Məhkəmə qərarları › İş №e-2-2(113)-3121/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3121/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3121/2025 28.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən 1042,59 əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumu pul vəsaitinin tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23972 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 1042,59 (Bir min qırx iki) manat 59 qəpik məbləğində qalıq borcu qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 07665 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

8. Müqavilənin 2-ci bəndinə əsasən, satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimentdə malları alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür.

9. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən satıcı malları alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq malların təhvil-qəbul aktını 2 nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və aktın hər iki nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri alıcıya təqdim etməlidir.

10. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

11. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

12. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

13. İş materiallarından görünür ki, EBDS seriyalı, 590221 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 689,85 manat olan, EBDN seriyalı, 342747 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 247,37 manat olan, EBDO seriyalı, 695484 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 146,40 manat olan, EBDP seriyalı, 147303 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 120,35 manat olan elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.

14. Sadə riyazi hesablama ilə elektron qaimələrdəki məbləğlərin cəmi 1.203,97 manat təşkil edir.

15. Bundan başqa, iş materiallarında olan, hər iki tərəfin imzası ilə təsdiq olunmuş təhvil-təslim aktlarından da görünür ki, elektron qaimələrdə əks olunmuş miqdarda və adda mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir.

16. Hazırda iddiaçı tərəf cavabdeh tərəfindən təqdim olunmuş mallar üzrə müəyyən qədər ödəniş edildiyini bildirərək qalıq 1.042,59 manat məbləğində pulun tutulmasını xahiş edir.

17. İş materiallarına əlavə olunmuş maliyyə arayışından da görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2023-cü il tarixli 23972 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə olan qalıq borcu 1.042,59 manat təşkil edir.

18. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

19. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 1.042,59 manat borcun tələb edilməsi hissəsində əsaslıdır.

20. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 31 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

21. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 31 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, 23972 nömrəli alqı-satqı müqaviləsi üzrə 1.042 (bir min qırx iki) manat, 59 (əlli doqquz) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar