olunmayaraq 165.202,18 (yüz altmış beş min iki yüz iki manat 18 qəpik) əsas borc və 134.804,98 (yüz otuz dörd min səkkiz yüz dörd manat 98 qəpik) ödənilməmiş cərimə pulu – cəmi 300.007,16 (üç yüz min yeddi manat 16 qəpik) borc məbləği bugünkü tarixədək ödənilməmiş olaraq qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 24/2020 saylı müqavilə və müqaviləyə 01 saylı Əlavə imzalanmışdır.

9. Müqavilənin 1.1-ci bəndinə görə satıcı tərəfindən bu müqavilənin əlavələrdə göstərilən istehsal olunmuş mebelləri alıcıya satır və alıcı tərəfindən isə bu müqavilədə razılaşmış şərtlərinə uyğun həmin malları qəbul edib qiymətini ödəməyi öhdəsinə götürür.

10. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən ödəniş malın tam təhvil-təslimindən sonra (elektron qaimə faktura və təhvil-təslim aktı təqdim olunmaqla) 100% köçürmə yolu ilə həyata keçirilir.

11. Müqavilə və müqaviləyə 01 saylı Əlavə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

13. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

14. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBAW seriyalı, 596659 saylı, xx.xx.2021-ci il tarixli, dəyəri 165.202,18 manat olan elektron qaimə göndərilmişdir.

15. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etmədiklərini, malların alıcıya təhvil verilmədiyini, 165.000 manat dəyərində malların təhvili barədə e-qaimənin avtomatik olaraq sistem tərəfindən təsdiq olunduğunu, e-qaimədən cavabdehin xəbərinin olmadığını, xəbər alandan sonra iddiaçıya müraciət edib e-qaimənin ləğv edilməsini xahiş etdyini bildirmiş, iddianın rədd olunmasını xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdehin izahatına etiraz edərək borcun ödənilməsi tələb ediləndə cavabdehin nümayəndələrinin möhlət verilməsini, e-qaimənin ləğv edilməsini xahiş etdiklərini, borcu daha sonra ödəyəcəklərini qeyd etdiklərini bildirmişdir.

17. Məhkəmə qeyd edir ki, tərəfər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin və müqaviləyə 01 saylı əlavənin (qiymət razılaşma protokolu) bağlanması işin mübahisə olunmayan halıdır.

18. Bu xüsusda qeyd edilməlidir ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 01 saylı əlavəsinin (qiymət razılaşma protokolu) məzmununa nəzər yetirildikdə görünür ki, tərəflər 15 adda malın verilməsi ilə bağlı razılığa gəlmişlər.

19. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimənin də, məzmununa nəzər yetirildikdə görünür ki, qaimədə qeyd edilmiş 15 adda malar, müqaviləyə 01 saylı əlavədə qeyd edilmiş mallarla eynilik təşkil edir.

20. Bundan başqa da, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndindən görünür ki, tərəflər özləri malların təhvil-təslim edilməsi halını, elektron qaimə faktura üzərindən həyata keçirilməsi ilə bağlı razılığa gəlmişlər.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

22. Ona görə də, Məhkəmə hesab edir ki, 165.202,18 manat dəyərində olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh isə təhvil verilmiş malların dəyərini ödəməmişdir.

23. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsas borc üzrə 165,202,18 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır.

24. Məhkəmə dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

25. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 5.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən satıcı tərəfindən bu müqavilənin predmetinə uyğun olaraq ödənişin hər gecikdirilmiş iş günü üçün alıcıya müqavilə dəyərinin 0,1% cərimə tətbiq edilə bilər.

26. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

27. Hazırki işin hallarından görünür ki, cavabdehin 165.202,18 manat əsas borcuna münasibətdə 8.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

28. Bundan başqa, məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 463,20 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənməlidir.

29. Belə ki, iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzə əsasən 590,11 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

30. Həmçinin məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 463,20 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsində ödənməlidir.

31. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 165,202 (bir yüz altmış beş min iki yüz iki) manat, 18 (on səkkiz) qəpik, cərimə borcu üzrə 8.000 (səkkiz min) manat olmaqla, cəmi 173.202 (bir yüz yetmiş üç min iki yüz iki) manat, 18 (on səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 463 (dörd yüz altmış üç) manat, 20 (iyirmi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar